Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:27

Nazir Qarabağla bağlı 2019-cu ili belə dəyərləndirdi


E.Məmmədyarov
E.Məmmədyarov

2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə «itirilmiş imkanlar ili» kimi dəyərləndirilə bilər.

Bunu Xarici İşlər naziri Elmar Məmmədyarov bir qrup kütləvi informasiya vasitələri (KİV) nümayəndələrin suallarına cavab verərkən bildirib.

E.Məmmədyarov qeyd edib ki, hər iki tərəfin danışıqlar prosesinin irəli aparılmasında maraqlı olduğu qənaətinə gəlmək olar: «Lakin Ermənistan tərəfinin il ərzində səsləndirdiyi tamamilə əsassız və ziddiyyətli bəyanatları, eləcə də keçirilən görüşlərdə hər hansı konkret nəticənin əldə olunmadığını nəzərə alsaq, təəssüflə qeyd etməliyik ki, 2019-cu ili münaqişənin həlli üzrə itirilmiş imkanlar ili kimi dəyərləndirilə bilər».

Nazir əlavə edib ki, münaqişənin həlli yolunda müəyyən addımlar atılıb: «Keçirilmiş görüşlər nəticəsində humanitar müstəvidə tədbirlərin həyata keçirilməsi və iki ölkə əhalisinin sülhə hazırlanması təşəbbüsləri irəli sürüldü.


Hətta bu xüsusda ilk addım olaraq Azərbaycan və Ermənistan mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırıldı. Ancaq bu təşəbbüsün sonradan Ermənistan tərəfindən siyasiləşdirilməsi və təbliğat vasitəsi kimi istifadəsi cəhdləri bu ölkənin əhalisini sülhə hazırlamağa nə dərəcədə hazır olduğu sualını ortaya qoydu. Əslində, təşəbbüsə cəlb olunmuş jurnalistlər, xüsusilə də onları bu prosesdə dəstəkləyən tərəf məsuliyyəti hiss etməli və prosesə xələl gətirməməlidir. Əks təqdirdə, bu kimi təşəbbüslərin və iki xalq arasında körpülərin qurulması cəhdlərinin heç bir mənası olmaz. Beləliklə də gələcəkdə bu təşəbbüslərin davam etdirilməsinə məhz bu prizmadan yanaşmaq və növbəti addımlar haqqında danışmaq olar».

E.Məmmədyarov daha sonrada deyib: «Hər zaman qeyd etdiyim fikri yenidən xatırlamaq istərdim. Biz iki qonşu ölkəyik və tez, ya da gec münaqişənin həllindən sonra iki icmanın nümayəndələri yenidən ölkəmizin Dağlıq Qarabağ bölgəsində birgə yaşamalı olacaqlar. Bu baxımdan, həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə geri dönməsini təmin etməyə xidmət etməlidir».

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi müasir mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in (ATƏM) Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG