BMT İsrailin Baş naziri Benjamin Netanyahu-ya işğal olunmuş Qərb sahildəki İordan vadisinin ilhaq planları ilə bağlı xəbərdarlıq edib. BMT bunun heç bir “beynəlxalq hüquqi təsiri” olmayacağını bildirib.
Netanyahu 17 sentyabr seçkisi ərəfəsi vəd verib ki, seçiləcəyi halda həm İordan vadisi, həm də Qərb sahildəki İsrail yaşayış məntəqələri anneksiya olunacaq.
Ümidi öldürmək
“Frans Pres” agentliyi belə addımların İsrail-Fələstim münaqişəsində iki-dövlət həllinə olan-qalan ümidləri də öldürə biləcəyini yazır.
“Baş katibin mövqeyi həmişə aydın olub: birtərəfli hərəkətlərin sülh prosesinə faydası yoxdur”, – BMT-nin sözçüsü Stephane Dujarric deyib.
“İsrailin işğal olunmuş Qərb sahildə öz qanunlarını, yurisdiksiyasını və administrasiyasını tətbiq etmək qərarının hər hansı beynəlxalq hüquqi təsiri olmayacaq”, – sözçü əlavə edib.
İordan vadisi Qərb sahilin üçdə birini əhatələyir. İsrail İordan çayının qərb sahilini 1967-ci ilin altı günlük müharibəsi zamanı işğal edib, beynəlxalq ictimaiyyət isə bu addımı heç vaxt tanımayıb. İsrail İordan vadisini təhlükəsizliyi üçün vacib sayır.
Fələstinlilər Netanyahu-nun seçki vədinə dərhal reaksiya verib, onun sülhə ümidlərini darmadağın etdiyini deyiblər. Opponentləri isə baş naziri seçkiyə bir həftə qalmış ifrat-sağçı millətçilərin səsini almaqdan ötrü sinik oyun gedişdə ittiham edib.
Trump-la koordinasiya edəcək
Netanyahu televiziyayla çıxışında deyib ki, bütün dediklərini ABŞ Prezidenti Donald Trump ilə koordinasiya edərək gerçəkləşdirəcək. Elə Trump-ın çoxdan gözlənən sülh planı da seçkidən sonra açıqlanmalıdır.
Fələstin rəsmisi Hanan Ashrawi deyib ki, Netanyahu “təkcə iki-dövlət həllini məhv etmir, həm də bütün sülh şanslarını dağıdır”. O bunu “aparteiddən də pis” adlandırıb.
Fələstindən danışıqlarda aparıcı təmsilçi Saeb Erekat deyib ki, ilhaq “bəlli qanunsuzluq” olar və beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.
İordaniyanın Xarici işlər naziri Ayman Safadi deyib ki, bu addım “regionu bütünlükdə zorakılığa sürükləyər”, “sülh prosesini tamam öldürmək” riski yaradar.
Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu Netanyahu-nun sözlərini “irqçi” adlandırıb.
Aprel seçkisindən öncə Trump İsrailin 1967-ci ildə Suriyadan işğal etdiyi Qolan yüksəkliyi üzərində suverenliyini tanıyıb.
Həmin seçkidə Netanyahu özünün sağ qanad və dini müttəfiqləri ilə yerlərin çoxunu qazansa da, koalisiya qura bilmədi və beş aydan sonraya ikinci seçki təyin elədi.
Oktyabrın əvvəlinə təyin olunmuş prosesdə isə ona korrupsiya ittihamı irəli sürülmə ehtimalı var.