Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 03:51

Şaxtada 50 sentə nağıllarını satan təqaüdçü nənə


Vera Vasilievna Sibireva

Vera Vasilievna Sibireva-nın 88 yaşı var. O, mərhum şair və jurnalist Vladimir Sibirev-in həyat yoldaşıdır. Təqaüdçü Vera Vasilievna-nın özü də nağıllar yazmağa başlayıb. Nağılların süjetini bir udmurt kəndində keçirdiyi uşaqlığında yaxınlarından eşitdiyi əhvalatlardan götürür. Ancaq o bu əhvalatları öz yaradıcı süzgəcindən keçirir.

«Mənim nağıllarım qətlləri, şəri yox, xeyri təbliğ edir», – yazıçı deyir.

Vera Vasilievna-nın nağıl kitablarının illüstrasiyalarını qızı Svetlana çəkib. Əvvəllər o, Yekaterinburqda yerli müəssisələrdən birində mühəndis işləyirmiş. Ancaq həm də rəsm çəkməyə həvəsi varmış. Buna görə də anasının nağıl kitablarına illüstrasiyaları həvəslə işləyib.

Vera Sibireva-ya tanımadığı insanlar da kömək etməyə çalışır.

88 dollarlıq kitab satıb

1990-cı illərin ortalarında Sibireva 2 min tirajla ağ-qara rəsmli nağıllar kitabını buraxır. Kitabı satmaq istəsə də, alınmır: həyat yoldaşı xərçəngdən vəfat edir və qadın bu həvəsinin daşını ataraq uzun müddət ona qayıtmır. Bir il öncə Vera Vasilievna-nın qızı da dünyasını dəyişib. İndi nənə qız nəvəsinin qayğısına tək qalmalı olur.

«Qızım öləndə dedi: «Ana, nəvəni ayağa qaldır». Mən də dedim ki, «onu atmaram», - qadın deyir.

Yazıçı-nənə kitabın birini 30 rubla satır.
Yazıçı-nənə kitabın birini 30 rubla satır.

Vera Sibireva-nın təqaüdü çox azdır. Buna görə o, demək olar, hər gün Yekaterinburqa gedir və hətta çox şaxtalı havalarda belə saatlarla dükanların qabağında duraraq kitablarını satmağa çalışır. Ticarət mərkəzlərinin mühafizəçiləri onu içəri buraxmırlar.

«Adətən saat 12-yə yaxın gəlib çıxıram. Bu vaxt küçədə hava bir az istiləşir, yoxsa çox soyuqda dayanmaq çətin olur. Özümlə 20-30 kitab gətirirəm. Satıb bitirənə qədər dayanıram. Bəzən axşam saat 4-ə, 5-ə qədər dayanıram. Bəzən donuram, ancaq satmaq lazımdır», – Sibireva deyir.

Yazıçı-nənə kitabın birini 30 rubla (0.53 dollar) satır. Ancaq çox zaman onun nağıllarını tanıyan adamlar ona bundan daha artıq pul verirlər, ya da bir yox, daha çox kitab alır, sonradan dost-tanışa hədiyyə edirlər.

Alıcılarından biri yazıçıya çap maşını hədiyyə edib ki, əsərlərini yazmağa çətinlik çəkməsin. Nağılçının sözlərinə görə, o bu vaxta qədər artıq 5 min rublluq (88 dollar) kitab sata bilib. Ancaq o, gəlir haqqında yox, daha bir nağıl və rəvayətlər kitabı buraxmaq haqda düşünür. Yeni kitab «Dibsiz göl» adlanır. Bu kitabın illüstrasiyaları rəngli olacaq. Onları da Vera Vasilievna-nın mərhum qızı çəkib.

Pulu halal yolla qazanmaq istəyir

Ancaq Vera nənənin çarpayısının altında hələ çox kitab qalıb. Əvvəlcə onları satıb bitirmək lazımdır.

Yekaterinburqun yerli «41 Domaşniy» telekanalının əməkdaşı Darya Usova sosial mediada Vera Vasilievna haqqında yazıb. Bundan sonra həm yazıçıya, həm də jurnalistə gələn zənglərin ardı-arası kəsilməyib.

Vera Vasilievna ticarət mərkəzinə yaxınlaşanda burada çox sayda insanın onun kitablarını almaq üçün növbə gözlədiyini görüb. Darya Usova-nın sözlərinə görə, dünyanın müxtəlif yerlərində yaşayan adamlar Facebook və VKontakte sosial şəbəkələri vasitəsilə əlaqə saxlayaraq, kitabı almaq, yazıçı-nənəyə kömək etmək istədiklərini deyirlər.

Ancaq Vera Vasilievna öz hesab nömrəsini demək istəmir. O, həm fırıldaqçılardan qorxur, həm də pulu halal yolla qazanmaq istədiyini deyir, bu şəkildə köməyi qəbul etmək istəmir. Buna görə jurnalist və həmkarları uzun müddət ona kömək etməkdə çətinlik çəkiblər.

Nəhayət, nağılçı nənəni dilə tutmaq mümkün olub. Artıq o, oxucuları, pərəstişkarları və potensial naşirlərlə görüşlər keçirməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG