Azərbaycan xəbərləri
NİDA-çı gəncə 20 sutka verilib
NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov iyunun 22-də 20 sutka inzibati qaydada həbs olunub.
Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, E.Abbasova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq ) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib olunub. O, Sumqayıtda küçədə söyüş söyməkdə və polisin əmrinə tabe olmamaqda ittiham edilir.
Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə E.Abbasov bunu təkzib edib, bildirib ki, onu yaşadığı evin həyətində saxlayıblar.
Məhkəmə İXM-nin 510-cu maddəsi üzrə ittihama xitam versə, E.Abbasovu 535.1-ci maddə ilə təqsirli bilib və 20 sutka inzibati həbs cəzasına məhkum edib.
Gənc fəal saxlanıb
NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasov iyunun 21-də saxlanıb.
Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumatına görə, o, saat 22:00 radələrində anasına zəng vuraraq evə gəldiyini deyib və marketdən nə lazım olduğunu soruşub, amma nəticədə evə gəlməyib.
Daxili İşlər Nazirliyindən (DİN) "Turan"a bildirilib ki, E.Abbasov ictimai asayiş qaydalarını pozduğuna görə saxlanılıb, araşdırma aparılır.
NİDA-dan isə deyilib ki, fəalın həbsinin əsl səbəbi Gədəbəy hadisələrindən sonra onun polisi kəskin tənqid edən yazdığı statusdur: "Elmir polisi tənqid etdiyi üçün oğurlanıb və şərlənərək həbs edilib".
İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində etiraz aksiyası keçirilib. Kənd sakinləri deyir ki, ərazidə qızıl mədəninin fəaliyyəti nəticəsində zərərli su hövzəsi ekoloji problemlər yaradıb. Polis aksiyaya müdaxilə edib, bu zaman gözyaşardıcı qazdan istifadə olunub, saxlananlar var. Saxlananlardan beş nəfərinə inzibati həbs cəzası verilib. DİN isə aksiya iştirakçılarının polisə daş atdıqlarını açıqlayıb.
Bütün xəbərləri izləyin
Azərbaycanda vergi cinayətləri 50 faizdən çox artıb
2025-ci ildə Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 2 min 131 cinayət işi icraatda olub.
Bu barədə Dövlət Vergi Xidmətinin avqustun 11-də açıqladığı illik hesabatda bildirilir. Bu göstərici 2024-cü illə müqayisədə 53.9 faiz artıb.
Hesabat dövründə başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202.7 milyon manat təşkil edib. Həmin cinayət işləri üzrə dövlət büdcəsinə 156 milyon manat ödənilib.
Ötən il başlanmış cinayət işlərinin əksəriyyəti vergi, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma halları ilə bağlı olub.
İl ərzində yeddi şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Vergi borcu da artır
Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50.4 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin bugünlərdə yayılan illik hesabatında bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 741.6 milyon manat və yaxud 22.4 faiz çoxdur.
Son bir ildə isə ölkədə vergi borcları 556.7 milyon manat və yaxud 15.9 faiz artıb.
Müstəqil iqtisadçılar bütün bunları iqtisadi durğunluq və hökumətin yanlış vergi siyasəti ilə izah edirlər. Bu ildən bir sıra sahələrdə vergi və rüsumlar artırılıb. Eləcə də qeyri-dövlət sektorunda çalışanlar gəlir vergisinə cəlb edilib.
Ayxan İsrafilov da azadlığa çıxıb
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb.
A.İsrafilov 2023-cü ilin avqustunda saxlanmışdı. O, Cinayət Məcəlləsinin (CM) 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamı rədd edirdi.
Bir həftə öncə - avqustun 4-də təşkilatın digər üzvü, işçi hüquqları fəalı Elvin Mustafayev də 3 illik həbs cəzasını başa vuraraq azadlığa buraxılıb. O da özünə qarşı irəli sürülən narkotik ittihamını qurama hesab sayırdı.
"İşçi Masası" 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılmış müstəqil təşkilatdır. Təşkilat, əsasən, kuryerlərin və digər xidmət sektoru işçilərinin hüquqlarının müdafiəsi ilə məşğul olub. Onun bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda "İşçi Masası"nın sədri Afiyəddin Məmmədov və digər üzvü Möhyəddin Orucov hələ də həbsdədir.
A.Məmmədova CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib. Onun həbs müddətinin başa çatmasına təxminən 5 il qalır.
M.Orucovun cəza müddəti isə bu il başa çatmalıdır. 2023-cü il dekabrın 13-də saxlanılan fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri... hazırlama, istehsal etmə, əldə etmə,...) maddəsi ilə ittiham irəli sürülüb. Ötən il fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Orucova 3 il hökm oxunmuşdu.
Onlar da ittihamları qurama, siyasi sayırlar. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı dəyərləndirmələri qəti təkzib edirlər.
Azərbaycanda buğda istehsalı azalıb
Azərbaycanda buğda istehsalı azalmaqda davam edir. Bu barədə bu gün, avqustun 11-də Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilib.
2026-cı il avqustun 3-nə olan məlumata görə, payızlıq-yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994.9 min hektar sahənin 925.1 min hektarı, yəni 93 faizi biçilib. Sahələrdən 3 milyon 131.9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33.9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534.8 min tonu (49 faizi) buğdanın, 1 milyon 561.2 min tonu (49.9 faizi) arpanın payına düşüb.
Ötən ilin eyni dövrü (5 avqust 2025-ci il) ilə müqayisədə ümumi məhsul yığımı 6.2 faiz, o cümlədən arpa istehsalı 15.9 faiz çox, buğda istehsalı isə 2.1 faiz azdır.
"Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420.7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur. Hər hektardan məhsuldarlıq isə 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib", - DSK izah edib.
DSK-nın əvvəlki məlumatlarına nəzər yetirilsə, bəlli olar ki, son illər ölkədə buğda istehsalında davamlı azalma var. Məsələn, ötən il bu azalmanın 4.5 faiz olduğu bildirilir.
Ekspertlər bunu ölkədə taxılçılığın durumunun pisləşməsi, xüsusilə də inhisarçılığın yaranması ilə izah edirlər. Amma rəsmilər vurğulayır ki, kənd təsərrüfatına Azərbaycanda subsidiyalarla dövlətin ciddi dəstəyi var.
Azərbaycan özünü tam ərzaq buğdası ilə təmin edə bilmir.
Zamin Salayev azadlığa çıxıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin (Əlizamin) Salayev 3 il 6 aydan sonra azadlığa çıxıb. Bu barədə siyasi fəallar sosial şəbəkədə paylaşım ediblər.
Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin il fevralın 7-də saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. AXCP fəalı ittihamı qəbul etmirdi.
Xatırlatma
AXCP-nin Salyan şöbəsinin sədri Salayev bundan əvvəl — 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə həbs cəzası almışdı. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovla mübahisəsinin videosunu paylaşmışdı. Həmin videoda AXCP üzvü polis əməkdaşını rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayımlandıqdan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb etmişdi.
Videoda adı çəkilən qadın isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün bu addımı atdığını bildirsə də, polis əməkdaşı onun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.
Salayev 2022-ci il yanvarın 19-da — Amnistiya Aktı ilə əlaqədar cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmışdı.
Daha bir AXCP fəalının saxlandığı bildirilir
AXCP daha bir fəalının saxlandığını bildirib. Partiyanın Tovuz rayon şöbəsinin fəalı Elmar Piriyevin 10 sutka müddətinə inzibati qaydada həbs edildiyi açıqlanıb.
Bundan əvvəl E.Piriyevin iyulun 27-də Tovuz rayon polis şöbəsinə çağrıldığı və yaxınlarının onunla əlaqə saxlaya bilmədiyi xəbəri yayılmışdı.
E.Piriyevin Tovuz rayonunda əvvəllər də siyasi fəaliyyətinə görə inzibati qaydada həbs olunduğu bildirilir.
+++
23 iyul
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) daha bir üzvünün saxlandığını bildirir.
Partiyanın yaydığı məlumata görə, Xətai rayon Şöbəsinin üzvü Kənan İsmayılı polis əməkdaşları saxlayaraq Nizami rayon Məhkəməsinə aparıb.
"Məhkəmənin qərarı ilə Kənan İsmayıl polisə müqavimət göstərmə və polisin qanuni tələbinə tabe olmama ittihamı əsasında 30 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib", – AXCP bildirir.
K.İsmayılın bu ittihamlara münasibəti hələlik açıqlanmayıb.
AzadlıqRadiosu ittihamlarla bağlı əlavə informasiya əldə edə bilməyib.
AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 15-dən çox üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.
Mərkəzi Bank illik inflyasiya proqnozlarını yenə artırıb
Azərbaycanda 2026-cı ildə illik inflyasiyanın 6.1 faiz, 2027-ci ildə isə 5.8 faiz olacağı gözlənilir.
Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bundan əvvəl qurum illik inflyasiyanın, müvafiq olaraq, 5.9 faiz və 4.5 faiz səviyyəsində olacağını bəyan etmişdi.
"İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyununda 12 aylıq inflyasiya 5.8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.1 faiz, ödənişli xidmətlər üzrə 5.6 faiz, qeyri-qida məhsulları üzrə isə 3.8 faiz olub. İllik baza inflyasiya 5.5 faiz təşkil edib", – açıqlamada deyilir.
İllik inflyasiyanın 2027-ci ilin ikinci yarısından hədəf diapazonuna qayıdacağı gözlənilir.
AMB-yə görə, qlobal geosiyasi gərginlik fonunda enerji və ərzaq qiymətlərinin artması səbəbindən Azərbaycana inflyasiya idxalı riski yüksəkdir.
AMB sədri Taleh Kazımov bu həftə bildirib ki, Azərbaycanda inflyasiya əsasən idxal xarakterlidir və son dörd ildə inflyasiyaya artırıcı təsir göstərən əsas faktor məhz təklif amili olub: "Təklif amillərinə baxdıqda, burada iki əsas kanal var. Birincisi, idxal edilən mal və xidmətlərin qiymətidir, yəni ticarət tərəfdaşlarımızda olan inflyasiya daxili bazara ötürülür. İkincisi isə yerli istehsalçıların xərc amillərinin artmasıdır. Bura dövlət tərəfindən tənzimlənən xidmətlər — məsələn, elektrik enerjisi, təbii qaz, su və yanacaq qiymətləri daxildir".
Müstəqil iqtisadçılar isə ölkədə real inflyasiyanın ikirəqəmli səviyyəyə çatdığını iddia edirlər. Ekspertlər qiymət artımının yalnız xarici amillərlə əsaslandırılması ilə razılaşmır, daxili xərc və təklif faktorlarına diqqət çəkirlər.
Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı repatriasiya olunub
İyulun 18 və 19-da Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub. Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.
Qurum bildirir ki, xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib, repatriantlara ilkin tibbi və psixoloji müayinə göstərilib.
Onlar Azərbaycana qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.
XİN bildirir ki, hökumət xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirləri görməyə davam edəcək.
2025-ci il daxil olmaqla son illər İraq və Suriyadan 473-ü uşaq və 64-ü qadın olmaqla 537 nəfərin repatriasiyası həyata keçirilib. Bunu XİN 2025-ci il üzrə mətbuat üçün buraxılışında qeyd edir.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. 2024-cü ilin sonunda Bəşər Əsədin devrilməsi ilə həmin ölkədə vəziyyət nisbətən sabitləşib.
Azərbaycanda istehlakçıların tibbi xərcləri 25 faiz artıb
Son bir ildə Azərbaycanda istehlakçıların əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 24,9 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, iyulun 16-da yaydığı məlumatda bildirilir.
DSK vurğulayır ki, 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
Azərbaycanda tez-tez dərmanların qiymətlərindən şikayətlər eşidilir. Şikayətlərdə həm bir çox dərmanların keyfiyyətsiz olduğu, həm də qonşu ölkələrlə müqayisədə kəskin baha olduğu deyilir.
Azərbaycanda dərman qiymətlərini dövlət tənzimləyir. Rəsmilər ölkədə dərmanların qiymətinin baha olması ilə bağlı şikayətlərə münasibət bildirmirlər.
Azərbaycan senayesində sıfıra yaxın artım
Bu ilin ilk yarısında Azərbaycan sənayesində sıfıra yaxın artım baş verib.
Dövlət Statistika Komitəsinin (DSK) iyulun 15-də yaydığı məlumata görə, sənaye sektorunda 2026-cı ilin yanvar-iyun aylarında 33,1 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,1 faiz çox sənaye məhsulu istehsal edilib.
Artımın əsasən emal sənayesində baş verdiyi qeyd edilir:
“Daha çox artım avtomobil, qoşqu, yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%),… sahələrində olub”.
Son 1 ayda isə ölkə sənayesində cüzi artım tempində belə azalma olub. DSK 2026-cı ilin yanvar-may aylarında 27,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsalI baş verdiyini açıqlamışdı.
DSK bu ilin ilk yarsında Ümumi Daxili Məhsul (ÜDM) istehsalının isə 0.8 faiz artdığını açıqlamışdı.
Müstəqil iqtisadçılar hesab edirlər ki, ölkə itisadiyyatında böyümə digər region ölkələri ilə müqayisədə çox ləng gedir.
14 iyul
DSK: Azərbaycanda ərzaq 6.7 faiz bahalaşıb, işləyənlər azalıb
2026-cı ilin 6 ayında ötən ilin analoji dövrünə nisbətən Azərbaycanda inflyasiya 5,7 faiz təşkil edib. O, cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,7 faiz, qeyri-qida məhsulları 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5,7 faiz bahalaşıb.
Bu barədə bu gün, iyulun 14-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Amma müstəqil iqtisadçılar bu rəqəmə bir qədər şübhə ilə baxırlar. Onların iddiasına görə, əslində Azərbaycanda inflyasiya ikirəqəmli olub.
Azərbaycan Mərkəzi Bankı (MB) mayda bildirmişdi ki, bu il ölkədə 5,9 faiz inflyasiya proqnozlaşdırır.
Ondan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz olacağını bəyan etmişdi.
İşləyənlərin sayı 18 minə yaxın azalıb
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, ölkədə rəsmi işləyənlərin sayı isə azalır. Qurumun açıqlamasına görə, bu il iyunun 1-də ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790 min 600 nəfər olub. Onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
DSK-nın statistikasına görə, rəsmi işləyənlərin sayı ondan 1 ay əvvəllə müqayisədə 2, ilin əvvəlinə nisbətdə isə 18 minə yaxın azalıb.
Azalma daha çox qeyri dövlət sektorunda baş verib.
Rəsmilər, hələlik, bunun səbəbini açıqlamayıblar. Amma bu ilin əvvəlindən Azərbaycanda qeyri özəl sektor gəlir vergisinə cəlb edilib.
Azərbaycanda narkotikə görə tutulanların sayı artır
2026-cı ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda narkotiklə bağlı aşkarlanan cinayət faktları azalsa da həm tutulanların sayının, həm də müsadirə edilən maddələrin həcminin artdığı bildirilir. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilir.
Qurum vurğulayır ki, hesabat dövründə bu sahədə ümumilikdə 4 min 434 cinayət faktı aşkarlanıb: “Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub”.
Qurum əlavə edir ki, ümumilikdə 5 ton 497 kq 378,1 qram narkotik vasitələr və psixotrop maddələr (dəyəri 166 milyon AZN kimi qiymətləndirilir) dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 848 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İşçi qrup bundan əvvəl isə bəyan etmişdi ki, ötən ilin ilk yarısında ümumilikdə 4 min 675 cinayət faktı aşkarlanıb. Aşkarlanmış faktlar üzrə dövriyyədən ümumilikdə 4 ton 290 kq 046,798 qram narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 838 nəfər cəlb edilib.
Son illər Azərbaycanda narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olanların sayının artdığı da bildirilir. Amma ekspertlər deyir ki, həmin rəqəmlər gerçək vəziyyəti tam əhatə etmir. Onların fikrincə, bir çox istifadəçilər heç qeydiyyata düşmür. Həmin ekspertlərin iddiasına görə, narkotiklərlə bağlı məsuliyyətə cəlb edilənlərin bir çoxu işsiz şəxslərdir.
Neft 70 faiz bahalaşsa da, ÜDM artımı cəmi 0.8 faiz olub
2026-cı ilin ilk yarısında Azərbaycanda 65.2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsinin (DSK) bu gün, iyulun 10-da açıqladığı rəqəmlərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çoxdur.
Son bir ildə neft-qaz ÜDM-i 0.7 faiz azalaraq 19.61 milyard manata düşüb, qeyri-neft-qaz ÜDM-i isə 1.5 faiz artaraq 55.59 milyard manata yüksəlib.
Müstəqil iqtisadçılar bu artımı cüzi sayırlar; onlar vurğulayırlar ki, Azərbaycan ÜDM-in artım tempinə görə əksər region ölkələrindən geridə qalır.
Ötən ay DSK bu ilin ilk beş ayında iqtisadi artımın sıfır olduğunu açıqlamışdı. Rəsmilər bu durğunluğa səbəb kimi dövlət layihələrinin gecikməsini və tikinti sektorundakı kəskin azalmanı göstərirdilər. Müstəqil iqtisadçılar isə vurğulayırdılar ki, Yaxın Şərqdə gərginliyin artması fonunda bu ilin ilk rübündə neftin qiyməti 70 faiz civarında artıb.
Müstəqil iqtisadçıların fikrincə, vergi, rüsum və cərimələr artdıqda biznes investisiya qoymur, vətəndaşlar daha az xərcləyir. Nəticədə iqtisadiyyat zəifləyir, büdcə gəlirləri isə istənilən səviyyədə artmır.
Yaxınları: Bəhruz Səmədovun gözləri xeyli zəifləyib
Həbsdə olan politoloq Bəhruz Səmədovun gözlərinin zəiflədiyi bildirilir.
Bu barədə Səmədovla görüşən vəkilinə istinadən onun yaxınları məlumat yayıb.
Onların vurğulamasına görə, qapalı yerdə saxlanılması politoloqun səhhətinə pis təsir edir və bu səbəbdən gözləri xeyli zəifləyib.
Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Son vaxtlar həbsdə olan bir çox ictimai fəal və jurnalistin səhhətinin pisləşməsinə dair tez-tez açıqlamalar eşidilir. Onlar iddia edirlər ki, Penitensiar Xidmətin müəssisələrində lazımi müayinə və müalicə imkanları yoxdur.
Hərçənd cavabdeh rəsmi qurumlar bu cür dəyərləndirmələrlə razılaşmırlar.
Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət ittihamı əsasında 15 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
B.Səmədov isə özünə qarşı irəli sürülən ittihamları tamamilə rədd edərək, dövlətlər arasında müharibəyə və bunun nəticəsində dinc insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.
Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən gərginlikdən sonra tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Həmin sənəddə tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları əks olunub. Artıq tərəflər arasında yükdaşımalar da bərpa edilib.
Yaxınları: Sahib Məmmədzadə karsa salınıb, aclıq aksiyası keçirir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı və buna etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.
Yaxınlarının iyulun 9-da verdiyi məlumata görə, fəal artıq dörd gündür aclığı davam etdirir. Onun məhkumların gündəlik düzülüşünə corabsız çıxdığı əsası ilə cəzalandırıldığı iddia olunur.
Məsələ ilə bağlı 10 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Bununla belə, Penitensiar Xidmət bir qayda olaraq bildirir ki, qurumun tabeliyindəki müəssisələrdə bütün məhkumlarla tam qanun çərçivəsində davranılır.
S.Məmmədzadə 2024-cü il martın 18-də bacısı ilə birlikdə yük maşınında mal-qaranı yaylağa apararkən saxlanılıb. Rəsmi ittihama görə, onun üzərindən 23 qram narkotik vasitə aşkarlanıb və faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. İttihamı rədd edən AXCP funksioneri isə məhkəmədəki ifadəsində bu cinayət işini "tamaşa" adlandırıb. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2024-cü il dekabrın 10-da S.Məmmədzadəni 6 il 6 ay müddətinə azadlıqdan məhrum etsə də, 2025-ci ilin martında apellyasiya instansiyası cəzanı 3 il 6 aya endirib.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati və cinayət qaydasında həbs edilir. Hazırda partiyanın 20-yə yaxın fəalı, o cümlədən AXCP sədri Əli Kərimli uzunmüddətli həbsdədir. Həmin şəxslər fərqli ittihamlarla üzləşsələr də, partiya rəhbərliyi həbslərin sırf siyasi sifariş daşıdığını bəyan edir.
Hüquq müdafiəçilərinin son hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 328 siyasi məhbus var. Rəsmi Bakı isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması barədə iddiaları rədd edir və həmin şəxslərin sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunduqlarını vurğulayır.
Müəllimlər üçün də tələblər gəlir — istədikləri kimi geyinə bilməyəcəklər
Müəllimlərin məktəb geyimi ilə bağlı tələblər qoyulacaq. Bu qərar Milli Məclisin bu gün — iyulun 7-də keçirilən iclasında "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət məktəblərində müəllimlərin geyim qaydalarını müvafiq icra qurumu müəyyən edəcək.
