Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 00:37

Nardaran məhbusları 'kars'a salınıb


Həbsxana

2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatdan sonra həbs olunan şəxslərdən üçü Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına (kars) salınıb. Cəzalandırılan dustaqlar Ağəli Yəhyayev, Seyfəddin ŞirvanovƏli Şahbazovdur.

Adları çəkilən şəxslər «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov və daha 8 nəfərlə birlikdə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Elə onların cəzalandırılmasına səbəb də dekabrın 26-da məhkəmədə baş vermiş insident olub. Bu məhkəmə prosesini izləməyə gələnlər xüsusi cihazlarla yoxlanılır, telefonları və başqa əşyaları alınır. Budəfəki məhkəmənin fasiləsində nəzarətçilər prosesi izləməyə gələn qadınlardan birində telefon görüb onu alarkən aralarında mübahisə yaşanıb.

Məlumatı vəkil Fariz Namazlı da təsdiqləyib. Müdafiəçi AzadlıqRadiosuna bildirib ki, Nardaran məhbusları üçgünlük cəzalandırılıb:

«Nəzarətçilərdən birinin qadının qolundan tutub dartmasına təqsirləndirilən şəxslər etiraz ediblər. Nəticədə dustaqlarla nəzarətçilər arasında mübahisə düşüb. Onlardan üçünü məhkəmədən sonra istintaq təcridxanasına aparıb birbaşa «kars»a salıblar. Onların saçını qırxıblar».

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı «Nardaran işi-3» olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

Cəzalandırılan dustaqlar da daxil, daha 12 nəfərin məhkəməsi də yekunlaşmaq üzrədir. Onlar məhkəmədə son sözlərini deyirlər. Ardınca hökm oxunacaq. Prokuror 12 nəfərə 13 ildən 16 ilə qədər həbs cəzası istəyib.

«Nardaran məhbusları» məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG