Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:52

Neft azalır, narahatçılığa əsas varmı?


Əgər neftin qiyməti düşməkdə davam edərsə, bu, Azərbaycanın gəlirlərinə necə təsir edəcək? Bir halda ki, ölkə ixraçı əsasən neft və qazdan ibarətdir

2022-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda orta gündəlik neft hasilatı 424 min barrel təşkil edib.

Bu müddətdə 10 milyon ton civarında neft hasil ediliib

Ötən ilin ilk 6 ayında isə gündəlik neft hasilatı 468 min barrel olub. Yəni 6 ayda AÇG-də neft hasilatı 8 faizdən çox azalıb.

Bundan əvvəl proqnozlaşdırılırdı ki, AÇG-də gündəlik neft hasilatı 2025-ci ilə qədər 450 min barrel ətrafında davam edəcək. Amma bu il AÇG-dən neft hasilatının 20 milyon tondan aşağı həddə düşəcəyi (2021-ci ildə Azərbaycanda 34,6 milyon ton neft hasil olunub) ehtimal edilir.

Son bir neçə ildə neftin qiyməti təqribən 3-4 dəfə bahalaşıb. Azərbaycanın neft gəlirləri artıb. Amma artıq bir neçə gündür ki, neftin qiymətləri aşağı düşməyə başlayıb. Hazırda Azərbaycan neftinin qiyməti 1 barrel üçün 97 dollara düşüb.

Əgər neftin qiyməti düşməkdə davam edərsə, bu, Azərbaycanın gəlirlərinə necə təsir edəcək? Bir halda ki, ölkə ixraçı əsasən neft və qazdan ibarətdir.

Hasilat son 10 ildə 30 faiz azalıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasına görə son bir neçə ayda Azərbaycanda hasilat Neft İxrac Edən ölkələr Birliyi (OPEC) +çərçivəsində müəyyən edilmiş kvotadan aşağı düşüb.

Reytinq agentliyi qeyd edir ki, mövcud neft yataqları köhnəlir və neft hasilatı azalmaqda davam edir:

“2010-2021-ci illər ərzində Azərbaycanda neft hasilatının həcmi 30 faizədək azalıb”.

Energetika Nazirliyindən də “Turan” İnformasiya Agentliyinə bildirilib ki, 2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kondensatla birlikdə 16,5 milyon ton neft hasil edilib:

“Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4 faiz azdır. 2022-ci ilin ilk yarım ilində ölkədə çıxarılan 16,5 milyon ton neftin 10,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu “Şahdəniz”in, 3,9 milyon tonu SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) payına düşüb”.

“Şahdəniz”də artım var

Nazirlikdən qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Azəri-Çıraq-Günəşli”dən çıxarılan neft 8,8 faiz azalıb:

“Şahdənizdən çıxarılan kondensat nefti 0,3 milyon ton və ya təqribən 16 faiz artıb. SOCAR-ın hasil etdiyi neftin həcmi dəyişməyib və 3,9 milyon ton təşkil edib”.

Qurumdan vurğulanıb ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında neft hasilatının artırılması barədə qərarı Azərbaycan da dəstəkləyib:

“Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur”.

Gəlirlər artıb

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda neftin azalması ilə bağlı proqnozlar hələ lap əvvəlki dövrlərdən verilib:

“Bu istiqamətdə də ortada şübhəli nəticələr var. 2011-ci ildə Azərbaycanda neft hasilatının piki olub. Bu, təxminən 50 milyon ton təşkil etmişdi. Ötən il ərzində isə bu göstərici 34 milyona düşüb. Bundan sonrakı dövrdə də quyulardan neft hasilatının aşağı düşəcəyi ilə bağlı gözləntilər mövcuddur”.

İqtisadçı qeyd edib ki, hazırda hasilatla yanaşı Azərbaycan neftinin qiymətləri də aşağı düşüb:

“Bu, əlbəttə ki, nisbi mənada belədir. Ötən illə müqayisədə hasilat aşağı düşübsə neftin qiyməti son dərəcədə yüksək olub. Yalnız karbohidrogen ehtiyatlarının bahalaşmasından Azərbaycanın bu ilin 6 ayında əldə etdiyi gəlirlər ötən ilin göstəricisindən 500 milyon dollar çox olub».

Problem…

Ekspertin sözlərinə görə, son 1 il 6 ay ərzində Azərbaycan xam neftinin və qazın bahalaşmasından 26 milyard manat gəlir götürüb:

“Bu, çox yüksək rəqəmdir. Bu ilin Azərbaycan büdcəsində neftin qiyməti 50 dollardan götürülmüşdü, sonra 85 dollara dəyişdirildi. Ona görə də neft qiymətinin və müəyyən dərəcədə hasilatının aşağı düşməsi ciddi narahatlıq üçün səbəb deyil. Azərbaycanın yetərincə pul vəsaitləri var”.

Onun fikrincə, hazırkı dövrdə problem karbohidrogen ehtiyatlarının hasilat həcminin aşağı düşməsi yox, Azərbaycan hökümətinin vəsaitlərdən düzgün istifadə edə bilməməsidir.

Xatırlatma

Hazırda AÇG-də 8 platforma fəaliyyət göstərir. “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” hasilat platformalarıdır. Digər iki platforma isə kompressor və suvurma qurğularıdır.

AÇG-də hasilat 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından başlayıb.2001-ci ildən 2022-ci ilə kimi blok Azərbaycana birbaşa 155 milyard 373 milyon dollar gəlir gətirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG