Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:05

Qubad İbadoğlu: ‘Neft və qaz gəlirləri ədalətlə bölünsəydi...’


Qubad İbadoğlu
Qubad İbadoğlu

“2018-ci ildə Rusiyada orta əməkhaqqı 695, Qazaxstanda 444, Ukraynada 390, Gürcüstanda 398, Ermənistanda 364, Azərbaycanda isə 338 dollar olub. Bu göstəricilərlə ölkə Müstəqil Dövlətlər Birliyi məkanında 7-ci yer tutur”

Bunu AzadlıqRadiosuna iqdisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 2005-ci ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda məvaciblər 207 dollar artıb, Ermənistanda isə bu rəqəm 250 dollar təşkil edir.

İqtisadçı hesab edir ki, enerji resurslarına malik olan Azərbaycanla müqayisədə neft və qazı olmayan Ermənistanda əməkhaqqıların artım tempinin daha sürətlə getməsinin bir səbəbi var:

“Ermənistanda əməkhaqqlarına yönələn vəsait həm dövlət büdcəsində, həm də özəl bölümdə Azərbaycanla müqayisədə daha çox olub. Bu baxımından həmin ölkədə əməkhaqqları daha böyük həcmdə artıb”.

Qubad İbadoğlu həmçinin qeyd edib ki, neft və qaz gəlirləri daha ədalətlə bölünsəydi Azərbaycanda artım Ermənistandan dəfələrlə çox olmalı idi:

“Son 15 ildə (hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr-red) Azərbaycan vətəndaşlarının aldıqları əməkhaqqı Qazaxstan və Rusiya səviyyəsində olmalı idi. Yəni Azərbaycanda orta əməkhaqqı 500 dollar üzərində olmalı idi. Düzdür, bu gün 500 dollar o qədər də böyük məbləğ deyil. Azərbaycan dövlət olaraq öz vətəndaşlarına daha yüksək əməkhaqqı vermək imkanına malikdir”.

Ekspert vurğulayıb ki, Azərbaycanda orta əməkhaqqının 338 dollar olmasını şərtləndirən əsas amillərdən biri mədən sənayesində maaşların daha yuxarı olmasıdır:

“Hal-hazırda Azərbaycanda mədən sənayesində əməkhaqqı 3 min manat təşkil edir. Ölkədə orta əməkhaqqı isə 570 manatdır. Göründüyü kimi mədən sənayesində əməkhaqqı orta maaşdan təxminən 5-6 dəfə çoxdur. Yəni, Azərbaycanda neft və qaz sektoru olmasaydı orta əməkhaqqının səviyyəsi yəqin ki, 300 dollardan aşağı olardı.”.

İqtisadçının fikrincə, istənilən halda müəllimlərin, həkimlərin, sosial sahədə, kənd təsərrüfatında çalışanların böyük əksəriyyəti orta əmək haqqından aşağı məvacib alırlar.

Xatırlatma

Bu günlər Döblət Statistika Komitəs bildirib ki, 2019-cu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 577,6 manat olub.

DSK vurğulayıb ki, bu, əvvəlki ilin analoji dövrünə nisbətən 8,5 faiz çoxdur.

Rəsmilər qeyd edirlər ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əmək haqqı 7 dəfə artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG