Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:12

İlham Əliyev: 'Biz ora çıxmalıyıq'


Nazirlər Kabinetinin iclası, 2016
Nazirlər Kabinetinin iclası, 2016

“Kənd təsərrüfatında zəif yerimiz taxılçılıqdır”. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Onun sözlərinə görə, Azərbaycan özünü taxılla təqribən 65 faiz təmin edir:

“ Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur. Buna baxmayaraq, biz yenə də idxaldan asılıyıq. Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir”.prezident bildirib.

İlham Əliyev ölkədə baramaçılığın inkişafının zəruriliyini vurğulayıb, ümid edib ki, yaxın 2-3 ildə minlərlə ton barama tədarük ediləcək.

Buna da bax: Zorla pambıqçılıq olmaz...

“Azərbaycan hələ də şərabını dünyaya tanıda bilməyib”

Üzümçülükdən danışam dövlət başçısı təəssüflənib ki, Azərbaycan hələ də dünyanın şərab bazarlarına çıxa bilməyib:

“Baxmayaraq ki, bir neçə şərab zavodu tikilib və onlar görünür ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə kəndlilər üçün”.

“Tütünçülük 10 min tona qalxmalıdır”

Ancaq o vurğulayıb ki, üzümçülüyü şərabçılığa bağlasa da, ölkədə alkoqollu içkilərin istehlakını arzulamır, o cümlədən, tütünçülüyün də inkişafını ixrac üçün stimullaşdırmaq lazımdır, - İlham Əliyev qeyd edib:

” Bu il keçən ilə nisbətən iki dəfə çox tütün istehsal ediləcək. Ancaq əlbəttə ki, bu rəqəm - 2500 ton bizi qane edə bilməz. Biz qısa müddət ərzində quru tütün istehsalını 10 min tona qaldırmalıyıq”

Buna da bax:

Məhkəmədə sual: “Cins şalvarın arxa cibinə qumbara yerləşə bilər?”​

Şəkər çuğunduru haqqında

“Bizə təqribən 40-50 min hektar torpaq sahəsi lazımdır ki, şəkər çuğunduru əkilsin və xam şəkərin, qamış şəkərin idxalından asılılığı aradan qaldıraq”, İlham Əliyev deyib. Onun sözlərinə görə. yerli şəkər zavodu yerli şəkər çuğunduru əsasında işləməlidir: “Qamış şəkərini, xam şəkəri idxal etmək üçün 100 milyondan çox valyuta xaricə gedir. Düzdür, əgər bu zavod olmasaydı, onda xam şəkərin hamısı xaricdən gətirilərdi. Zavodun fəaliyyəti yüzlərlə insan üçün iş yeri yaradıb. Biz, eyni zamanda, hazır şəkəri ixrac edirik. Yəni, zavodun fəaliyyəti, təbii ki, müsbət haldır. Ancaq çox yaxşı olar ki, bu, yerli xammal əsasında işləsin. Ona görə şəkər çuğundurunun əkilməsi xüsusi əhəmiyyət daşıyır. Bunun əkilməməsi 100 milyon dolları xaricə aparır, əkilməsi isə 100 milyon dolları Azərbaycanda saxlayacaq. Çox sadə bir məsələdir”.

Heyvandarlıq barədə

“Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır” deyən prezident bildirib ki, orda 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur:

“İndi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə ciddi məşğuldur. Cins mal-qara alınıb. Verilən məlumata görə, təqribən 500-600 min baş iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək. Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş, planlı şəkildə əkin işləri aparılmalıdır”.

Fındıq, badam, zeytun…

“Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır. Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı yetişdirmək üçün 12 rayon seçilib”.

Prezident özəl sektroru da bu sahədə fəallığa çağırır.

O, badamın da valyuta gətirən məhsul sayır:

“Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır”.

Çıxışında zeytuna toxunan İlham Əliyev deyir ki, potensial olsa da, ölkə özünü zeytunla təmin edə bilmir:

“İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün”.

Prezident deyir ki, ənənəvi Rusiya bazarı ixrac üçün itirilə bilər, ona görə də yeni bazarlar axtarılmalıdır:

“İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG