Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Əsgər anaları səfirliklərə üz tutmaq istəyirlər


Etirazçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında
Etirazçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında

Bu gün, noyabrın 13-də Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra, günorta saatlarında Prezident Administrasiyasının qarşısına toplaşıblar. Onlar ölkə başçısı ilə görüşmək istədiklərini bildiriblər.

Narazıları Prezident Administrasiyasında qəbul şöbəsinin rəisi qəbul edib.

Qəbulda olanların deməsinə görə, 5 nəfər olublar.

«Biz şöbənin rəisi ilə görüşdük. Bildirdik ki, problemimizlə bağlı məlumatlısınız, bizi get-gələ salırsınız. Əgər belə davam edəcəksə, gələn həftəyə qədər məsələ həll olunmasa, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət edəcəyik», - qəbulda olanlar bildiriblər.

Onların deməsinə görə, narazılar səfirliklərdən kömək istəmək niyyətindədirlər.

«Hələ ki, yekun qərar verməmişik. Müzakirə edib sonrakı addımlarımızı planlaşdıracağıq», - deyə onlar AzadlıqRadiosuna bildiriblər.

Nazirdən şikayətçi vərəsələrə: 'Razı olmayanlar...'

«Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil».

«Report» xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir vurğulayıb ki, müavinətdən ötrü müraciət edənlərin sənədləri düzgün olmalıdır: «Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz. Qanuna görə, bunun üçün 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil».

+++

Bu gün, noyabrın 13-də Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan bəzilərinin ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar. Onlar həlak olan yaxınlarının haqları ilə bağlı bir sıra şüarlar səsləndiriblər. Aksiya iştirakçıları vurğulayıblar ki, prezidentin fərmanına əsasən, Qarabağ uğurunda döyüşlərdə həlak olan yaxınlarına verilməli olan birdəfəlik müavinəti ala bilmirlər.

Keçmiş hərbi qulluqçuların doğmaları deyiblər ki, onları nazirlikdəki məmurlar qəbul etmək istəyir, amma birbaşa nazirin özü ilə görüşmək istəyirlər. Sonradan onlar nazir Sahil Babayevlə qəbula yollanıblar.

Ailələr nazirlə görüşdən narazı qalıb

«Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüş 40 dəqiqəyə yaxın çəkdi».

Bunu qəbulda iştirak edənlərdən Sevinc Quluzadə AzadlıqRadiosuna bildirib. Onun sözlərinə görə, görüş nazirliyin akt zalında keçirilib və 110 nəfər təmsilçi orada iştirak edib. S.Quluzadənin deməsinə görə, görüş səmərəsiz başa çatıb: «Yenə də suallarımıza cavab ala bilmədik. Bizi müavinətin verilməsiylə bağlı narahat edən suallar cavabsız qaldı. Yenə də məlum olmadı ki, nazirlik nəyə əsaslanıb deyir ki, bəzi ailələr müavinətləri alıblar. Ortada bunu sübut edən bank qəbzi və sənədlər yoxdur».

S.Quluzadənin deməsinə görə, nazir bu gün, noyabrın 13-də Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsinin başlandığını əsas gətirərək iclasın başa çatdığını bildirib.

S.Quluzadənin sözlərinə görə, narazı ailələrin təmsilçiləri yenidən Prezident Administrasiyası önündə toplaşmaq niyyətindədirlər.

Qəbulda iştirak edənlərin bu açıqlamasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Əsgər ailələri prezidentlə görüş tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Bu insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Sonuncu dəfə isə ötən həftə, noyabrın 6-da metronun «Sahil» stansiyasından piyada Prezident Administrasiyasının qarşısına gediblər. Onda onlara polislər yolda şüar səsləndirməyə və kütləvi hərəkət etməyə imkan verməmişdi.

Xatırlatma

Prezident İlham Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Amma bundan sonra bəzi ailələrin narazılığı eşidilməyə başlayıb.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

Bu günlərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayevin açıqlamasından bəlli olub ki, onlardan, hələlik, yalnız 100-dən çox ailənin sənədləri qaydasındadır.

«İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub», - nazir bildirib.

Bu fərman yeni veriləndə isə rəsmilər demişdilər ki, ilkin hesablamalara görə, bu, təqribən 8 min 800 nəfərə şamil ediləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG