Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:29

Natiq Cəfərlinin işi üzrə qərar qüvvəyə minib


Natiq Cəfərli
Natiq Cəfərli

İyulun 8-də Avropa İnsan Hüquqları Məhkəməsinin “ReAl partiyasının icra katibi Natiq Cəfərli Azərbaycana qarşı” işi üzrə keçən il elan edilmiş qərar qüvvəyə minib.

Bu barədə AzadlıqRadiosuna siyasətçi özü məlumat verib.

Qərara görə, Avropa Məhkəməsi Natiq Cəfərlinin işində Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunulmazlıq) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrin pozuntusunu tanıyıb və 17 min avro təzminat təyin edib. Bunun 15 min avrosu Natiq Cəfərliyə, 2 min avrosu da vəkillik xidmətlərinə aiddir.

Məhkəmə qərarında deyilir ki, Cəfərli siyasi fəaldır, 26 sentyabr 2016-cı ildə keçirilmiş Konstitusiya referendumu ilə bağlı təşviqat kampaniyasında fəal iştirak edib.

"Halların məcmusu göstərir ki, ərizəçinin mübahisələndirdiyi tədbirlərin əsas məqsədi ərizəçini aktiv siyasi fəaliyyətinə görə cəzalandırmaq və onun referendum kampaniyasında müxalifətin nümayəndəsi kimi iştirak etməsinin qarşısını almaq olub", - qərarda qeyd olunur.

“İttiham absurd idi…”

Natiq Cəfərlinin sözlərinə görə, AİHM-ə şikayət onun 2016-cı ildə həbs olunması ilə bağlı idi. Siyasətçi ona qarşı irəli sürülmüş ittihamların heç bir fakta və sübuta söykənmədiyini bildirir.

“İttihamlardan biri vergidən yayılmaqla bağlı idi, halbuki əlimizdə mənim heç bir vergi borcum olmaması ilə bağlı Vergi Nazirliyinin məktub var idi. Həbsimdən bir neçə ay əvvəl VÖEN-imi bağlamışdım və hər ehtimala qarşı belə bir məktub götürdüm. Digər ittiham isə vəzifə səlahiyyətinin aşması idi, lakin mən heç bir vəzifə sahibi deyildim deyə, bu ittiham da absurd idi”.

Siyasətçi həbsinin siyasi qərar olduğunu söyləyir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi baxışlarına görə həbs və ya təqib edilmədiyini, iqtidarın tənqidçilərinin, müxalifətçilərin konkret cinayət törətdiklərinə görə həbs olunduqlarını bəyan edir.

Eyni zamanda rəsmi Bakı siyasi azadlıqların təmin olunduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG