Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:18

'Nardaran işi'ndə təqsirləndirilən məhkəməyə gələ bilmir


Hadisənin şahidi: Namaz üstdən qalxıb bayıra çıxdıq ki, bizi atəşə tutdular
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Hadisənin şahidi: Namaz üstdən qalxıb bayıra çıxdıq ki, bizi atəşə tutdular

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda altı nəfərin ölümü ilə nəticələnmiş əməliyyatla bağlı daha bir məhkəmə başlayıb. Əməliyyatın keçirildiyi evin sahibi, həmin gün yaralanıb hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov və Nardaran hadisələrinə görə axtarışda olub 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bu işə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Hazırlıq iclasında məlum olub ki, Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan E.İsgəndərov gətirilsə də, yataq xəstəsi olan Ə.Bünyadov məhkəmədə iştirak etmir. Təqsirləndirilən şəxslərdən birinin iştirakı olmadığından hazırlıq iclası avqustun 29-na qədər təxirə salınıb. Bu müddətdə Bünyadovun məhkəmədə iştirakının necə təmin olunması məsələsinə baxılacaq.

***Buna da bax-Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

2015-ci il noyabrın 26-da polis əməliyyatı Ə.Bünyadovun evində keçirilmiş, o, yaralı halda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunmuşdu. Amma onların haqqında cinayət işi məhkəməyə göndəriləndə Ə.Bünyadovun işi ayrıldı.

«MƏHKƏMƏDƏ İŞTİRAKI QƏLİZ MƏSƏLƏDİR»

2016-cı ilin dekabrında Bünyadov haqqında həbs-qətimkan tədbiri dəyişdirildi. Penitensiar Xidmətin Müalicə Müəssisəsində yataq şəraitində saxlanılan Ə.Bünyadov polis nəzarətinə vermə qətimkan tədbiri ilə evinə göndərildi.

Nardaran əməliyyatının səbəbləri... (ŞƏRHLƏR, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:52 0:00

Vəkil Fariz Namazlı deyir ki, Bünyadovun məhkəmədə iştirakı qəliz məsələdir. Çünki onun bədəninin üçdə bir hissəsi hərəkətsizdir, əyləşə bilmir.

Vəkil Ə.Bünyadov haqqında işin yenidən ayrılmasını və icraatın qeyri-müəyyən vaxta qədər təxirə salınmasını da istisna etmir.

***Buna da bax-Taleh Bağırov: 'Niyə mənə ömürlük vermədilər?'

Digər təqsirləndirilən Elxan İsgəndərov əməliyyat zamanı hadisə yerində olmasa da, ona da terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd, polisə müqavimət və başqa maddələrlə ittiham verilib. O, 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə etiraz olaraq, Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiya zamanı həbs olunub. Ona 15 sutka inzibati həbs cəzası verilib. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında qərar ləğv olunub, onun haqqında materiallar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərilib. E.İsgəndərov axtarışda olduğundan bu il martın 15-də həbs olunub.

Əbülfəz Bünyadova isə qəsdən adam öldürmə də daxil, Taleh Bağırovgilə verilən bütün maddələrlə ittiham irəli sürülüb.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG