Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

Nardaran hadisələrinə görə daha 154 il cəza


Nardaranda əməliyyat. Foto illüstrasiya
Nardaranda əməliyyat. Foto illüstrasiya

Nardaran hadisələrindən sonra həbs olunub, terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa 10-dan artıq ağır maddələrlə suçlanan daha 12 nəfərin məhkəməsi başa çatıb. Aralarında «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov, ilahiyyatçılar Nahid Qəhrəmanovİsa İbrahimovun da olduğu təqsirləndirilən şəxslərə dekabrın 28-də hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi, Samir Əliyev və Rahib Salmanovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə il 154 il 6 ay həbs cəzası verilib.

Ayrı-ayrılıqda Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 15 il, Nahid Qəhrəmanova 13 il, İsa İbrahimov, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seyfəddin Şirvanovun hər birinə 12 il 6 ay, Əli Şahbazov, Seymur Aslanov, Ramil Əliyev və Əmirəli Əliyevə isə 12 il 3 ay həbs cəzası kəsilib.

Təqsirləndirilən şəxslər hökmə dini şüarlarla reaksiya verib.

“Bu məhkəmə onların günahsızlığını sübut etdi”

Belə bir hökmün çıxarılmasından təəssüfləndiyini deyən vəkil İradə Cavadovanın fikrincə, məhkəmə prosesi əksinə, təqsirləndirilən şəxslərin günahsızlığını ortaya qoydu.
“Mən bu işdə iki nəfərin vəkili idim – Əli Şahbazov və Əmirəli Əliyevin. Əli Şahbazovun atasını həbs eləmişdilər. Onu çağırıb demişdilər ki, müəyyən sənədlərə imza atsan, atanı buraxarıq. O da razılaşmışdı. Əmirəli Əliyev yaşlı, xəstə adamdır. Ümumiyyətlə, adam bilmir ki, onu niyə həbs eləyiblər. Müdafiə elədiyim şəxslərin heç biri “Müsəlman Birliyi” hərəkatının üzvü də olmayıb. Buket şəklində verilmiş ittihamların heç biri sübutlara söykənmir”, – İ.Cavadova bildirib.

Müdafiəçinin sözlərinə görə, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub:

“Əliyev Əmirəli haqqında həbs qərarı veriləndə ümumiyyətlə, vəkil iştirak etməyib, sonradan protokollara imza atıb”.

Müdafiəçi apellyasiya şikayəti verəcək, amma bu instansiyadan da ədalətli nəticə gözləmir. Deyir ki, ədalətli nəticə olmasa, ondan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər:

“Ümidimiz az da olsa, Ali Məhkəməyədir. Bu işdə çoxsaylı pozuntulara yol verilib. Bəlkə Ali Məhkəmə onlara diqqət yetirər. Amma ölkə daxilində ədalətli nəticəyə nail ola bilməsək, Avropa Məhkəməsinə müraciət etməyi düşünürük”.

“Heç olmasa, təşkilatın üzvü olmayanlara yumşaq münasibət gözləyirdik...”

Elçin Qasımovun vəkili Fariz Namazlı da hökmün qanunsuz və əsassız olduğunu söyləyir. O da hesab edir ki, məhkəmədə ittihamların saxtalığı sübut olundu. Təqsirləndirilən şəxslərin istər həbs olunarkən, istərsə də ondan sonra xeyli qanunsuzluqlarla üzləşdiyini deyən vəkil onların işgəncəyə məruz qaldığını, ailə üzvləri ilə hədələndirklərini xatırladır.

Qanun pozuntularının məhkəmədə də davam etdiyini deyən F.Namazlı müdafiə tərəfinin çoxsaylı vəsatətlərinin təmin olunmadığını yada salır:

“Elə vəsatətlər təmin olundu ki, iş üçün ciddi əhəmiyyət kəsb etmirdi”.

Bununla belə, hökm F.Namazlı üçün gözlənilməz olmayıb.

“Bəllidir ki, “Müsəlman Birliyi” hərəkatının üzvlərinə qarşı amansız repressiya var. Amma heç olmasa, bu hərəkatın üzvü olmayan, təşkilatla yaxından-uzaqdan bağlılığı olmayan şəxslərə qarşı nisbətən yumşaq münasibət gözləyirdik. Təəssüf ki, bunu da eləmədilər”, – Namazlı bildirib.

Vəkillər hökmün əsassız və qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı «Nardaran işi-3» olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə 12 il 3 aydan 17 ilə qədər olmaqla, ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Onların arasında ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev də var.

«Nardaran məhbusları» məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG