Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Nazirlik 'arzu ilə' işdən çıxma ərizəsi yazdırır?


İmişli rayonunda əmək yarmarkası, 2013
İmişli rayonunda əmək yarmarkası, 2013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların əməkdaşlarına “öz arzumla işdən çıxmaq istəyirəm” məzmununda ərizə yazdırdığı deyilir

Minlərlə sosial işçi “havada” qalıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların əməkdaşlarına “öz arzumla işdən çıxmaq istəyirəm” məzmununda ərizə yazdırdığı deyilir

“Həftə sonunda bizdən iki ərizə alınıb. Birində işdən çıxmağımızı, ikincidə isə işlə təmin olunmağımızı xahiş etmişik. Rəhbər işçidən tutmuş xadiməyədək hamıya eyni məzmunda ərizə yazdırdılar. Dedilər:

“Nazirin göstərişidir”. İndi bütün sosial işçilər “havadadır.” Hamımızı işdən azad edəcəklər. Amma yenidən kimi işə götürəcəklərmi, bunu bilmirik”.

Bunu AzadlıqRadiosuna Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.

“İndiki vaxtda işdən çıxmağı kim arzulayar?”

Ərizə, arxiv foto
Ərizə, arxiv foto

Onun sözlərinə görə, bu nazirliyin tabeliyində olan başqa qurumlarda da vəziyyət belədir. O, öz istəyi ilə işdən çıxmağa dair ərizə yazmaqdan imtina edənlərin hədələndiyini də vurğulayır.

“Hamıya şifahi olaraq bildirilib ki, baş idarələr publik hüquqi şəxsə çevriləcək. Amma bizə təklif olundu ki, ərizədə işdən çıxmağın öz arzumuz olduğunu qeyd edək. Çox gülməlidir, indiki vaxtda işdən çıxmağı kim arzulayar? Ərizə yazmaqdan imtina edənlər vardı. Onları hədələdilər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, yəni işdə yol verilən kobud pozuntuya görə qovacaqlar. Belələrinin gələcəkdə başqa yerdə iş tapmağı da çətinləşir. Ona görə məcbur olub hamı deyilən kimi ərizə yazdı. Nazirliyin məqsədi aydındır: bizi öz ərizəmizlə işdən çıxarır ki, sabah kənarda qalanda şikayət edə bilməyək. İkincisi, işdən bu üsulla çıxardığı şəxslərə 3 aylıq əmək haqqı qədər kompensasiya ödəməsin”.

Nazirlik rəsmisi: “İndiyədək qüsursuz işləyənlər kənarda qalmayacaq”

Fazil Talıbov, 11 may 2010
Fazil Talıbov, 11 may 2010

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Fazil Talıbov da sosial işçilərdən kütləvi ərizə alındığını təsdiqləyir. Amma o, bunun kütləvi işçi ixtisarına səbəb olmayacağını, kompensasiya ödəməkdən yayınmaq məqsədi daşımadığını bildirir.

“Bilirsiniz ki, prezidentin fərmanı ilə Nazirliyin tabeliyində olan qurumlar publik hüquqi şəxsə çevrilir. Artıq onların nizamnamələri təsdiqlənib. İşçilərdən köhnə iş yerindən işdən çıxma və yeni iş yerində işə götürülmə ilə bağlı alınan ərizələr texniki bir məsələdir. Onlar ərizələri əsasında ləğv edilməkdə olan qurumdan işdən çıxarılacaq və yeni yaranan hüquqi şəxsdə işə götürüləcək. İndiyədək qüsursuz olaraq faəliyyət göstərmiş şəxslərin heç biri işdən kənarda qalmayacaq”, - nazirliyin sözçüsü söyləyir.

Hüquqşunas: “Təşəbbüs işəgötürəndən gəlibsə, işçilər niyə ərizə yazmalıdır ki?”

Hafiz Həsənov, 22 iyun 2010
Hafiz Həsənov, 22 iyun 2010

Hüquqşünas Hafiz Həsənov isə hesab edir ki, işçiləri belə ərizə yazmağa məcbur etmək qanunsuzdur. Onun sözlərinə görə, bu durumda ilk olaraq işçinin işəgötürənlə bərabərlik hüququ pozulmuş olur.

“Tərəflərdən birinin təşəbbüsü, yaxud mülkiyyətçinin dəyişməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Təşəbbüs işəgötürəndən gəlibsə, işçilər niyə ərizə yazmalıdır ki? Bir halda ki, müəssisələrin təşkilati-hüquqi forması dəyişib, işçilərlə sonrakı əmək münasibəti ilə bağlı da qərarlar qəbul edilməli idi. Bizdə dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməyi yeni tətbiq edildiyindən, bunun hüquqi mexanizmi yoxdur. Amma Mülki Məcəllənin tələbinə görə bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə, əvvəlkinin hüquq və vəzifələri yeniyə keçir. İşçilər qarşısında öhdəliklər də həmçinin”.

Hafiz Həsənovun fikrincə, ləğv olunan qurumların işçilərdən öz təşəbbüsləri ilə işdən çıxma ilə bağlı ərizə almağı bir məqsəd daşıya bilər: yeni yaranan publik hüquqi şəxsləri onlar qarşısında öhdəliklərdən azad etmək.

XATIRLATMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların publik hüquqi şəxsə çevrilməsi "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman əsasında həyata keçirilir.Həmin fərmanla Dövlət Məşğulluq Xidməti Dövlət Məşğulluq Agentliyinə, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti eyni adlı publik hüquqi şəxsə çevrilib, yeni- Sosial Xidmətlər Agentliyi yaradılıb. Rəsmilər bəyan ediblər ki, struktur dəyişikliyi həmin orqanların fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir.

Azərbaycan qanunvericiliyinə görə publik hüquqi şəxs ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Bəzi istisnalarla onlar sahibkarlıq fəaliyyəti ilə də məşğul ola, təsərrüfat cəmiyyəti yarada bilərlər. Son illər Mərkəzi Bank, bəzi dövlət qurumları, agentliklər (o cümlədən Azərbaycan Dövlət İnformasiya Agentliyi /AZƏRTAC/), təhsil və səhiyyə müəssisələri publik hüquqi şəxsə çevrilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG