Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:08

'Dövlətə arxalanıb ora xəstə qoymuşuq, bizə külünü qaytardılar'


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Narkoloji Mərkəzdə 25 nəfərin öldüyü yanğına görə həbs olunanlardan biri – Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev sentyabrın 4-dən aclıq aksiyasına başlayıb. Bu yolla o, təqsiri olmadan həbsdə saxlanmasına, işinə obyektiv baxılmamasına etiraz edir.

M.Abdullayevin bu məzmunda ərizəsini vəkili Bəylər Məmişov sentyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə yanğın hadisəsini araşdıran hakim Azər Paşayevə təqdim edib.

M.Abdullayev yazır ki, hadisəyə aidiyyəti yoxdur, vəkilinin onun təqsirsizliyini sübut etmək məqsədiylə məhkəmədə qaldırdığı vəsatətlərin heç biri təmin olunmayıb. Bütün bunları özünə qarşı qərəz hesab edir.

M.Abdullayev belə bir ərizə yazdığını təsdiqləyib və məhkəmədə iştirak etmək istəmədiyini söyləyib: «Xahiş edirəm, mənim zaldan çıxarılmağımı təmin edəsiniz».

Ancaq onu zaldan çıxarmayıblar.

«Hər ikisində döydülər...»

Yanğında yaxınlarını itirmiş zərərçəkmişlər də M.Abdullayevin həbsdə saxlanmasına etiraz ediblər: ««Oxran»ın nə günahı var, axı... Tülkü qaçıb, dovşanı tuturlar. Biz dövlətə arxalanıb, ora xəstə aparıb qoymuşuq. Ona görə qoymamışdıq ki, üç gün sonra külünü bizə qaytarsınlar. Kiminsə kiminləsə prinsipi vardı, olan bizə oldu. Həmin gün növbədə olanlar haradadır? Onlar gəlsin bura...».

Zərərçəkənlər işin yenidən istintaqa qaytarılmasını istəyiblər.

Prokurorluğun gəldiyi nəticə budur ki, Narkoloji Mərkəzi orada müalicə olunan xəstələrdən biri, alkoqolizmdən əziyyət çəkən Məhəmməd Məmmədov yandırıb. Təqsirləndirilən dörd nəfər arasında olan M.Məmmədov isə ötən məhkəmə iclasında ifadə verəndə cinayətin işgəncə yoluyla onun boynuna qoyulduğunu demişdi. Hakim bu dəfə ondan konkret harada döyüldüyünü soruşub:

«Məni tutub başıaşağı vəziyyətdə bir yerə gətirdilər. Xətaidə idi, deyəsən. Oradan da «bandotdel»ə (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) apardılar. Hər ikisində döydülər. Birinci Xətaidə döyüb kağızlara qol çəkdirdilər. Sonra «bandotdel»də öyrətdilər ki, «indi müstəntiq gələcək, ona bunları deyərsən». Guya, Afət xanımın (müalicə həkimi), oğlumun məni orada qanunsuz saxlamalarına görə mən yandırmışam. Demək istəməyəndə döydülər ki, «nədir, onlar bizdən güclü adamdır ki, orada boynuna almısan, burada yox?»».

«Bilsəydim, xəstəyə çay-siqaret aldığıma görə məhkəmə qarşısına çıxacam...»

Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova da təqsirləndirilənlər arasındadır və o, sentyabrın 4-də məhkəmədə ifadə verib. Deyib ki, M.Məmmədovun yaxınlarından rüşvət alıb, onu Mərkəzdə saxlaması barədə ittihamda yazılanlar yalandır: «Mamed dayı 1998-ci ildən orada müalicə olunur, mən 2011-ci ildən onun həkimiyəm. Heç hadisə olan dövrdə mən işdə olmamışam, təkmilləşdirmə kursuna gedirdim. Şənbə günləri imkan tapıb, gəlib xəstələrə baş çəkirdim. Orada olmaya-olmaya necə rüşvət alıb, xəstə saxlaya bilərdim? Mamed dayıya demişdim ki, yaxın vaxtlarda evə yazacağam, ancaq ora gələndə qəbul şöbəsinin həkimi dedi ki, vəziyyəti ilə əlaqədar yenə qalmalıdır».

