Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:37

Taleh Bağırov: 'Niyə mənə ömürlük vermədilər?'


Nardaran. İllüstrasiya. Gündüz Ağayev.
Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

“İlham Əliyev, bəsdir bu xalqı aldatdın...”, - Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun sözləridir. O, bu fikirləri iyulun 7-də öz məhkəməsində səsləndirib.

Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Nardaran hadisələrinə görə həbs olunan daha 16 nəfərin hökmündən verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Bu iş üzrə apellyasiya məhkəməsinin ötən iclasında Taleh Bağırov və daha bir neçə təqsirləndirilən şəxsin vəkili Yalçın İmanov 284 səhifəli qeydlər təqdim etmişdi. Qeydlər bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasların protokollarına etirazlardan ibarət idi. Vəkil bildirirdi ki, məhkəmə iclas protokollarında çoxlu saxtakarlıqlar var, ifadələr təhrif olunub.

Buna da bax:​ 'Nardaran işi': 'Kim gedib polisin əlindən zorla adam ala bilər?'

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işinə baxmış hakim Əlövsət Abbasov vəkilin qeydlərilə razılaşmayıb və bu haqda müvafiq qərar qəbul edib. Bu haqda iyulun 7-də vəkillərə Bakı Apellyasiya Məhkəməsində bu işə baxan hakim Əmir Bayramov məlumat verib.

Məhkəmədə adamları dəmir qəfəsdə saxlamaq ləyaqəti alçaldan rəftardır

Ardınca vəkillər bir sıra vəsatətlər qaldırıblar. Yalçın İmanov təqsirləndirilən şəxslərin dəmir qəfəsdən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi haqda vəsatət qaldırıb. Bildirib ki, təqsirləndirilən şəxslərin dəmir qəfəsdə saxlanması məhkəmədə tərəflərin bərabərliyi prinsipini pozmaqla yanaşı, həm də Avropa Konvensiyasının 3 (işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftarın yolverilməzliyi) və 6-cı (ədalətli mühakimə hüququ) maddələrinə ziddir.

Buna da bax: Taleh Bağırovgilin işi ilkin instansiyaya qaytarıldı

Yalçın İmanov
Yalçın İmanov

Digər vəkil Cavad Cavadov isə məhkəmə iclaslarının audio və video yazısına icazə verilməsi haqda vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, əgər video və audio yazıya imkan verilsəydi, birinci instansiya məhkəməsinin iclas protokollarındakı təhriflər də ortaya çıxmazdı.

Taleh Bağırov Azərbaycan xalqına başsağlığı verdi

Taleh Bağırov
Taleh Bağırov

Vəkillərin vəsatətlərinə münasibət bildirən Taleh Bağırov çıxışına Füzuli rayonunun Alıxanlı kəndində 2 yaşlı Zəhranın və nənəsinin qətlə yetirilməsinə görə Azərbaycan xalqına başsağlığı verməklə başlayıb. O, məhkəmədən Prezident İlham Əliyevə müraciət edib: “İlham Əliyev, bəsdir bu xalqı aldatdın...!"

Buna da bax: Taleh Bağırovun adsız oğlu

Bakı Ağır Cinayətlər Məhkəməsində bizim işimiz üzrə protokolu yazan Çingiz adlı şəxs bizim məhkəmədən dərhal sonra dünyasını dəyişdi. Görünür, hakim bizim protokolları da dəfn edib”.

Yalçın İmanov həmçinin təqsirləndirilən şəxslərin qərar elan olunana qədər ev dustaqlığına buraxılması, apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması haqda vəsatətlər qaldırıb: “Birinci instansiya məhkəməsində biz rəy vermiş ekspertlərin, hal şahidlərininvə digər şəxslərin əlavə şahid qismində dindirilməsi haqda vəsatətlər qaldırdıq. Heç biri təmin olunmadı. Beş məhkəmə iclası təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirildi. Birinci instansiya məhkəməsi faktiki bu işi araşdırmaqdan imtina etdi, heç olmasa, siz araşdırın”.

Buna da bax:​ Taleh Bağırov AŞPA məruzəçiləri ilə görüşmək istəyir

“Niyə xalqı aldadıb ki, Taleh Bağırzadə terrorçudur?”

Taleh Bağırov da məhkəmə ədalətsizliyindən gileylənib və Prezident İlham Əliyevin məhkəmədə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Bildirib ki, onu 21 maddə üzrə təqsirli biliblər, o maddələrin də bir neçəsində ömürlük həbs nəzərdə tutulub. Amma ona ömürlük yox, 20 il həbs veriblər: “Çünki özləri də yaxşı bilirlər ki, ittihamlar əsassızdır. O iki polisin də, dörd şəhid qardaşımızın da ölümünün bizə heç bir aidiyyəti yoxdur. Özləri eləyib. Əgər o adamların ölümü ilə nəticələnən hadisənin təşkilatçısı idimsə, niyə mənə ömürlük vermədilər? İlham Əliyev gəlib burada cavab versin. Niyə bu xalqı aldadıb ki, Taleh Bağırzadə terrorçudur?”

Ardınca hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra geri qayıdaraq, vəsatətlərin heç birinin təmin olunmadığını elan edib. Məhkəmə baxışı iyulun 13-nə təyin olunub.

Buna da bax:​ İlahiyyatçını 'karsa' məhkəmə iclasından sonra salıblar

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax: Şahid ifadəsindən: 'O, həmişə Nardarana qara avtomobili ilə gəlirdi...'

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG