Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Tibb qeydiyyatçısı məhkəmədə baş həkimin üzünə durdu


Korrupsiya.
Korrupsiya.

Bakı Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənovla xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyeva arasında məhkəmədə qalmaqal yaranıb. Tibb qeydiyyatçısı sabiq baş həkimin əleyhinə ifadə verərək, dispanserdə rüşvətin onun göstərişi ilə alındığını bildirib. H.Həsənov isə işçisinin yalan danışdığını deyir.

Rüşvət almaqda suçlanan H.Həsənov və Mətanət Şamçıyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyulun 4-də keçirilən məhkəmədə ittiham aktı elan olunub. Ardından təqsirləndirilən şəxslər ifadə veriblər.

M.Şamçıyeva ifadəsində deyib ki, dispanserdə arayış vermək üçün vətəndaşlardan pulu yığıb baş həkimə verib:

***Buna da bax-'2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?'

«Hüseyn müəllim özü demişdi ki, pulları yığıb mənə ver. Dekabrdan pul toplanmağa başlamışdı, fevralın 1-nə qədər 2 min 800 manat pul yığılmışdı. Pulun nə vaxt verilməsini baş həkim təyin edirdi».

«LABORATORİYADA 300, EVDƏ 500 MANAT QALMIŞDI»

Şamçıyeva söyləyir ki, baş həkimin istədiyi kimi pulu yığıb verməsə, işdən qovulacağından qorxub.

H.Həsənovla 11 il birlikdə işlədiklərini deyən sabiq tibb qeydiyyatçısının sözlərinə görə, arayışa görə standart pul tələb olunmurdu, 1 manat verən də olub, 5 manat verən də, hətta qəpik qoyub gedən də.

«Hüseyn müəllim deyirdi ki, pulları mənim otağıma qoyma. Mən də öz otağımda saxlamağa qorxurdum. Ona görə laboratoriyada saxlayırdım, orada 300 manat var idi. Evdə də əlavə 500 manat qalmışdı», – M.Şamçıyeva ifadəsində bildirib.

Şamçıyevanın belə danışmasından sonra H.Həsənovun vəkili onun fevralın 23-də verdiyi ifadənin elan olunmasını istəyib.

İfadədə Şamçıyeva deyir ki, arayış vermək qanunla pulsuzdur, özü də heç vaxt pul tələb etməyib:

«Vətəndaşlar pul vermək istəyirdilər, mən götürməmişdən əvvəl baş həkimə məlumat verdim. O da pulu toplayıb ona verməyimi tapşırdı».

«ONA PUL YIĞMAĞI TAPŞIRMAMIŞAM»

Sabiq baş həkim M.Şamçıyevanın yalan danışdığını deyib:

«Bu qadın yalan danışır. Mən nə ona pul yığmağı tapşırmışam, nə pul yığılmasından xəbərim olun, nə də mənə pul verilib».

***Buna da bax-'Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar'

H.Həsənov bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatın videogörüntülərindəki adamın onun özü olub-olmadığı da bəlli deyil. Sabiq baş həkim bu faktın müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsini istəyib.

«O görüntülərdə səslənən pul söhbətinin rüşvətlə heç bir əlaqəsi yoxdur. Söhbət ondan gedir ki, o əməliyyatdan bir neçə gün öncə Mətanət xanım mənə müraciət edərək, özünə mebel almaq üçün borc istəmişdi. Mebellə bağlı konkret qərar vermədiyi üçün təxminən 3 min manat istəmişdi, mən də razılıq verdim. Dedim ki, filan gün gəl, pulunu götür. Amma bir şərt qoydum ki, işçilər bunu bilməsin, sonra hər kəs gəlib pul istəməsin, mən bank deyiləm. Heç vaxt üstümdə o qədər pul gəzdirmirəm. Həmin gün isə özümlə həmin pulu götürüb işə gəldim. Pulu ona verdim. Mənə demişdi ki, 4-5 aya borcunu qaytaracaq, amma hələ də qaytarmayıb. İnşallah, qaytarar», – sabiq baş həkim belə deyib.

«O BİRİ OTAĞA APARDILAR»

Onun sözlərinə görə, prokurorluq əməkdaşları iki dəfə çəkiliş edib:

«Əvvəl içəri girən kimi soruşdular ki, bu nə puldur? Mətanət xanım dedi ki, borcdur. Onlar kameranı söndürüb Mətanət xanımı o biri otağa apardılar, yarım saat nəsə söhbət etdilər. Sonra mənim otağıma gəldilər, yenidən kameranı qoşdular. Bu dəfə Mətanət xanım dedi ki, pul arayışlardan yığılıb».

M.Şamçıyeva da H.Həsənovun yalan danışdığını bildirib.

Məhkəmə iyulun 13-də davam edəcək.

H.Həsənov rəhbərlik etdiyi dispanserdə tibb qeydiyyatçısı vasitəsilə narkoloji qeydiyyat barədə arayışların verilməsi müqabilində rüşvət almaqda suçlanır. İttihamda ümumilikdə 3 min 190 manatlıq rüşvətdən söhbət gedir.

Tibb elmləri namizədi, dosent olan H.Həsənov həbsdə olsa da, M.Şamçıyeva barəsində istintaq və məhkəmə dövrü üçün polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG