Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

'Avropa ABŞ-a boyun əyməməlidir'


Jean-Claude Juncker
Jean-Claude Juncker

Avropa Birləşmiş Ştatların hərbi xərcləri artırmaqla bağlı tələblərinə boyun əyməməlidir. Bunu Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyib. Onun sözlərinə görə, inkişaf və humanitar yardım da təhlükəsizlik deməkdir. «Reuters» agentliyi AB rəsmisindən sitat gətirir: «Müasir siyasət təkcə hərbi xərcləri artırmaqdan ibarət olmamalıdır».

XƏRCLƏRİN 70%-İ ABŞ-IN BOYNUNADIR

NATO-ya daxil olan Avropa ölkələrinin hərbi xərcləri artırmasını ABŞ prezidenti Donald Trump istəyib, əks halda ABŞ-ın NATO-yla bağlı öhdəliklərinin sual altında qalacağını deyib. Alyans xərclərinin 70%-ni Birləşmiş Ştatlar ödəyir.

Bu həftə Brüsseldə keçən toplantıda ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, NATO-dakı müttəfiqlər xərcləri artırmasalar, Birləşmiş Ştatlar quruma yardımını azalda bilər.

Buna da bax-ABŞ müdafiə naziri Mattis Shoigu-ya cavab verməyi 'lazım bilmir'

«Bu, Amerikanın çoxdankı mesajıdır. Mən bizim bu məsələyə əhəmiyyət verməyimizin qəti əleyhinəyəm», – J. Juncker belə söyləyib. «Avropanın müdafiə məqsədiylə nələr etdiyinə, üstəlik, inkişafa yardım, humanitar yardımla bağlı fəaliyyətinə nəzər salsanız, ABŞ-la müqayisənin fərqli təsir bağışladığını görərsiniz», – o, sözlərinə əlavə edib.

EFFEKTİV XƏRCLƏMƏ

J.Juncker deyib ki, avropalılar müdafiə xərclərini daha yaxşı götür-qoy etməli, vəsaitlərini daha effektiv xərcləməlidirlər.

J.Juncker bəzi Avropa ölkələrinin Birləşmiş Ştatların tələbini yerinə yetirmək iqtidarında olmadığını da qeyd edib, deyib ki, məsələn, Almaniya ABŞ-ın tələbinə uyğun hərəkət edərək, ÜDM-nin 2%-i orduya xərcləsə, büdcəsində əlavə qalıq qalmayacaq.

«Amerikalı dostlarımızın bu təhlükəsizlik məsələsini hərbi xərclər səviyyəsinə endirməsi heç xoşuma gəlmir», – deyən AB rəsmisi müxtəlif komponentlərdən ibarət «müasir stabillik siyasəti» üzərində dayanmağın daha məqsədəuyğun olduğunu vurğulayıb.

XS
SM
MD
LG