Hazırda dövlət məktəblərində yalnız şagirdlər üçün vahid geyim forması məcburidir. Yeni qaydaya əsasən, uşaqların məktəbli forması geyinməsinə nəzarət etmək valideynlərin üzərinə vəzifə olaraq qoyulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
Xatırlatma
Ölkədə vahid məktəbli forması ilk dəfə 2011-ci ildə tətbiq olunub. İndiki məcburi vahid geyim qaydasına keçid isə 2022-ci ildən başlayıb və 2023-2024-cü tədris ilindən tam reallaşıb.
Ötən müddətdə bəzi illərdə məktəbli formalarının vaxtında tapılmaması tez-tez şikayətlərə yol açıb. Vətəndaşlar isə əsasən qiymətlərin yüksək olmasından gileylənirlər.
Ekspertlər hesab edirlər ki, hökumət təhsilin yalnız formal tərəfinə deyil, həm də məzmununa diqqəti artırmalıdır.
Əsgər infarktdan ölüb?
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər P.E.-nin kəskin miokard infarktından öldüyü bildirilir
Bu barədə ölkənin yerli saytları bu gün, iyulun 3-də Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıblar.
Rəsmi açıqlamaya hələlik əsgərin valideynlərinin münasibətini öyrənmək mümkün olmayıb.
Azərbaycanda bundan əvvəl də ürək qüsuru olan gənclərin hərbi xidmətə çağırılması ilə bağlı şikayətlər səslənib. Amma Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu cür şikayətləri, bir qayda olaraq, əsassız sayır.
2023-cü ilin sonundan etibarən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlılıq dərəcəsinin müəyyənləşdirilməsi qaydası dəyişib. 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlılıq məsələsində əsas söz sahibi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdindəki tibb komissiyaları idi, amma o dövrdə də oxşar şikayətlərə rast gəlinirdi.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2026-cı ildə ( 3 iyuladək) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ölən hərbi qulluqçuların sayı 28-ə çatıb. İnstitutun hesabatına əsasən, vəfat edənlərin 17-i Müdafiə Nazirliyinin, 7-si Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Prezidentin Təhlükəsizlik Xidmətinin, 1-i Fövqəladə Hallar Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarıdır.
Onların dinc dövrdə müxtəlif səbəblərdən vəfat etdiyi bildirilir. Amma rəsmi qurumlar bu rəqəmi təsdiqləməyib.
AXCP fəalına 2 il həbs cəzası verilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı, ikinci qrup əlil Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib.
AXCP-dən verilən məlumata görə, Qarabağ müharibəsi veteranı olan fəal barəsində bu qərar iyunun 30-da İmişli rayon Məhkəməsində çıxarılıb.
4 may
Həbsdəki Xalq Cəbhəsi fəalına dərmanların çatdırılmadığı deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin hazırda həbsdə olan fəalı, ikinci qrup əlil Vüqar Qədirlinin ona lazım olan dərmanların verilməməsi səbəbindən aclıq aksiyasına başladığı bildirilir.
Bu barədə mayın 5-də onun mənsub olduğu AXCP-dən məlumat yayılıb. Məlumatda vurğulanır ki, o, Lənkəran Penitensiar Kompleksində saxlanılır. "Vüqar Qədirli Qarabağ müharibəsində başından ciddi xəsarət alıb. Başında hələ də çıxarılmayan qəlpələr var. Bu da ona dözülməz ağrılar verir. Artıq iki aya yaxındır ki, Lənkəran Penitensiar Kompleksi Vüqar Qədirlinin evindən gətirilən dərmanları qəbul etmir. Bu barədə Vüqar Qədirlinin ailəsi Ombudsman Aparatına məlumat versə də, heç bir nəticə yoxdur. Dərmanların verilməməsi Vüqar Qədirliyə həyatı təhlükəsi yaradır", –partiyadan iddia edilib.
Lakin aksiyaya nə vaxt başlanıldığı açıqlanmayıb.
Bu məlumata münasibət almaq üçün Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edilsə də, cavab alına bilməyib.
V.Qədirlinin yaxınları martın sonunda da oxşar şikayəti ictimaiyyətə açıqlamışdılar.
V.Qədirli ötən il dekabrın 12-də İmişli rayonunda saxlanılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.