Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Netanyahunun rəqibləri koalisiya qurduqlarını elan etdilər


Yair Lapid
Yair Lapid

Lapid İsraildəki fələstinliləri təmsil edən partiyalara bel bağlayır, amma onlar hələlik, niyyətlərini açıqlamayıblar

İsrailin baş naziri Benyamin Netanyahunun rəqibləri iyunun 2-də koalisiya qurduqlarını bəyan ediblər.

Beləliklə, İsrailin tarixində ən uzun müddətdə hökumət başçısı olmuş Netanyahunun vəzifəsini tərk etməsi üçün imkan açılıb.

Müxalif mərkəzçi Yair Lapid və ifrat millətçi Naftali Bennett gecəyarısına az qalmış hökumət qurmaq barədə razılığa gəliblər.

Bu sazişə ölkənin siyasi spektrindən başqa partiyalar da qoşulub.

İsrail prezidenti Reuven Rivlin bildirib ki, Lapid ona parlamentdə azı 61 mandata nəzarət edəcək koalisiya yaratdığı barədə məlumat verib.

Bundan sonra İsrail parlamenti Knesset hökumətin təsdiqi üçün etimad səsverməsi keçirməlidir.

Əldə olunmuş razılaşmaya görə Bennett və Lapid növbəli qaydada baş nazirlik edəcəklər. Vəzifəyə əvvəlcə Bennet başlayacaq.

15 ildir ki, hakimiyyətdə olan 71 yaşlı Netanyahuya qarşı rüşvət, dələduzluq və başqa ittihamlar irəli sürülüb.

O bəyan edib ki, mərkəzçi-ultramillətçi koalisiyası İsrailin təhlükəsizliyi üçün namünasib tandemdir.

***

İsrailin Baş naziri Bencamin Netanyahunun opponentləri iyunun 2-də gecəyarısınadək koalisiya hökumətini qurmağa çalışır. Bu halda İsrail tarixində ən uzun müddətə – 12 il hakimiyyətdə olmuş baş nazirin idarəçiliyinə son qoyula bilər.

Mərkəzçi Yair Lapid və ultramillətçi Naftali Bennett qüvvələrini birləşdirərək baş nazir vəzifəsini rotasiya etməyə razılaşıblar. Vəzifəyə birinci Bennet keçəcək. Onlar hazırda siyasi spektrdən partiyaları cəlb edərək hakim koalisiyanı qurmağa çalışırlar.

İsrail mediası bəzi aşağı səviyyəli siyasi təyinatlarla bağlı narazılıq olduğunu, amma Lapidin çərşənbə günü razılaşmanı elan edəcəyini xəbər verib.

O, gecəyarısınadək Prezident Reuven Rivlinə İsrail Knessetində azı 61 yeri əhatələyən çoxluq koalisiyasının qurulması haqda informasiya verməlidir. Bundan sonra bir həftə ərzində parlamentdə etimad səsverməsi keçiriləcək.

İdeoloji ziddiyyətlər

Vaxt keçsə və koalisiya qurulmasa, ölkə son iki il ərzində beşinci dəfə seçkiyə getməli olacaq. Netanyahu isə vəzifə müddətini uzatmaq şansı qazanacaq.

Netanyahunun Likud partiyası 23 mart seçkisində daha çox səs yığsa da, müttəfiqləri ilə çoxluğu formalaşdıra bilməyib. Netanyahunun müttəfiqi olan ifrat sağçı partiya kiçik ərəb partiyası ilə qüvvələrini birləşdirməkdən imtina edib.

“Frans Pres” isə yazır ki, 120 yerlik Knessetdə çoxluğun əldə olunmasından ötrü onlar digər solçu və sağ qanad partiyaların, eləcə də ərəb siyasətçilərin dəstəyini qazanmalıdırlar.

Belə bir hökumət isə bəzi qalmaqallı məsələlərdə dərin ideoloji ziddiyyətlər deməkdir. Fikir ayrılıqları İsrailin tutduğu Qərb sahildə yəhudi yaşayış məskənlərini, dinin siyasətdə rolunu əhatələyir.

Ötən il Netanyahu ilə keçmiş ordu rəhbəri Benni Qants arasında fövqəladə hökumət quruldu, amma dekabrda iflas etdi. Hazırda bu hökumət müvəqqəti vəzifəsini icra edir.

Netanyahu bazar günü xəbərdarlıq edib ki, “solçu hökumət İsrail dövləti üçün təhlükəlidir”.

Ərəblərin dəstəyi

Netanyahuya qarşı blok qurmaqdan ötrü Lapid yeddi partiya ilə individual razılaşmalar imzalamalıdır. Bu partiyalar razılaşmalar imzalanandan sonra alyansa daha dörd deputatın dəstəyi lazım olacaq.

Lapid İsraildəki fələstinliləri təmsil edən partiyalara bel bağlayır, amma onlar hələlik, niyyətlərini açıqlamayıblar.

Parlamentdə dörd yeri olan islamçı mühafizəkar Raam partiyasının başçısı Mənsur Abbas bildirib ki, İsrail əhalisinin 20 faizini təşkil edən fələstinli ərəb azlığın həyatını yaxşılaşdıracaq istənilən razılaşmaya açıqdır.

Netanyahu saxtakarlıq, rüşvət, vəzifədə ikən etimadın pozulmasında ittiham olunur, özü isə ittihamları rədd edir. Hakimiyyəti itirərsə, ona toxunulmazlıq verəcək qanunvericilik dəyişikliklərini həyata keçirə bilməyəcək, ədliyyə nazirliyində bəzi nominasiyalar üzərində nəzarəti itirəcək.

Çərşənbə günü İsraildə başqa bir hadisə də baş verib, parlament Rivlinin yerinə veteran siyasətçi İsaak Hersoqu İsrailin 11-ci prezidenti seçib. İsraildə prezident protokol vəzifəsidir.

Mayın 21-də İsrailin Qəzzə zolağında Fələstin silahlıları ilə 11 günlük döyüşləri Misirin vasitəçiliyi ilə atəşkəslə bitib.

XS
SM
MD
LG