Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:47

Netanyahu Putinə İrana qarşı ‘hərəkət sərbəstliyi’ istədiyini deyib


Vladimir Putin (sağda) və Benjamin Netanyahu aprelində 4-də Moskvada görüşmüşdülər
Vladimir Putin (sağda) və Benjamin Netanyahu aprelində 4-də Moskvada görüşmüşdülər

Rusiyanın Soçi şəhərində prezident Vladimir Putinlə görüşən İsrail baş naziri Benjamin Netanyahu deyib ki, onun ölkəsinə İrana qarşı hərəkət etmək üçün tam sərbəstlik verilməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, iki lider üç saatadək davam edən danışıqlarda Suriyadakı əməliyyatlar barədə dialoqun saxlanmasının mühümlüyü məsələsində razılığa gəlib.

Putin və Netanyahunun sentyabrın 12-də keçirilmiş görüşü İsraildə parlament seçkisinə bir həftə qaldığı bir vaxtda baş tutub.

Bu seçki barədə danışan Putin deyib ki, Kreml Knesset seçkilərində kimin qalib gəlməsində maraqlıdır.

Rusiya prezidenti qeyd edib ki, İsrailə keçmiş sovet respublikalarından mühacirət etmiş 1, 5 milyon israillini həmvətən hesab edir:

“Biz onları həmişə öz adamlarımız, həmvətənlərimiz hesab etmişik və əlbəttə, İsrail parlamnetində kimlərin təmsil olunacağına biganə deyilik”.

***

İsrailin baş naziri Benjamin Netanyahu sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün kurort şəhəri Soçiyə səfər edir.

Bu səfər Netanyahu üçün mühüm və çətin seçkidən bir həftə əvvələ təsadüf edir.

Bu səfərdə İsrail baş nazirini milli təhlükəsizlik müşaviri Meir Ben-Shabbat və İsrail Hərbi Hava Qüvvələrinin komandanı Aviv Kochavi müşayiət edirlər.

TASS xəbər verir ki, Kochavi Rusiyanın müdafiə naziri Sergei Shoigu ilə də görüşməlidir.

Öz səfərindən əvvəl Netanyahu bildirib ki, onun Vladimir Putinlə danışıqlar aparmasından məqsəd Suriyada iki ölkənin hərbi qüvvələri arasında mümkün anlaşılmazlıqların önlənməsidir.

Netanyahu deyib ki, müzakirələrin əsas mövzularından biri də İsrail və Rusiya üçün “ümumi məqsəd – İran qoşunlarının Suriyadan çıxarılması olacaq”.

İsrail baş naziri deyib ki, “bu ümumi məqsədə” hələ nail olunmayıb.

Kremlin bəyanatında isə deyilir ki, iki lider ölkələri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

Moskva bu həftə Netanyahunun İordan vadisinin və Qərb sahilinin bir hissəsini ilhaq etmək planları ilə bağlı narahatlığını ifadə etmişdi.

Kreml bildirir ki, bu hərəkət regionda gərginliyin eskalasiyasına səbəb ola bilər.

Netanyahu və Putin son illərdə müntəzəm olaraq görüşüblər. Onlar bu görüşlər zamanı Suriyadakı hərbi əməliyyatlarının əlaqələndirilməsini müzakirə etdiklərini bildirilər.

Rusiya İranla birlikdə Suriyada davam edən vətəndaş müharibəsində prezident Bashar al-Assad-ın rejiminə həlledici dəstək verib.

İsrail isə dəfələrlə bəyan edib ki, İranın Suriyada səngərlənməsinə imkan verməyəcək. İsrail Suriyadakı İran hədəflərinə dəfələrlə hava zərbələri endirib.

Netanyahunun Soçiyə səfəri onun sağ təmayüllü Likud Partiyasının 17 sentyabr parlament seçkisində rəqibləri ilə gərgin yarışa girəcəyi ərəfəyə təsadüf edir.

Ötən ay Netanyahu Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə Kiyevdə görüşüb.

Bu hər hansı İsrail hökumət başçısının son iki onillikdə Ukraynaya ilk rəsmi səfəri olub.

Keçmiş Sovet İttifaqından olanlar hazırda İsrail seçicilərinin beşdə birini təşkil edir. Bu təxminən 1 milyon nəfər deməkdir və seçkilərin nəticələrinə ciddi təsir göstərir.

Bu həftənin əvvəlində Netanyahu bəyan edib ki, seçkidə qalib gələrsə İordan vadisini və Ölü dənizin şimal sahillərini “İsrailin suverenliyi altına gətirəcək”.

Bu torpaqlar 1967-ci ildə baş vermis Yaxın Şərq müharibəsi zamanı İsrail tərəfindən işğal olunub və fələstinlilər bu əraziyə öz gələcək dövlətlərinin bir hissəsi kimi baxırlar.

Rusiya XİN sentyabrın 12-də bəyan edib ki, Netanyahunun bu niyyəti, “ərəb qonşuların hiddətinə”, habelə regionda gərginliyin eskalasiyasına səbəb ola bilər və bu məqam danışıqlarda İsrail tərəfinin nəzərinə çatdırılacaq.

XS
SM
MD
LG