Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Qardaşı yanğında ölən hüquq müdafiəçisi: ‘Dövlət orqanları nəticə çıxarsınlar…’


Murad Sadəddinov
Murad Sadəddinov

Respublika Narkoloji Mərkəzindəki yanğında ölən 25 nəfərin arasında hüquq müdafiəçisi Murad Sadəddinovun qardaşı, ixtisasca həkim olan Azər Sadəddinov da vardı. Ona görə də hüquq müdafiəçisi zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

Artıq məhkəmə araşdırmaları başa çatıb, prokuror bu yanğına görə cinayət məsuliyyətinə cəlb olunmuş dörd nəfərə cəza da istəyib. İndi söz zərərçəkən tərəfindir.

Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Murad Sadəddinov deyir ki, heç kimə qarşı şikayət və tələbi yoxdur, ancaq dövlət orqanlarının bu cür hadisələrdən nəticə çıxarmasını istəyir:

"Bugünlərdə Bakıda yenə də böyük bir yanğın oldu, böyük bir ticarət mərkəzi məhv oldu. Elə bu ərəfədə mərkəzdə - Beşmərtəbə tərəfdə də yanğın vardı. Nə qədər o tərəf-bu tərəfə baxdım, yanğınsöndürən görmədim. Qardaşım da daxil, ölənləri geri qaytara bilməyəcəyik. Heç olmasa, səhiyyə və başqa dövlət orqanları nəticə çıxarsınlar".

Narkoloji dispanser yanğından sonra
Narkoloji dispanser yanğından sonra

Yanğında qardaşı Akifi itirmiş zərərçəkən Arifə Abbasova prokurorun istədiyi cəzalardan narazı qalıb. Deyir ki, necə olur, Məhəmməd Məmmədovu yanğını törətməkdə təqsirli bilib ona ömürlük həbs, amma onu oğlunun göstərişilə orada saxlayan şöbə müdiri Afət Məmmədovaya şərti cəza verilməsini istəyir:

"Əgər Məhəmmədə ömürlük həbs veriləcəksə, onda Afət Məmmədova da həbs olunsun".

65 yaşlı adama ömürlük həbs cəzası

Zərərçəkən hesab edir ki, Məhəmməd Məmmədovun yanğını törətməsi məhkəmədə sübuta yetirilməyib:

"Əgər məhkəmə də prokurorun istədiyi kimi hökm versə, mən razılaşmayacağam. Apellyasiya şikayəti verəcəyəm, prezidentə yazacağam".

Təqsirləndirilən Məhəmməd Məmmədovun vəkili də ona qarşı ittihamın sübuta yetirilmədiyini deyir:

"Dövlətimizi sarsıtmaq istəmiriksə, günahsız, ahıl bir adam törətmədiyi cinayətə görə cəzalandırılmamalıdır".

Vəkil deyir ki, Məhəmməd bu cinayəti törətmiş olsaydı belə, prokurorun ona ömürlük həbs cəzası istəməsi doğru deyildi. Çünki Azərbaycanda qanun 65 yaşlı şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir.

Mərkəzin əməyin mühafizəsi üzrə mühəndisi olmuş Mahir Abdullayevin vəkili Elnur Məmmədov da müvəkkilinin günahsız olduğunu deyir: "Bu hadisə cəmiyyətdə səs-küy yaratdığına görə gözdən pərdə asmaq üçün Mahir Abdullayevi də qurban seçiblər. İttihamda yazılanlar söz yığınından başqa bir şey deyil".

Ötən il martın 2-də səhər saat 6 radələrində Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG