Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:10

Neft barədə “vahiməli xəbər” – 20 dollara enəcək


“Dünya neft içində üzür. Rəqəmlər doğrudan da dəhşətlidir” – yazır Britaniya mətbuatı.

“The Daily Telegraph” yazır ki, dünyada neft anbarlarının qıtlığı başlayıb. İzafi nefti saxlamaq üçün dənizdəki tankerlərdə də yer yoxdur.

Ekspertlərin fikrincə məhz bu vəziyyət neft qiymətlərinin fəlakətli enişinə səbəb ola bilər.

Goldman Sachs şirkətinin hesabatında deyilir ki, anbarların ağzınadək dolu olması bir tərəfə, qışı sərtləşdirən El Nino siklonu da bu il çox zəifdir. Bu qoşa effekt neft qiyməylərini bir barrel üçün 20 dollara sala bilər.

20 dollar, həm də tezliklə

Neft tacirləri üçün bu vahiməli proqnozu Londondakı Energy Aspects konsaltinq firması da təkrarlayır: “20 dollar söhbəti gündəmə qayıdıb”.

Səudiyyə Ərəbistanı artıq Polşa və İsveçə neft satmaqla Kremlin ənənəvi bazarına girib

“The Week” saytındakı məqalədə sual olunur: Axı hələ dünənədək ekspertlər neftin “qiymət dibinə” çatdığından nikbinliklə danışırdlar? Cavab aydındır: Heç kəs bazarın bu sürətlə dolmaqda davam edəcəyini gözləmirdi.

Reuters agentliyi isə “qiymət axirətinin” təxmini vaxtını verir: 2016-cı ilin matrında Brent markalı neft artıq 35 dollara enə bilər.

“The Daily Telegraph” yazır ki, ötən ilin əvvəllərində barreli 110 dollara olan neftin qiyməti indi 44 dollar ətrafında ləngər vurur.

Məqalədə deyilir ki, bu, OPEC istehsalçılarının və Rusiyanın Asiya və Avropada yeni bazarlar uğrunda “bir-birinin boğazını üzməyə çalışdıqları bir vaxtda baş verir”.

Səudiyyə Ərəbistanı artıq Polşa və İsveçə neft satmaqla Kremlin ənənəvi bazarına girib.

Tankerlər növbəyə düzülüb

Pul qıtlığı keçirən İraq elə indidən Bəsrə neftini 30 dollara satır. Anbarlar neftlə o qədər doludur ki, hazırda 100 milyon barrel dənizdəki tankerlərə doldurulub. 28 milyon barrel neft daşıyan 39 tanker Texas sahillərindəki növbədə lövbər atıb.

Dünya neftin içində üzür…Üzləşdiyimiz göstəricilər dəhşət doğurur. Bu, misli görünməmiş vəziyyətdir

Bu arada İran daha 30 milyon barrel neftini bazara çıxarmaq üçün sanksiyaların qaldırılmasını gözləyir.

“Dünya neftin içində üzür…- deyir PVM neft brokerləri qrupunın rəhbəri David Hufton, - Üzləşdiyimiz göstəricilər dəhşət doğurur. Anbarlardakı ehtiyatlar iki ildir ki, artmaqdadır. Bu, misli görünməmiş vəziyyətdir”.

Onun sözlərinə görə, bu vaxtadək vəziyyəti az-çox nəzarət altında saxlayan, Çinin öz strateji anbarları üçün gündə 200-300 min barrel neft alması idi.

Hərçənd Çinin anbarlarında 50 günlük ehtiyat olsa da, onun bundan sonra nə qədər neft alacağı bəlli deyil.

Amerika anbarlarının 70 faizi doludur. Bu isə o deməkdir ki, orada daha 150 milyon barrel üçün yer var. Amma OPEC-in hasilatı hazırda günə 2 milyon barreldir.

Səudiyyə strateqləri

Səudiyyə strateqləri düşünə bilərlər ki, onların bazarı doldurmaq taktikası bəhrə verir. Çünki dünya boyunca 200 milyard dollarlıq uzunmüddətli neft layihələri təxirə salınıb.

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə neft hasilatının indiki ritmdə davam etməsi üçün ildə 650 milyard dollar yeni investisiyalara ehtiyac olacaq.

İraq kürdlərinin qaçaq nefti Texas sahillərində
İraq kürdlərinin qaçaq nefti Texas sahillərində

Bu arada Səudiyyə OPEC üzrə həmkarlarını əmin etməyə çalışır ki, neft qiymətləri tezliklə dirçələcək. Amma bu, çətin ki, Əlcəzair, Venesuela, Liviya, Nigeriya, İran və başqalarına təsəlli ola bilsin.

Onların əksəriyyəti qiymətlərin yenidən qalxması üçün hasilatın azaldılmasını istəyirlər.

“The Daily Telegraph” yazır ki, alternativ enerji növləri də bu müddətdə bir yerdə saymayıb. Odur ki, ümumilikdə neft sənayesinin qlobal gələcəyi suallar doğurur.

Bəziləri Amerikada gələn il üçün hasilatın 900 min barrel azalacağına ümid edirlər. Bu, qlobal tələbi gündə 1 milyon barrelə çatdıra bilərdi.

Lakin Citigroup-dan Seth Kleinman deyir ki, bir barrelin qiyməti 50 dollar civarında qalarsa, əksinə, Amerika neftinin hasilatı daha da arta bilər.

“The Daily Telegraph” yazır ki, OPEC ABŞ şist sənayesinin imkanlarını kifayət qədər qiymətləndirə bilməmişdi, indi isə ola bilsin kartel, bu sənayenin çevikliyini düzgün qiymətləndirə bilmir.

Xəbər kimin üçün vahiməlidir?

Goldman Sachs bunu da bildirir ki, neft qiymətlərinin enişi nə qədər dərin olarsa, onun qalxımı da bir o qədər dik ola bilər.

Başqa sözlərlə bu qalxım 1986, 1988, 1998-ci ilin tənəzzülündən sonra baş vermiş artımdan daha kəskin ola bilər.

Lakin bunun özünə də vaxt lazımdır. Halbuki OPEC üzvü olan ölkələrin əksəriyyəti sosial təminat məsələsində tamamilə neftdən asılıdırlar. Bu isə öz növbəsində sosial təlatüm riski yaradan məqamdır.

Amerika iqtisadiyyatı o qədər nəhəngdir ki, enerji sektoru onun ÜDM-nin yalnız 2, 4 faizini təşkil edir. Səudiyyə və Küveytdə isə bu rəqəm 60 faizdir

Ekspertlər deyirlər ki, əskinə bu qiymət yarışında neft satanlar yox, onu istehlak edənlər qazanclı olacaqlar.

Səudiyyənin neft strateqləri Amerika nefti barədə bir mühüm məqamı da nəzərədən qaçırmış kimi görünürlər. Şist nefti hasilat baxımından adi neftdən daha çevikdir. Quyulardakı nefti yenidən quyulara qaytarmaq mümkün deyildir, halbuki şist neftinin istehsalı istənilən vaxt dayandırıla, istənilən vaxt bərpa oluna bilər.

“The Daily Telegraph” yazır: Amerika iqtisadiyyatı o qədər nəhəngdir ki, enerji sektoru onun ÜDM-nin yalnız 2, 4 faizini təşkil edir. Səudiyyə və Küveytdə isə bu rəqəm 60 faizdir.

Xəbərin kimin üçün vahiməli olduğunu elə bundan bilmək mümkündür.

Həmçinin izləyin:

Azadliq A- Live programı təqdim edir:

XS
SM
MD
LG