Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Nazarbaev: 'Münasibətlərimiz heç vaxt pozulmayıb'


Qazaxıstan prezidenti N.Nazarbaev-in rəsmi qarşılanma mərasimi.
Qazaxıstan prezidenti N.Nazarbaev-in rəsmi qarşılanma mərasimi.

«Qazaxıstan Azərbaycana dost, qardaş ölkədir. Onun çox böyük potensialı var. Qazaxıstanın qazandığı nailiyyətlər dost kimi bizi sevindirir».

Aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Nursultan Nazarbaev-lə görüşündən sonra mətbuata açıqlamasında belə deyib.

İ.Əliyev səfərin gündəliyinin kifayət qədər geniş olduğunu, qəbul ediləcək qərarların ölkələr arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

O, Azərbaycanın Qazaxıstanla əməkdaşlığa çox böyük əhəmiyyət verdiyini vurğulayıb.

N.Nazarbaev isə öz çıxışında vurğulayıb ki, Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb. «Əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik. Münasibətlərimizi bu etimad əsasında qurmuşuq», - deyən Qazaxıstan prezidenti əmin olduğunu bildirib ki, səfər və danışıqlar ticari-iqtisadi, siyasi münasibətlərin möhkəmləndirilməsinin, iki ölkənin daha da yaxınlaşmasını təmin edəcək.

İlham Əliyevin və Nursultan Nazarbaev-in məhdud tərkibdə görüşü
İlham Əliyevin və Nursultan Nazarbaev-in məhdud tərkibdə görüşü

«PROBLEMDƏ İMKANLARI DA GÖRMƏK LAZIMDIR»

«İndi - dünyada böyük dəyişikliklərin, iqtisadi-siyasi cəhətdən böhranın baş verdiyi zamanda bizim ixrac-birja məhsullarımız çöküb. Bu, bir tərəfdən, pisdir, digər tərəfdən, məlum olduğu kimi, problemdə imkanları da görmək lazımdır. Biz də bu imkanları onda görürük ki, iqtisadiyyatı şaxələndirməliyik, yeni istehsal sahələri yaratmalıyıq, yeni işlər görməliyik, buna isə elmi və innovasiyaları cəlb etməliyik», - o, qeyd edib.

Prezidentlərin geniştərkibli görüşündə N.Nazarbaev bütün məsələləri müzakirə etdiklərini vurğulayıb: «Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlətə böyük səmərə vəd edir».

İ.Əliyev isə öz çıxışında deyib ki, müzakirə edilən bütün məsələlər barədə mövqelər tamamilə üst-üstə düşür. «Əminəm ki, bizim bu gün qəbul edəcəyimiz qərarlar qısa müddətdə əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağa və regional əməkdaşlıq baxımından yeni şərait yaratmağa imkan verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan konkret nəqliyyat, enerji layihələri, iqtisadi inkişafla bağlı layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmlətməkdən ötrü çox iş görür. Mənə bu da xoşdur ki, şirkətlərimiz arasında qarşılıqlı investisiyalar qoyuluşu başlanır və artıq yaxşı nəticələr verir», - İ.Əliyev bildirib.

Qazaxıstan prezidenti N.Nazarbaev aprelin 2-si Azərbaycana gəlib. Aprelin 3-ü o, Şəhidlər xiyabanını ziyarət edib və Bakı şəhərinə yüksəklikdən tamaşa edib. Daha sonra da onun prezident İlham Əliyevlə məhdud və geniş tərkibdə görüşü olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG