Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Nemət Pənahlı: 'Həbsim son müsahibəmlə bağlıdır'


N.Pənahlı
N.Pənahlı

«Hesab edirəm ki, həbsim «Obyektiv TV»yə son müsahibəmlə bağlıdır. Mən orada Şeyxin, Əli Həsənovun adını çəkmişdim», – Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı belə deyir.

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində ona 30 gün inzibati həbs verilməsi barədə qərardan şikayətə baxılıb.

N.Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsiylə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilir. Ancaq özü də, vəkili də deyir ki, yalandır, onu oktyabrın 12-də gündüz saatlarında maşından düşüb yaşadığı binaya tərəf gedəndə mülkigeyimlilər tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar.

Vəkil Zibeydə Sadıqova bunu sübut etmək üçün həmin ərazidəki məktəb və başqa obyektlərin müşahidə kameralarına baxış keçirilməsi haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

N.Pənahlı çıxışında bildirib ki, kimsəyə müqavimət göstərməyib. Polis idarəsində olarkən vəkilinin dəvət olunmasını, ailə üzvləriylə əlaqə saxlamasına imkan yaradılmasını istəyib. Onun dediyinə görə, imkan verilməyib: «Sonra da Nəsimi Rayon Məhkəməsinə aparıb 30 sutka verdilər».

N.Pənahlı deyir ki, ona qarşı qanunsuzluqları ictimailəşdirməməsi üçün indi də təzyiqlərə məruz qalır: «Hədələyib deyirlər ki, etiraz eləsən, cinayət işi başlanacaq».

Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Xatırlatma

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları isə qəbul etmir, bunu siyasi sifariş sayırdı. 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG