Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Nemət Əliyev: 'Xarici sərmayə ilbəil azalır'


N.Əliyev
N.Əliyev

«Hakimiyyət rəsmilərinin bəyanatlarına baxmayaraq, ölkəyə xarici sərmayə yatırımı ilə bağlı real rəqəmlər başqa mənzərəni göstərir. Xarici investorlar başlarını götürüb getməkdə davam edirlər və ölkədəki ağır şərtlər, heç şübhəsiz, xarici investisiyanın da azalmasına təsir göstərir».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan iqtisadçı Nemət Əliyev deyib.

N.Əliyev hesab edir ki, rəsmilərin dedikləri reallıqla üst-üstə düşmür. «2018-ci ildə xarici sərmayələrin ilk 3 aylıq həcmi 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub. Deməli, xarici sərmayələr bir ildə 36.4 faiz və ya 297 milyon dollar azalıb», - deyə o, rəsmi statistikaya istinad edir.

Xarici sərmayələrin son 5 illik dinamikası ilə bağlı statistik göstəricilərə istinad edən iqtisadçı bildirir ki, investorlar Azərbaycana sərmayə qoyuluşunu, bir qayda olaraq, azaltmaqda davam ediblər:

«2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1.6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1.243 milyard dollara, 2017-ci ildə 1.177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət, 2019-cu ildə 519 milyon dollara qədər azaldıb».

«Halva-halva deməklə ağız şirin olmur»

Çinin iri şirkətlərinin Azərbaycana maraq göstərməsinə gəlincə, ekspert deyir ki, bu ilin ilk üç ayında xarici investisiyaların 91 faizi (471 milyon dolları) Böyük Britaniya, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına aid olub və ilk 10-luqda Çinin yeri yoxdur: ​«Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuluşunda iştirak edirsə də, iştirak payı elə də diqqətçəkən deyil. Deməli, Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım etməsi bu ölkənin investorlarında Azərbaycana ciddi maraq yarada bilməyib. Beləliklə, bir daha təsdiqlənir ki, halva-halva deməklə ağız şirin olmur».

N.Əliyevin deməsinə görə, xarici investorlar şifahi sözə yox, real şəraitə baxırlar.

Rəsmilər nə deyir?

Prezident İlham Əliyev üç gün əvvəl, aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, indi xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır: «Xarici sahibkarlar müraciət edirlər. Mənim bu yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər».

Prezident daha sonra da bunları əlavə edib: «Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG