Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 12:48

'Yoldan tapılan' narkotiklər və yerdə yatan dustaqlar


Hüquqşünas: 'Hamı gözəl bilir ki, həyətdə narkotiki kim satır...'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Hüquqşünas: 'Hamı gözəl bilir ki, həyətdə narkotiki kim satır...'

Azərbaycanda həbsdə olanların böyük əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsində suçlanaraq cəzalandırılanlardır. Hazırda məhkəmələrdə baxılan cinayət işləri ilə bağlı vəziyyət də eynidir.

Yüksələn rəqəmlər

Son 20 ildə narkotik ittihamıyla məhkum edilənlərin sayı iki dəfədən də çox artıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2000-ci ildə CM-in 234-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə 1 min 989 cinayət törədilmişdisə, 2020-ci ildə bu göstərici 4 min 832 olub.

2020-ci ildə narkotik vasitələrlə bağlı çıxarılan hökmlərdə təqsirləndirilən şəxslərin əksəriyyətinə - 2 min 53 nəfərə azadlıqdan məhrumetmə cəzası kəsilib. Bunun da 1 min 565-i 5 ilə qədər, qalanı isə 5 ildən 20 ilə qədər həbs cəzası olub.

Hüquqşünas-ekspertlər hesab edir ki, 2021-ci ildə statistik rəqəmlər daha yuxarı olacaq. Çünki bu il narkotik maddələrlə əlaqədar həbs olunanların sayı əvvəlki dövrlərdən xeyli çoxdur.

"Hazırda istintaq təcridxanalarında saxlanılanların azı 60-65 faizi narkotikə görə tutulanlardır. Xüsusən, may-iyun aylarından kəskin artım var. Əksəriyyəti də külli miqdar narkotiklə ittiham olunur. Bakı İstintaq Təcridxanasında kameralarda yer yoxdur. Bir çoxlarında dustaqlara döşək verilib, çarpayı sayından artıq olan dustaqlar yerdə yatırlar", – istintaq təcridxanasındakı mənbə AzadlıqRadiosuna bildirib.

'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

Külli miqdar

Azərbaycan qanunvericiliyinə görə, narkotik maddənin (heroin) çəkisi 2 qramdan çox olarsa, artıq külli miqdar hesab olunur. Azərbaycan Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələr və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, daşıma) maddəsində 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Məcəllənin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) maddəsinin sanksiyasında isə cəza daha ağırdır – 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə.

Vəkillər deyir ki, hüquq-mühafizə orqanları bir çox hallarda narkotik maddənin çəkisinin 2 qramdan artıq olduğunu görüb CM-in 234.4.3 maddəsi ilə ittiham verirlər. Nəticədə narkotik istifadəçiləri də narkotik alverçisi kimi təqdim olunur. Son illərdə bəzən birinci instansiya, daha çox isə apellyasiya və kassasiya instansiya məhkəmələrinin təqsirləndirilən şəxsin ittiham maddəsini 234.4.3-dən 234.1-ə tövsif etməsi halları artıb. Hətta siyasi fəalların işlərində də bu tendensiya dəfələrlə müşahidə olunub. Məsələn, AXCP üzvü Orxan Baxışlının işində Ali Məhkəmə, 2020-ci ilin iyulunda Bakıda Qarabağ yürüşünü başladanlardan biri olan ictimai fəal Tahir Heydərovun (Zəngilanlı) işində Bakı Ağır Cinayətlər Məhkəməsi eyni addımı atdı.

'Narkomanlar gecə Heydər Parkına yığışır' - 'Patı' əməliyyatları effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Narkotikin alıcısı və mənbəyi

"Adamlara "narkotik satma", "külli miqdarda narkotik daşıma" kimi ittihamlar verirlər, amma nə narkotikin alıcısı olur, nə mənbəyi. Narkotiklərin mənbəyi ilə bağlı da heç bir araşdırma aparılmır ki, kimindir, haradan əldə edilib? Bu qəbildən olan cinayət işlərinin əksəriyyətində də standart ifadələr olur, guya yoldan tapılıb, yaxud da tanımadığı şəxsdən alıb. Biz də gündə yollardayıq, bizim qarşımıza niyə çıxmır? Yaxud da tanımadığı şəxs adama narkotik satarmı?", – vəkil Zabil Qəhrəmanov belə deyir.

Vəkil əlavə edib ki, son aylarda müdafiəçi kimi iştirak etdiyi bir neçə məhkəmə işində narkotik ittihamıyla mühakimə olunan bəzi müvəkkillərinin bəraət almasına nail olub. Məsələn, Fariz Musayev, Kamran Hüseynov, Şamil Nağıyevə CM-in 234.4.3 maddəsi ilə bəraət verilib.

Digər vəkil Adilə Məmmədova bildirib ki, narkotik işlərinin bir çox hallarında sübut olaraq şahid kimi polislərin ifadələrinə istinad olunur. Bu isə yolverilməzdir: "Çünki polislər maraqlı tərəfdir, adamı da onlar tutublar. Onlar öz maraqlarına uyğun ifadə verəcəklər. Yalnız polis ifadələrinə əsaslanıb adamın təqsirli olması qənaətinə gəlmək doğru deyil".

R.Cəfərov
R.Cəfərov

Əmələ adekvat cəza

Bakı İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov AzadlıqRadiosuna bu məsələni şərh edərkən Ali Məhkəmənin Plenum qərarını yada salıb. Qərarda hansı hallarda şəxsə narkotik satışı ittihamı verilməsi konkretləşdirilib. Məsələn, şəxsin üzərindən tərəzi də tapılarsa, narkotik maddə bükümlər şəklində ayrı-ayrılıqda saxlanarsa və s.

"Biz demirik ki, narkotikə görə cinayət təqibi həyata keçirilməsin. Sadəcə, vacibdir ki, qanunda təsbit olunmuş prinsiplərə əməl olunsun, cəzalandırma prosesi əmələ adekvat olsun. İşi ağırlaşdırmaq məqsədilə hər üstündən narkotik çıxanı narkotik satıcısı kimi təqdim eləmək narkotiklə mübarizə siyasətinə dəstək vermir", – Cəfərovun sözləridir.

Ə.Nuriyev
Ə.Nuriyev

Dronlar, maarifləndirmə və bahalı müalicə üsulları

Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev hesab edir ki, narkotik maddə alverçilərinə münasibətdə qanunvericilik daha da sərtləşdirilməli, narkotacirlərlə narkotik istifadəçiləri arasında ciddi fərq qoyulmalıdır: "İstifadəçilərə münasibətdə tibbi-sosial yanaşma tətbiq edilməli, onlar həm də müalicə olunmalıdır. Bir sıra hallarda istintaq materiallarında yazırlar ki, "naməlum mənbədən əldə olunan". Əsas məsələ mənbəni tapmaqdır. Bəzən istintaq keyfiyyətli aparılmır, bəzən əsası olmadan şəxslərin məsuliyyətə cəlb olunması hallarını da müşahidə edirik".

Nuriyevin sözlərinə görə, son illərdə ölkədə sintetik narkotik maddələrin dövriyyəsi genişlənib. Bu maddələrin daha çox kənardan, özəlliklə İrandan qaçaqmalçılıq yoluyla ölkəyə daxil olduğunu vurğulayan İctimai Şura sədrinin fikrincə, sanki sistemli şəkildə cənubdan bu istiqamətdə hücum var. Nuriyev sərhədboyu bu cür halların aşkarlanması üçün dronlardan istifadənin vacib olduğunu düşünür. O, həmçinin sərhəd rayonlarda, orta məktəblərdə maarifləndirmə işini, eləcə də dünyada tətbiq olunan səmərəli müalicə üsullarını ölkəyə gətirməyi vacib sayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG