Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Həbsdəki fəaldan 10 gündür xəbər yoxdur: 'Ona qarşı təxribat ola bilər'

Nicat İbrahim
Nicat İbrahim

Həbsdə olan ictimai fəal Nicat İbrahimin saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində cəzalandırıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən həyat yoldaşı Pərvin İbrahimovanın dediyinə görə, xeyli vaxtdır ki, onu cəza kamerasına (kars) salıblar. Cəzalandırılmasının səbəbi isə ailəsinə məlum deyil.

"10 gündür ki, Nicat İbrahim ailəsinə zəng etmir. Bundan narahat olduq. Ola bilməz ki, o, zəng hüququndan istifadə etməsin, bu qədər müddətdə bizimlə əlaqə saxlamasın. İyunun 16-da vəkil araşdırıb öyrəndi ki, onu karsa salıblar, telefon zənglərinə də qadağa qoyublar. Niyə cəzalandırıldığını isə deməyiblər", –P.İbrahimova bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı son vaxtlar narahat idi, cəzaçəkmə müəssisəsində öyrədilmiş adamlar olduğunu, hər an ona qarşı təxribat baş verə biləcəyini deyirdi: "Son telefon danışıqlarının birində kimsə gəlib müdaxilə etmişdi, Nicat danışığı yarımçıq dayandırmalı olmuşdu. Narahatıq ki, ona qarşı təxribat baş verə bilər. Bir çox ictimai-siyasi fəallar kimi, onu da nahaqdan cəzalandırıb rejimini dəyişərlər".

N.İbrahimin cəzalandırıldığını vəkili Zibeydə Sadıqova da təsdiqləyib. Vəkil AzadlıqRadiosuna bildirib ki, müvəkkilinin durumu ilə əlaqədar həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına rəsmi şəkildə müraciət edib.

İctimai fəalın həbsdə cəzalandırılması barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna verilən əvvəlki açıqlamalarda bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan bütün şəxslərin qanunda nəzərdə tutulan hüquqları tam təmin olunur.

Xatırlatma

N.İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda ittiham olunan ictimai fəal Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. Vəkil Ali Məhkəməyə şikayət versə də, hələ ki, onun işinə baxılmayıb.

İctimai fəal həmin adamı ümumiyyətlə tanımadığını, dayandığı yerdə onun hücumuna məruz qaldığını, bu şəxsin özünü yerə yıxıb qışqırdığını və dərhal polislərin gəldiyini deyir.

N.İbrahim həbsindən bir həftə öncə ailəsi ilə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmadıqdan sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.

İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi. O, bir neçə il öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, "Yoldaş Media"nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var.

XS
SM
MD
LG