İttihamda yazılıb ki. A.Məmmədova M.Məmmədovun oğlundan rüşvət alıb ki, atasını orada saxlasın. Təqsirləndirilən həkim isə deyir ki, 2015-ci ildə M.Məmmədov həyat yoldaşından boşanandan sonra onun oğlunu tanıyıb. Onda da oğlu xahiş edib ki, Mərkəzin yanındakı mağazadan çay, siqaret alıb atasına versin: «Əgər bilsəydim ki, xəstəyə mağazadan çay, siqaret alıb verdiyimə görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt eləməzdim».

A.Məmmədovanın dediyinə görə, başqa xəstələr üçün də mağazadan lazımi ərzaqlar alınırdı, yaxınları gələndə pulunu ödəyirdi.

Təqsirləndirilən həkim xəstələrin orada pulsuz müalicə aldığını desə də, məhkəmə zalındakı zərərçəkmişlər etiraz edib: «Orada heç kim pulsuz qalmırdı. Bu adam martın 1-də çıxmalıydı, niyə qoymayıblar çıxsın? Əgər deyibsə ki, «mən buranı yandıracağam», niyə nəzarətsiz buraxılıb?».

A.Məmmədova cavabında deyib ki, M.Məmmədov ona elə söz deməyib: «Deyəndə ki, bir az da qalacaqsan, sakit qarşıladı. Mən tanıdığım Mamed dayı özünə qəsd eləməzdi».

Digər iki təqsirləndirilən – Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndis Mahir Abdullayev indiki mərhələdə ifadə verməkdən imtina edib.

Narkoloji Mərkəzdə müalicə üçün alınan pullar...

Yaxınlarını itirmiş zərərçəkmişlər də ifadə verib. Arifə Abbasova deyir ki, qardaşı Akif yanıb tanınmaz hala düşmüşdü, onun kimliyi hadisədən dörd gün sonra DNT analiziylə müəyyənləşib.

Məhbubə Dəmirovanın həyat yoldaşı hadisədən üç gün öncə Mərkəzə yerləşdirilibmiş, gənc yaşlarında olan əmisi oğlu ilə birlikdə. Hər ikisi də yanğında dünyasını dəyişib: «Deyirdi ki, yaşlaşmışam, nəvəm olacaq, bu işlərdən uzaqlaşıb, haqq yoluna qayıtmaq istəyirəm. Gedəndə müalicə üçün 400 manat pul götürmüşdü. Hadisədən sonra həkimə zəng elədik, pulumuzu qaytardı».

Zərərçəkmiş Məhbubə Kərimova da həyat yoldaşı orada saxlanılarkən pul verdiklərini deyir: «Deyirdilər ki, bizlik deyil, dərmana-filan pul lazımdır».

Yanğın zamanı Mərkəzdə olub sağ qalmış Hüseyn Səfərəliyev deyir ki, səhərə yaxın ayaqyoludan geri qayıdanda dəhlizin tüstüləndiyini, adamların qışqırdığını görüb: «Bir nəfər qışqırırdı ki, «Mamed otağı yandırdı, su gətir». Mən suya getmədim, qaçdım ki, adamları oyadım. Eşitmişdim ki, Mamed kişi guya yorğanın altında araq içirmiş... Nə bilim. Korpusun o biri qapıları mismarlanmışdı, ancaq bir tərəfindəki açıq idi. Dəhliz tüstü idi deyə, xəstələr uzun-uzadı qapıya gələnə qədər elə otaqdakı pəncərələrdən çıxmaq üçün dəmir barmaqlıqları sındırmağa çalışırdılar. Biri vardı, qapının ağzında kül olmuşdu...».

H.Səfərəliyev deyir ki, onun müalicəsi üçün valideynlərindən 660 manat pul alınıb.

Məhkəmə sentyabrın 7-də davam edəcək.

Martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğında 25 nəfər ölüb, daha 29-u xəsarət alıb. Hadisə nəticəsində Mərkəzə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

Məhkəmə önünə çıxarılan dörd nəfərdən M.Məmmədova qəsdən adam öldürmə, T.Məmmədhəsənov və M.Abdullayevə yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, A.Məmmədova isə rüşvət alma ittihamları verilib. Onların heç biri özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG