Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:02

“Məhşər ssenarisi”: Neft 20 dollara


ABŞ-ın ən mötəbər investisiya banklarından biri olan Goldman Sachs neft qiymətlərinin “məhşər ssenarisi” hesabatını açıqlayıb

Goldman Sachs investisiya bankının neft qiymətlərinin “ən pis ssenarisinə” görə bir barrelin qiyməti 20 dollara düşə bilər.

Belə qiymət son dəfə on il əvvəl qeydə alınmışdı.

Goldman-ın hesabatında deyilir ki, neft qiymətləri əvvəllər də ifrat aşağı hədlərə çatıbsa da, hazırda maliyyə və fundamental ölçü göstəriciləri daha zəifdir.

“İnkişaf etməkdə olan bazarların iqtisadi vəziyyətinin pisləşdiyi bir vaxtda tələbat gözləntiləri zəifdir” – deyilir hesabatda.

Proqnoz yox, ssenari

Goldman izah edir ki, o, neft qiymətlərinin 20 dollara enəcəyini proqnozlaşdırmayıb, lakin bu mümkün olan “ən pis ssenaridir”.

Bankın Amerika nefti üçün 2016-cı il proqnozu bir barrel üçün 45 dollardır. Bundan əvvəlki proqnoz 57 dollar idi. 2017-ci il üçün bankın proqnozu 60 dollar olaraq saxlanıb.

Bununla belə, bankın “məhşər ssenarisi” enerji bazarlarını silkələyib.

Bu xəbərin ardınca Brent neftinin bir barreli 2 faiz ucuzlaşaraq 47, 76 dollar olub.

Yeni büdcələrdə neft 50 dollaradır

Neftin qiymətləri son 12 ayda yarıbayarı düşüb. Bunu şərtləndirən iki əsas faktor hələ də bazarların ifrat təchizatının davam etməsi və Çin iqtisadiyyatının yavaşımasıdır. Burada üçüncü faktor ABŞ-da şist nefti üçün yeni quyuların qazılımasıdır.

Bazar müşahidəçiləri neft ixrac edən ölkələrin OPEC təşkilatının neft hasilatını azaldacağını gözləsələr də, hələlik bu, baş vermir.

Neftdən asılı əksər ölkələr, o cümlədən də Azərbaycan , yeni ilin büdcəsi üçün neft qiymətini bir barrelə 50 dollardan götürüb.

Belə şəraitdə 20 dollara bir barrel elə “məhşər ssenarisi” kimi görünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG