Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Neft bahalaşır, maaşlar da arta bilərmi?


Neft mancanağı, Texas, 23 avqust 2015
Neft mancanağı, Texas, 23 avqust 2015

Neftinin qiymətinin son günlər 80 dollara yaxınlaşması Azərbaycanda gələn ilin büdcəsi ilə bağlı sualları yenidən aktuallaşdırıb. 2022-ci ilin ilkin büdcə layihəsində neftin bir bareli 45 dollarla götürülüb. Bu baxımdan neftin bahalaşma tendensiyası davam edərsə, büdcə lahiyəsində dəyişiklik edilə bilərmi, yaxud bu maaş və pensiyaların artımına təsir göstərəcəkmi?

AzadliqRadiosunun bununla bağlı suallarını cavablandıran İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev hesab edir ki, prinsipial yanaşılsa, netfin 1 barelinin büdcədə aşağı götürülməsi daha məqsədəuyğundur, nəinki qiymətin oynadığı vaxtlarda yüksək götürmək:

“… Məqsədəuyğun vaiant deyil”

“Çünki büdcədə neftin qiymətinin ilkin olaraq 45 dollardan götürülməsi hökumətə büdcə imkanlarını növbəti il üçün daha dəqiq qiymətləndirmək və səmərəli işləmək istəyirsə, yersiz layihələrə çox meyl salmamasışansı verir. Özü də neftin qiyməti son illər kifayət qədər yüksək templərlə oynayır. Bütün proqnozlar da göstərir ki, qiymətin uzun müddət yüksək qalması mümkün deyil. Sabit qiymət 60 dollar ətrafındadır.”

Azər Mehtiyev, 2009
Azər Mehtiyev, 2009

O da qeyd edib ki, qiymət proqnozlaşdırılandan artıq olarsa, hökumət əlavə gəlir əldə etmək imkanı qazanır:

“ Bu gəlirləri isə ya Dövlət Neft Fondunda saxlamaq, ya da bu illərdə ortaya çıxacaq yeni layihələri maliyyələşdirməyə yönəldə bilərlər. Nəzərə alsaq ki, hazırda azad olunan ərazilərin bərpası ilə bağlı böyük vəsaitlərə ehtiyac var. Bu baxımdan neftin qiymətinin daha yüksək şəkildə proqnozlaşdırılması o qədər də məqsədəuyğun vaiant deyil”.

Deputat Vüqar Bayramov da hesab edir ki, neftin qiymətində artımların müşahidə olunmasına baxmayaraq neft bazarı həmişə sıçrayışlarla seçilir. Onun fikrincə, bazarda qiymət yüksək olsa da, büdcə layihəsində bazardakı mövcud qiymət deyil, sıçrayışa və gələcəkdə potensial qlobal şokların təsiri nəzərə alınmalıdır:

“Ona görə də qiymətin yüksək olmasına baxmayaraq neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcə layihəsinə 45 dollar təklif olunması konservativ yanaşmadır. Düzdür, bu, hələlik, ilkin təklifdir, müzakirələr nəticəsində həmin qiymətə yenidən baxılacaq. Amma bütün hallarda bazardakı mövcud yüksək qiymətə uyğun olaraq gələn il üçün proqnoz qiymətin müəyyənləşdirilməsi arzuolunan deyil.”

“Əgər xüsusi şoklar baş verməzsə,…”

Deputatın fikrincə, də bu mənada nisbətən aşağı və riskləri minimallaşdıran, xüsusən də qlobal şokları nəzərə alan qiymətin müəyyənləşdirilməsi daha məqsədəuyğundur:

“Elə 45 dollar da məhz bu kontekstdə müəyyənləşdirilmiş qiymətdir. Əgər gələn il xüsusi şoklar baş verməzsə, fors-major halları yaranmazsa, o halda ciddi sıçrayışlar olmaya bilər. Qiymət yüksək olsa belə ölkəyə daxil olan vəsaitin daha çox hissəsinin Dövlət Neft Fondunun gəlirlərində əks olunmasına səbəb olacaq”.

Neftin bir barelinin təxminən 80 dollara yaxın olması Azərbaycan iqtisadiyyatina nə vəd edir, maaşları, pensiyaları artırmaq olarmı sualına cavab verən Azər Mehdiyev isə bunları deyib:

“Dövlət büdcəsi 2019-cu ildəki sosial paketdən sonra onsuz da çox yüklənib. Büdcənin sosial yükü var və biz iqtisadçılar hər zaman deyirik ki, tam bir büdcə tələsinə uyğun vəziyyət yaranıb. Çünki neft gəlirlərinin kəskin aşağı düşəcəyi və neft gəlirlərinin azalacağı təqdirdə, hökumətin sosial öhdəlikləri yerinə yetirməsi poblem ola bilər.”

“Bunun üçün davamlı gəlirlərin yaranması lazımdır”

İqtisadçının fikrincə, bu baxımdan neft qiymətinin sıçrayışla qalxması əməkhaqqı və pensiyaların artması üçün şərt ola bilməz:

“Bunun üçün davamlı gəlirlərin yaranması lazımdır. Yəni qeyri-neft sektorundan davamlı büdcənin gəlirlərinin formalaşması vacibdir. Yalnız o halda həmin sosial paketə yenidən baxılmasına imkan verir”.

Vüqar Bayramov, 17 yanvar 2014
Vüqar Bayramov, 17 yanvar 2014


Deputat Vüqar Bayramov-un fikrincə isə, təqdim olunan büdcə sənədində gələn il bütövlükdə əməkhaqqı və pensiyaların artırılması prioritet məsələlərdən biri olacaq:

“Orta aylıq əməkhaqqı gələn il 794 manata qədər yüksələcək”

“Orta aylıq əməkhaqqı məbləğinin 2022-ci ildə bu ilə nisbətən artacağı proqnozlaşdırılır. Belə ki, bu il orta aylıq əməkhaqqı məbləğinin 742 manat olacağı görsənir, gələn il isə 794 manata qədər yüksələcək. 2025-ci ildə isə orta aylıq əmək haqqı 935 manata qədər yüksələcək. Nominal gəlirlərdə də artım proqnozlaşdırılır.”

Deputat vurğulayıb ki, əhalinin nominal gəlirləri ölkə üzrə 58.8 milyard manatdır. Onun qeyd etməsinə görə, gələn il 63.4, 2025-ci ildə 77.3 milyard manat proqnozlaşdırılır:

“ Bu baxımdan Maliyyə Nazirliyi tərəfindən təqdim olunan paketdə 2022-ci ildəəməkhaqqı və pensiyaların, bütövlükdə sosial istiqamətli ödənişlərin məbləğinin artırılması prioritet məsələlərdən biri kimi qeyd olunur. İlkin qiymətləndirmələr göstərir ki, bütövlükdə büdcə xərclərinin təxminən 40 faizi sosial istiqamətə yönələcək. Bu isə gələn ilin dövlət büdcəsinin bu illə müqayisədə daha çox sosial yönümlü olacağından xəbər verir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG