Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Neft şirkəti keçmiş işçilərindən 30 min istəyir


Hakim
Hakim

Salyan ərazisində neft yataqlarının istismarı ilə məşğul olan «Salyan Oil LTD» Əməliyyat Şirkəti iki keçmiş işçisini - Zəkayət Abdullayeva Mehparə Əliyevanı məhkəməyə verib, onların hər birindən 15 min manat tələb edir. Səbəb isə budur ki, adları çəkilən xanımlar işdən çıxarılmalarını qanunsuz hesab edərək, bu barədə prezidentə, dövlət orqanlarına şikayət məktubları göndəriblər, məhkəmədə iddia qaldırıblar.

«Cavabdehlər əsassız şikayətlərlə, məhkəmə iddiaları ilə şirkətin iş rejimini pozublar. Şirkətin baş meneceri və hüquq meneceri müxtəlif məhkəmə proseslərinə cəlb olunmaqla, bəzi işgüzar sövdələşmələrin həyata keçirilməsini reallaşdıra bilməyiblər. Bu da neft və qaz istehsalı prosesində müxtəlif çətinliklər yaradıb. Bizimlə partnyor olan SOCAR-a, ölkə başçısına və digər nüfuzlu, vəzifəli şəxslərə ünvanlanmış əsassız şikayətlər vasitəsilə «Salyan Oil» Əməliyyat Şirkətinin bu orqanlar qarşısında nüfuzunu aşağı salıb, şirkətin imicinə zərər vurublar», – iddia ərizəsində belə yazılıb.

Şirkət keçmiş işçilərlə yanaşı, onların hüquqlarını müdafiə etdiyinə görə «Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı» İctimai Birliyini də məhkəməyə verib. Z.Abdullayeva və M.Əliyevanın keçmiş iş yerlərinə qarşı məhkəməsində onların hüquqlarını bu təşkilatın hüquqşünası müdafiə edib.

«İşi işçiləri müdafiə etmək olmalı Həmkarlar Təşkilatı da...»

İndi «Salyan Oil» bu təşkilatdan 35 min manat kompensasiya tələb edir. İddia olunur ki, təşkilatın nümayəndələri sosial şəbəkədə «Salyan Oil»un işçilərə münasibəti haqqında paylaşımları və ona gələn şərhlərlə şirkətin işgüzar nüfuzuna zərbə vurublar.

İddia ərizəsinə Salyan Rayon Məhkəməsində baxılacaq.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, şirkətin bu addımı hüquqlarının bərpasını tələb edən işçiləri təqib etməkdir: «Bu, həm də öz Nizamnaməsi əsasında fəaliyyət göstərən təşkilata təzyiq göstərməkdir. Bizim işimiz təşkilatın adından da göründüyü kimi, neftçilərin hüquqlarını müdafiə etməkdir. Təəssüf edirəm ki, əslində işi işçiləri müdafiə etmək olmalı Həmkarlar Təşkilatı da üçüncü şəxs qismində iddiaya qoşulub. Biz məhkəmədə onların qanunları pozduğunu sübut edəcəyik».

«Salyan Oil LTD» Əməliyyat Şirkəti Çin Xalq Respublikasının neft-qaz şirkəti olaraq, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətin baş meneceri Şan Lian Jenq və Həmkarlar Təşkilatının sədri isə Əliverdi Xudiyevdir.

AzadlıqRadiosu iddia ərizəsini imzalamış şirkətin hüquq meneceri Hafiz Dünyamalıyevlə dəfələrlə əlaqə saxlasa da, o, cavab verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG