Rusiyada müxalif siyasətçi Aleksey Navalnının keçmiş mətbuat katibi Kira Yarmış fevralın 26-da X sosial media platformasında yazıb ki, mərhumun yoldaşları onunla vidalaşma mərasiminin keçirilməsi üçün yer axtarırlar.
Navalnı fevralın 16-da Rusiya Arktikasındakı koloniyada ölüb.
Yarmış yazır:
"Biz ictimaiyyətin Alekseylə vidalaşması üçün münasib zal axtarırıq. Bu iş bu həftə bitməlidir. Əgər sizin qənaətbəxş bir yeriniz varsa, lütfən bizimlə əlaqə saxlayın”.
Yarmışın əlaqə üçün yazdığı telefon nömrəsi Rusiyaya aiddir.
Navalnının qohumları hələ onunla vidalaşma və dəfn mərasiminin təfərrüatlarını açıqlamayıblar.
Bir neçə qəbirstanlığın adı çəkilir
Baza teleqram kanalı Moskvadakı Borisovksoye qəbirstanlığındakı mənbəyə istinadla fevralın 26-da yazıb ki, burada işçilər təxminən fevralın 29-da keçiriləcək dəfn üçün hazırlıq görürlər.
Bazanın dərc etdiyi videoda bu qəbirstanlığın maşın parkının qardan təmizlənlənməsi görünür. Videoda habelə bu ərazidə çox sayda polis maşınları var.
Bir neçə teleqram kanalı Navalnının mümkün dəfn yeri kimi Borisovskoye məzarlığından başqa Xovanskoye və Troyekurskoye qəbirstanlıqlarının da adlarını çəkir. Bunların hamısı Moskvada yerləşir.
Navalnının nəşini onun koloniyada müəmmalı ölümündən bir həftə sonra, fevralın 24-də anası Lyudmila Navalnayaya veriblər.
47 yaşlı müxalifətçinin ölüm səbəi göstərilmir.
“Genişmiqyaslı qarşıdurma?”
Xəbər verilir ki, Rusiya boyunca Navalnının xatirəsini şamlar və çiçəklərlə yad edən yüzlərlə şəxs həbs edilib.
Navalnının yoldaşları, qohumları, habelə Qərb rəsmiləri onun ölümündə birbaşa prezident Vladimir Putini ittiham ediblər.
Rusiya penitensiar xidmətinin rəsmiləri bildirirlər ki, Navalnı öz əcəli ilə təbii səbəblərdən vəfat edib.
Rusiya rəsmiləri onun ölümünə görə dünya boyunca hiddəti “qaraqışqırıq” adlandırırlar.
Hazırda sürgündə olan müxalifətçi Mixail Xodorkovski AzadlıqRadiosuna deyib ki, Navalnının açıq dəfn mərasimi müxalifətçinin tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında “genişmiqyaslı qarşıdurmaya” səbəb ola bilər.
Navalnı öləndə həbsxanada ekstremizm də daxil bir neçə maddə ilə 19 illik həbs cəzası çəkirdi.
Onun özü, tərəfdarları və Qərb rəsmiləri ittihamları qondarma və “siyasi motivli” adlandırırdılar.