Həbsdə olan ictimai fəal Nicat İbrahimin 26 gündür cərimə kamerasında (kars) saxlandığı bildirilir. AzadlıqRadiosuna bu bilgini onun həyat yoldaşı Pərvin İbrahimova verib. Son dəfə iyunun 6-da əriylə əlaqə saxladığını söyləyən P.İbrahimova ovaxtdan bəri onun nə yaxınlarıyla görüşə bildiyini, nə də telefonla danışdığını bildirib: "Bu qədər müddətdə ondan xəbər ala bilmədiyimizə görə onun sağ olub-olmamasıyla bağlı şübhələr yarandı. Düşündük ki, ya komadadır, ya başına bir iş gəlib ki, ondan bir xəbər yoxdur. Çünki Penitensiar Xidmət, Ombudsman Aparatı – hara mümkündürsə, əlaqə saxlamışdıq, nəticə olmadı".
Ailənin narahatlığı vəkili iyulun 1-də gedib 10 saylı Cəzaçəkmə Müəssisəsində N.İbrahimlə görüşəndən sonra nisbətən azalıb. Həyat yoldaşı deyir ki, ən azı, N.İbrahimin salamat olduğuna əminlik yaranıb. Bununla belə, onun özüylə telefonla danışmaq istəsələr də, hələlik buna imkan yaradılmayıb: "Nicatın iki dəfə şərlənib həbs olunduğunu nəzərə alaraq, hər cür arzuolunmaz variantlar gözləyirik. Özü ilə danışıb səsini eşitsək, rahatlıq tapardıq. Bir adamı 26 gün karsda saxlamaq nə deməkdir? Onun durumunu təsəvvür edəndə dəhşətə gəlirəm".
Vəkil Zibeydə Sadıqova da müvəkkilinin uzun müddətdir cərimə kamerasında olduğunu AzadlıqRadiosuna təsdiqləyib. Müdafiəçi deyib ki, N.İbrahimin daha nə qədər orada saxlanılacağı bilinmir: "Cəzaçəkmə müəssisəsinin rəhbərliyindən xahiş etdim ki, Nicat İbrahimin ailəsiylə əlaqə saxlamasına şərait yaradılsın".
İctimai fəalın həbsdə cəzalandırılması barədə deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna əvvəlki açıqlamalarda bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunda nəzərdə tutulan bütün hüquqları təmin edilir.
Xatırlatma
Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda suçlanan ictimai fəal 6 il 6 ay azadlıqdan məhrum edilib.
İctimai fəal həmin adamı, ümumiyyətlə, heç kimi bıçaqlamadığını, dayandığı yerdə tanımadığı adamın hücumuna məruz qaldığını, bu şəxsin özünü yerə yıxıb qışqırdığını və polislərin gəldiyini deyir.
N.İbrahim həbsindən bir həftə öncə ailəsiylə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.
İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi. O, bir neçə il öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.
Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, "Yoldaş media"nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var. Onlar özlərini təqsirli bilmir, ümumiyyətlə, heç kimi bıçaqlamadıqlarını, şərlənib həbs olunduqlarını bildirirlər.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, indi Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var. Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi səbəblərlə həbs edilmir. Onlar iddia edirlər ki, adları həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.