Naxçıvan Muxtar Respublikasında (MR) orta aylıq əməkhaqqı artımı Azərbaycanın başqa bölgələrindən az olub. 2025-ci ildə Naxçıvanda orta aylıq nominal əməkhaqqı 822 manat təşkil edib.
Bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 5.1 faiz çoxdur.
Halbuki ötən il bütünlükdə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısının əvvəlki ilə nisbətən 9.3 faiz artaraq 1 min 103 manata çatdığı açıqlanıb.
Naxçıvan MR əhalisinin sayı bu il yanvarın 1-də 472 min 429 nəfər təşkil edib. Bu, əvvəlki ilə görə 0.3 faiz artım deməkdir.
9 fevral
Naxçıvana yeni baş naziri təyin olunub
Prezident İlham Əliyevin təqdimatı əsasında Naxçıvan Ali Məclisinin qərarı ilə Cabbar Musayev muxtar respublikanın yeni baş naziri təyin olunub. C.Musayev indiyədək Naxçıvan şəhər İcra başçısı vəzifəsində çalışıb.
C.Musayevdən öncə baş nazir Ceyhun Cəlilov idi. Ötən il noyabrın 12-də C.Cəlilov prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsi təyin edilib. 2022-ci ildən yaradılan bu vəzifəni ona qədər Fuad Nəcəfli tuturdu. Prezident onun fəaliyyətindən narazılığını dilə gətirmişdi.
Xatırlatma
1995-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun dörd il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb olub. Həmin il dekabrın 22-də prezident Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.