Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:56

Nərimanov sakinləri: 'Kimsə pul qazanacaq deyə, ev-eşiyimiz əldən gedib'


Bakıda söküntü (arxiv fotosu)
Bakıda söküntü (arxiv fotosu)

"10 gün olacaq ki, evimizi sökdülər. 1 həftədir küçələrdə qalmışıq. Uşaqlarım qohum evinə də yığışmırlar. Gedirlər, sökülmüş evimizin yaxınlığından baxırlar, ağlayırlar, gəlirlər..."

Oktyabrın 9-da günorta saatlarında Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 63 ünvanında sakinlərin razılığı olmadan evləri sökülüb.

“DÜŞMƏN DƏ BELƏ HƏMLƏLƏR ETMİR”

Səidə Hüseynova deyir, sökülən evinin mülkiyyət sənədi olub. Ancaq söküntünü həyata keçirən şirkət onun həyat yoldaşının adına olan sənədlərin üzünə də baxmayıb:

Buna da bax: Ucar sakini: ‘Bu suyu içmirik, içsəydik, binada salamat adam qalmazdı’

"Yayı oturdular, soyuqlar düşəndə hücuma keçdilər. Heç düşmən də belə həmlələr etmir. Pal-paltar da götürə bilməmişik. Yağışın altında, küçələri gəzirik. Hara gedək, dərdimizi kimə deyək, bilmirik".

Evləri “Evrostroy –S.S” adlı şirkət söküb. Ərazidə 1 il ərzində çoxlu sayda evlər sökülüb. Səidə xanımın evi isə ötən həftə digər iki evlə birlikdə sökülüb. Söküntü prosesi zamanı yaşananların videogörüntüləri sosial şəbəkələrdə yayılıb və hadisə ictimai qınaqla qarşılanıb. Həmin görüntülərdən sakinlərə fiziki zor tətbiq olunduğu, evlərindən zorla çıxarılaraq söküntünün aparıldığı görünür.

Buna da bax: Pirəkəşkül sakini: '19 ildir bu qəsəbədə yaşayıram, heç bir sahəsində ...'

“ÜRƏYİM PARTLAYIR”

Səidə xanım deyir, bir neçə ay əvvəl şirkət evləri sökməyə gələrkən iş məhkəməlik olub. Bakı Apellyasiya Məhkəməsi bu ilin avqustunda evlərin sökülməməsi ilə bağlı qərar çıxarıb:

"Bu qərara baxmayaraq yenə gəlib-gedirdilər, bizi hədələyir, təhdid edir, onsuz da söküntü işləri aparacaqlarını deyirdilər. Bizsə düşünürdük ki, ortada dövlətin adından çıxan bu boyda qərar var. Bir şirkət bu boyda qərarı tapdalayıb keçə bilməz. Ancaq göründüyü kimi, bu, baş verdi".

80 yaşlı Gülü Nəbiyeva deyir, ailə üzvləri 14 nəfərdən ibarətdir. Çoxu azyaşlıdır. Yasa gedib, geri qayıdanda evini yerində görməyib:

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

"Ürəyim partlayır. 14 nəfər hara getsin, kimə sığınsın? 1 həftədən çoxdur yağış başımıza tökə-tökə o idarə qapısı sənin, bu icra hakimiyyəti mənim, gəzirik. Kirayə gedək? Niyə? Kimsə pul qazanacaq deyə, ev-eşiyimiz əldən gedib, biz də gedək hardasa kirayədə qalaq? Nə vaxta kimi? Uşaqlar məktəbə getmir. Bütün məktəb şeyləri dağıntının altında qalıb".

“ORTADA MÜQAVİLƏ VAR”

Ötən il yaradılan “Evrostroy –S.S” şirkətindən "Qaynar xətt"ə Nərimanov rayon icra hakimiyyətinə müraciət etməyi məsləhət görüblər.

Nərimanov rayon icra hakimiyyətindən isə AzadlıqRadiosu-na bildirilib ki, söküntü aparılan ərazidə çoxmərtəbəli bina inşa olunmaqdadır. Ailələr həmin binadakı mənzillərə köçürüləcək: "O evlərin istismar müddəti çoxdan başa çatmışdı. Sakinlərə uzun müddət idi ki, xəbərdarlıq olunurdu. Hətta bir müddət idi ki, kommunal xətlər də çalışmırdı. Heç kəs küçədə qalmayıb, onlara kirayəhaqqı verilir. Müvəqqəti kirayədə yaşayıb yeni mənzillərə qayıdacaqlar. Ortada müqavilə var".

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

Ancaq sakinlər bildirirlər ki, müqavilə şirkətə məxsusdur. Şirkətsə onlara mənzil veriləcəyinə zəmanət vermir. Müqaviləyə gəlincə, sakinlərin deməsinə görə, şirkətin təqdim etdiyi müqaviləni hüquqşünaslara göstəriblər. Hüquqşünaslar bildiriblər ki, iki vərəqdən ibarət müqavilə eləcə kağız parçasına bərabərdir. Gələcəkdə sakinlər məsələni məhkəmədə mübahisələndirmək istəsələr, məhkəmə bu müqavilə əsasında iddiaya baxa bilməz.

Hüquqşünas Vaqif Alıyev deyir, notarial qaydada təsdiqlənməyən sənədin hüquqi qüvvəsi yoxdur.

XS
SM
MD
LG