Keçid linkləri

2024, 14 İyul, bazar, Bakı vaxtı 10:39

Narkotikə görə 2 il yarım həbsdən sonra bəraət aldı


'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'

Ağdaş sakini Rövşən Hacıyev 2 il 6 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb. Məhkəmə belə nəticəyə gəlib ki, əslində, onun təqsiri olmayıb, yalançı şahidlərdən istifadə olunaraq saxta ittihamlarla həbs edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Bakının Nizami rayonu, Keşlə qəsəbəsində kafelərdən birinin qarşısında Hacıyevdən 18 kiloqram 200 qram marixuana tapılıb. İttihamda bildirilir ki, Hacıyev əlindəki torbalarla kafeyə gəlib, orada yemək yeyib, sonra da çıxaraq narkotiki satmaq üçün müştəri axtarmağa başlayıb. Bu zaman Nizami Rayon Polis İdarəsinin əməkdaşları gəlib onu şübhəli şəxs qismində saxlayıb. Onlara da Mehman adlı şəxs öncədən məlumat verib ki, "Keşlə" kafesində əlində narkotik dolu biri var, onu satmağa müştəri axtarır.

Hacıyev isə deyir ki, əksinə, o torbaları onun yanına elə həmin gün tanıdığı Mehman qoyub. Deyib ki, az sonra qayıdacaq. Amma az sonra Mehmanın əvəzinə polislər gəlib və onu tutub idarəyə aparıblar.

"Orada hər yer kamera idi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, saxlandığı gün Keşlədə marketdən içki, bir də stəkan alıb, elə mağazanın yaxınlığında içməyə başlayıb. Bu zaman 40-45 yaşında bir kişi yaxınlaşıb: "Zarafatyana dedi ki, "qardaş, deyəsən, içənsən, birini də mənə süz". Bir az kənarda söküntü yerində içdik, söhbətləşdik, birdən dedi ki, ayaqyoluna gedib-gəlirəm. Gördüm ki, kiməsə zəng elədi. Üstündən yarım saat keçəndən sonra dedi ki, yenə araq alıb gəlirəm. O, araq almağa gedəndə mən də mağazaların yanındakı ayaqyoluna getdim. Qayıdanda orada qara rəngli paket vardı. Özüm-özümə fikirləşdim ki, bu torba haradan çıxdı? Orada hər yer kamera idi...".

Hacıyev deyir ki, elə həmin vaxt da mülkigeyimlilər qoluna girib tərpənməməyi tələb ediblər. Onu Nizami Rayon Polis İdarəsinə aparıblar. O gün içkili olduğuna görə nəyə deyiblərsə, imza atıb. Bir gün idarədə saxlandıqdan sonra ertəsi onu Mehmanla içdikləri yerə gətiriblər: "Orada polislər yanıma bir aeroport sumkası qoyub, şəklimi çəkdilər. Məni polislər Nizami rayon prokurorunun yanına aparanda dedilər ki, guya altı aydır izləyirlər, əlimdə sübut tapmırlar. Dedim ki, altı ayda mən Rusiyada olmuşam, Moskvadan deportasiya olunub, Bakıya yeni qayıtmışam. O ərazidəki kamera görüntülərinə baxın, həmin gün mən yeddi-səkkiz dəfə onların qarşısından keçmişəm, nə vaxt əlimdə torba olub?".

Hal şahidləri

Bu işə öncə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və Hacıyev haqqında ittiham hökmü çıxarılıb. Hacıyev gileylənir ki, bu məhkəmədə hakim İradə Həsənzadə nəinki özü həqiqətin üzə çıxmasına təşəbbüs göstərməyib, əksinə, müdafiə tərəfinin də bununla bağlı cəhdlərinin qarşısını alıb. O da etiraz olaraq məhkəmə zalında özünə xəsarət yetirib.

Bu işə Bakı Apellyasiya Məhkəməsində baxılanda Hacıyevin müdafiəçisi hakimlərə bu işdə hal şahidi kimi adı keçən şəxslərin onlarla başqa cinayət işlərində də eyni missiyanı yerinə yetirdiklərini təsdiqləyən sübutlar təqdim edib. Hal şahidlərindən təkcə biri ilə bağlı 36 hökm üzə çıxıb. Digər hal şahidindən isə 72 işdə polislər hal şahidi kimi istifadə edib.

Bakı Apellyasiya Məhkəməsi bu və başqa sübutları nəzərə alaraq, noyabrın 19-da Hacıyev haqqında bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirsizlik prezumpsiyası

Bu işdə diqqətçəkən məsələlərdən biri də Hacıyevin təqsirsizlik prezumpsiyası hüququyla bağlıdır. 2018-ci il iyunun 7-də tutulan Hacıyev haqqında bir gün sonra Daxili İşlər Nazirliyi belə bir açıqlama yayıb: "Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülmüşdür". Həmin vaxt bu açıqlamanı bir çox saytlar da elə bu şəkildə tirajlayıb.

XS
SM
MD
LG