Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:25

Ekspert: ‘Hökumət neftin bahalaşmasından illüziyalara qapılmasın’


"Neftin qiyməti". Karikatura. Gündüz Ağayev.
"Neftin qiyməti". Karikatura. Gündüz Ağayev.

Neftin qiyməti artmaqdadır. Bəzi iqtisadçılar bu bahalanmanı birbaşa siyasi amillərlə, xüsusən də son günlər İraqda, İranda baş verən proseslərlə, Vaşinqton-Tehran arasındakı gərginliklə bağlayırlar və bu prosesin ilin birinci yarısında davam edəcəyini proqnozlaşdırırlar. Bəzi maliyyə qurumları bu artım dalğasında neftin qiymətinin 85 dollara çatacağını belə ehtimal edirlər.

“Neft 85 dollar ola bilər”

“Bir qədər əvvəl proqnozlarını yeniləyən İqtisadi Proqnozlar Agentliyinin məlumatlarına görə, iyuna qədər neftin qiyməti təxminən 90 dollara yaxın olacaq. Sonra isə qiymət ucuzlaşmağa başlayaraq təxminən 75 dollara düşəcək. Amma daha ciddi maliyyə qurumlarının proqnozları fərqlidir. Dünya Bankı neftin qiymətinin 60 dollar, Beynəlxalq Valyuta Fondu 50 dollar ətrafında olacağını proqnozlaşdırır. Bir neçə həftə əvvəl ABŞ-ın Enerji administrasiyası da neft proqnozlarını yenilədi və 2018-ci ildə Brent markalı neftin orta qiymətinin 57 dollar olacağını açıqladı. Əhəmiyyətli məqam odur ki, ötən illə müqayisədə proqnozlarda artıma getdilər, yəni ümumi trend qiymətin artmasını şərtləndirəcək. Bizim proqnozlarımız ondan ibarətdir ki, neftin qiyməti 60-65 dollar ətrafında olacaq”, - azərbaycanlı iqtisadçı Rəşad Həsənov son durumu AzadlıqRadiosu-na belə şərh edir.

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

Rəşad Həsənov
Rəşad Həsənov

Başqa bir iqtisadçı Qadir İbrahimli neftin qiyməti ilə bağlı proqnoz verməyin çətin olduğunu bildirir. Onun qənaətincə, neftin qiymətinə birbaşa iqtisadi yox, siyasi proseslər təsir göstərdiyindən bu yöndə konkret proqnoz vermək asan deyil: “Amma bu qiymət artımı uzun davam etməyəcək. Siyasi böhranlar hansısa mərhələdə həllini tapır. Böhranın başa çatması isə yenidən neftin ucuzlaşmasına gətirib çıxaracaq”.

“Ölkəyə əlavə 3,5 milyard dollar gələ bilər”

Neftin bahalanmasının Azərbaycana təsirlərinə gəlincə, iqtisadçılar ölkənin valyuta ehtiyatının artacağını, manatın möhkəmlənəcəyini qeyd edirlər. Rəşad Həsənov hökumətin 2018-ci ilin dövlət büdcəsini hazırlayarkən neftin bir barelinin qiymətini 45 dollardan götürdüyünü xatırladır.

Buna da bax: 7 ildə 130 neftçi həlak olub

“Hazırkı qiymətləri götürəndə Azərbaycan hökuməti proqnozla müqayisədə neftin bir barelini təxminən 25 dollar daha baha satır, bu da gün ərzində ölkəyə əlavə 10-11 milyon dolların daxil olmasıdır. Proqnozlarımız özünü doğrultsa, yəni neftin qiyməti 65 dollar olarsa, ölkəyə bir ildə əlavə 3,5 milyard dollar gələcək. Beləliklə, tədiyyə balansındakı profisit daha da artacaq, müsbət ticarət saldosunun həcmi də genişlənəcək, ölkənin valyuta ehtiyatları artacaq”, – Həsənov söyləyir.

Bəs manatın məzənnəsi?

Buna da bax: Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

İqtisadçı Qadir İbrahimli
İqtisadçı Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli yaxın aylarda manatın kursunun sabit qalacağını düşünür. O, ən azı bu ilin yayına qədər neftin bahalanacağını, gəlirlərinsə manatın məzənnəsini qorumasına səbəb olacağını deyir.

Rəşad Həsənov isə neftin qiyməti baha olacağı halda manatın möhkəmlənəcəyini bildirir: “Hazırda bu trend davam etməkdədir. Manatın möhkəmlənməsinə təzyiq var. Bu gün Mərkəzi Bank məzənnənin valyuta rejimində, tələb və təklif əsasında formalaşdığını bəyan edir, ancaq belə deyil. Manatın məzənnəsi tənzimlənən olmasaydı, indi biz milli valyutanın möhkəmlənməsini müşahidə edəcəkdik. Amma ümumi proqnoz belədir ki, 2018-ci ildə də manatın məzənnəsi sabit saxlanacaq”.

Manatın möhkəmlənməsi inflyasiyanı önləyə bilərmi? Rəşad Həsənov buna inanmır. O deyir ki, hökumət bu il 6,1 faiz, beynəlxalq maliyyə qurumları 8-10 faiz arasında inflyasiya proqnozlaşdırırlar:

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

“Biz də təxminən 10 faiz inflyasiya proqnozlaşdırırıq. Nəzərə almaq lazımdır ki, 2017-ci ildən manatın məzənnəsi dollara qarşı qorunub. Dollar dünya bazarında ötən il təxminən 12 faiz ucuzlaşdı, dollar ucuzlaşdığından manat ona qarşı məzənnəsini qoruyub saxlasa da, funt sterlinqə, avroya qarşı mövqeyini itirdi. Bu o deməkdir ki, Azərbaycana gətirilən məhsulların maya dəyərində artım gedib və bu 2018-ci ildə də davam edəcək. Belə şəraitdə manatın məzənnəsi dollara qarşı qorunsa belə, idxal inflyasiyası baş verir”.

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

“Hökumət rasional davransın”

Qadir İbrahimli isə Azərbaycan hökumətini rasional davranmağa dəvət edir: “Bizim hökumət böyük illüziyalara qapılmasın, daha rasional qərarlar qəbul etsin, əldə olunan neft pullarını rasional işlərə xərcləsin”.

İbrahimli hesab edir ki, artıq hökumət iqtisadiyyatı neftin üzərində qurmamalıdır. Səbəbini belə izah edir – əvvəla, dünyada alternativ enerjidən istifadə dairəsi genişlənir, bu da orta perspektivdə neftin daha da ucuzlaşmasına gətirəcək, ikincisi də, Azərbaycanda neft hasilatı getdikcə azalacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG