Keçid linkləri

2026, 29 İyun, bazar ertəsi, Bakı vaxtı 21:51

Prezidentin Naxçıvan nümayəndəliyinə müstəqil balans və möhür verildi

Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov
Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi bundan sonra 1-ci kateqoriya dövlət orqanı statusu alacaq. Bu hüquqi dəyişiklik prezident İlham Əliyevin iyunun 29-da təsdiqlədiyi "Dövlət qulluğu haqqında" Qanuna edilən düzəlişdə öz əksini tapıb.

Dövlət başçısının 22 dekabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə də dəyişikliklər edilib. Sənəddəki "Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir" ifadəsi "Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən 1-ci kateqoriya dövlət orqanıdır" sözləri ilə əvəzlənib.

Yeni fərmana əsasən, səlahiyyətli nümayəndəliyin strukturu bir xeyli təkmilləşdirilir. Qurum müstəqil balansa, istifadəsindəki dövlət əmlakına, xəzinə və bank hesablarına sahib olacaq. Həmçinin nümayəndəliyin üzərində Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidməti üçün gerbsiz möhürü, müvafiq ştampları və blankları olacaq.

Struktur dəyişikliklərinə görə, muxtar respublikada Prezidentin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılıb. Nümayəndənin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələri siyahısına daxil edilib. Bu yeniliklər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Səlahiyyətli nümayəndə prezidentə hansı təklifləri verəcək

Yeni Əsasnaməyə görə, səlahiyyətli nümayəndənin muxtar respublikanın idarəetməsində rolu artacaq və strateji məsələlərlə bağlı prezidentə rəsmi təkliflər təqdim edə biləcək:

- Parlamentin buraxılması – NMR Konstitusiyasında nəzərdə tutulmuş hallarda Ali Məclisin prezident tərəfindən buraxılması;

- Sessiyaların çağırılması – Ali Məclisin növbədənkənar sessiyasının çağırılması və parlamentin qapalı iclaslarının keçirilməsi;

- Hökumətin səlahiyyətləri – Prezidentin aktları ilə NMR Nazirlər Kabineti üçün əlavə səlahiyyətlərin müəyyən edilməsi...

Habelə, bir sıra məsələlərə dair Ali Məclis sədrinin təkliflərinin Azərbaycan Prezidentinə təqdim edilməsi ilə bağlı tədbirlər görəcək. Bura da Ali Məclisə seçkilərin təyin edilməsi və başqa məsələlər daxildir.


Mərkəzi idarəetmə necə gücləndi

Ötən il iyulunda Milli Məclis Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qanun qəbul edib. Həmin sənədə "Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı xüsusi maddə əlavə olundu. Bu addımla nümayəndəliyin regionda dövlət başçısının tapşırıqlarını icra edən birbaşa icra orqanı olması təsbitləndi.

Nəticədə muxtar respublikada mərkəzi hakimiyyətin hüquqi rıçaqları xeyli artdı:

- Parlament seçkiləri – Ali Məclisə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında birbaşa prezident tərəfindən təyin edilir;

- İcra başçıları – Yerli icra hakimiyyətlərinin başçıları Ali Məclis sədrinin təqdimatı ilə dövlət başçısı tərəfindən vəzifəyə gətirilir;

- Nazirlər Kabineti – Muxtar respublika hökuməti artıq yerli Ali Məclisə tabe deyil, öz iş qaydasını prezidentlə razılaşdıraraq müəyyən edir.

Vasif Talıbovun gedişi və regionun xüsusiyyətləri

1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun 2022-ci ildə istefaya göndərilməsi regionda köklü idarəetmə dəyişikliklərinə başlanğıc verdi. Həmin il dekabrın 22-də prezident İlham Əliyev muxtar respublikaya öz səlahiyyətli nümayəndəsini təyin etdi. Bu təyinatdan sonra mənimsəmə və digər qanunsuzluqlarda ittiham olunan bir çox yüksək rütbəli vəzifəli şəxs istintaqa cəlb edildi.

1924-cü ildə yaradılan Naxçıvan MR Azərbaycanın əsas ərazisi ilə quru sərhədə malik deyil. Eksklav bölgə olan muxtar respublika Türkiyə, Ermənistan və İranla həmsərhəddir.

XS
SM
MD
LG