Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:56

Rusiya İsrailə İrana hücum etməmək xəbərdarlığı verib?


Rusiya prezidenti Vladimir Putin (solda) və İsrailin baş naziri Benjamin Netanyahu avqustun 23-də Soçidə görüşüblər

ABŞ və İsrail mediasının yazdığına görə Rusiya İsrailə İranın Suriyadakı hərbi mövqelərinə hücum etməmək xəbərdarlığı verib.

Bundan əvvəl İsrail baş naziri Benjamin Netanyahu İranın onunla həmsərhəd ölkədə hərbi qüdrətini artırmasına dözməyəcəyini bəyan etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “əgər kimsə Yaxın Şərqdə və ya dünyanın başqa bir yerində hər hansı başqa ölkənin suverenlyi və ya ərazi bütövlüyünü pozmağı planlaşdırırsa, bu, pislənəcək”.

Təhlilçilər bunun məhz Netanyahuya mesaj olduğunu düşünürlər. O ötən həftə xəbərdarlıq etmişdi ki, İran Suriya ərazisində hərbi qurğuların yaradılması ilə məşğuldur.

Lakin Lavrov bunsuz da dediklərinə dərhal aydınlıq gətirib: “İran və Suriya arasında hər hansı bir sahədə olursa-olsun, əməkdaşlıq varsa, mənim mövqeyim belədir ki, bu əməkdaşlıq beynəlxalq qanunları pozmursa, heç bir sual doğurmamalıdır”.

Netanyahu öz çıxışnda bildirmişdi ki, İran İsrailin ətrafında “ilgəyi daraltmağa” çalışır.

Baş nazir BMT-nin baş katibi Antonio Guterres-lə söhbəti zamanı demişdi ki, İran Suriya və Livanda öznünün cəbhə xəttini möhkəmləndirməklə “İsraili yer üzündən silmək” strategiyası istiqamətində hərəkət edir.

O məlumat vermişdi ki, İran Suriya ərazisində dəqiq vuran raketlərin istehsal xəttini yaratmaqla məşğuldur.

Netanyahu demişdi ki, belə bir vəziyyət İsrail üçün qeyri-məqbuldur və BMT üçün də qeyri-məqbul olmalıdır.

Lavrov Natanyahunun narahatlığının əsassız olduğunu bəyan edib: “Biz kiminsə İsrail üzərinə hücum etmək planının olduğundan xəbərsizik”.

Sergey Lavrov
Sergey Lavrov

Bu arada İsrail mediası yazır ki, Benjamin Netanyahu ötən həftə Soçidə prezident Vladimir Putinlə məhz bu narahatlıqlarını bölüşmək üçün görüşüb.

O bu görüşdən sonra bütün narahatlıq doğuran məsələləri Putinin nəzərinə çatdırdığını desə də, Rusiyadan kifayət qədər pərt qayıdıb.

İsrail mediası belə bir nəticəyə Pravda qəzetində dərc olunmuş məqalədən sonra gəlib.

Qəzet bu görüş zamanı Netanyahunun “az qala panika vəziyyətində” olduğunu yazıb.

Netanyahu görüşdən sonra deyib ki, o İranın Suriyadakı fəaliyyəti ilə bağlı narahatlığının ciddiliyini və bunun İsrail üçün “qeyri-məqbul” vəziyyət olduğunu Putinə deyib.

İsrail qəzetləri diqqəti belə bir məqama çəkirlər ki, Netanyahu bu narahatlığa Putinin reaksiyasından söz açmayıb.

Netanyahunun demədiyini Pravda deyib?

İsrail mediası yazır ki, Netanyahunun demək istəmədiyini Pravda qəzeti yazıb.

Qəzet bu görüşlə bağlı Rusiya hökumət rəsmilərinin açıqlamalarını verib.

Rusiya hökumətinin keçmiş yüksək vəzifəlilərindən biri Pravda qəzetinə deyib ki, onun məlumatına görə Netanyahunun emosional gərginliyinə rəğmən Putin daha sakit görünürmüş.

Həmin rəsminin dediyinə görə, Putin İranın Yaxın Şərqdə Moskvaya strateji müttəfiq olduğunu bəyan edib, amma eyni zamanda bildirib ki, Moskva yəhudi dövlətinin də təhlükəsizlik narahatlığını nəzərə alır.

Pravda yazıb ki, İsrail Kremlə Yaxın Şərq siyasətini necə qurmaq barədə dərs verə bilməz.

Məqalədə qeyd olunub ki, Moskva bundan sonra da İranla əməkdaşlığı davam etdirəcək.

Kremlin nöqteyi-nəzərinə görə, İranın regiondakı nüfuzu “ərəb monarxiyalarının İsraillə birlikdə qurduğu NATO-sayağı ittifaqın” nüfuzunun qarşısının alınması üçün əhəmiyyətlidir.

Pravda qeyd edir ki, sözü gedən müttəfiqliyin siyasətini ABŞ idarə edir.

Bununla yanaşı, Pravda məqaləsində qeyd olunur ki, İranın Yaxın Şərqdəki nüfuzunun artmasına dair İsrailin narahatlığı da diqqətəlayiqdir.

İsrail hökumətinə yaxın “Times of Israel” qəzeti yazır ki, Netanyahu onun İranla bağlı narahatlığının Putin tərəfindən birmənalı şəkildə rədd edildiyi barədə xəbərləri təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG