Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Nardaran məhbusunun anası: 'Balanın ölüm xəbəriylə yaşamaq...'


C.Babakişizadə
C.Babakişizadə

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldürüldüyü əməliyyatda güllələnib həbs olunarkən cəmi 18 yaşında olan Cahad Babakişizadənin cəzası ağırlaşdırılıb.

İlahiyyatçı Taleh Bağırov və daha 16 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılan C.Babakişizadəyə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, 14 il 6 ay həbs kəsilmişdi.

12 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Cahadın 3 illik Qobustandakı qapalı həbsxana rejiminə köçürülməsinə qərar verilib. Bu barədə Qaradağ Rayon Məhkəməsi bu günlərdə müəssisə rəhbərliyinin təqdimatı əsasında qərar çıxarıb.

«İntizam qaydalarını pozur»

Müəssisə rəhbərliyi iddia edib ki, C.Babakişizadə daxili intizam qaydalarını pozur. Bununla əlaqədar, bir neçə dəfə müəssisə daxilində qanunvericiliyə uyğun qaydada cəzalandırılsa da, nəticə çıxarmayıb.

Ancaq 21 yaşlı Nardaran məhbusu və onun yaxınları müəssisə rəhbərliyinin iddialarıyla razılaşmır. Onun 3 illik həbsxana rejiminə köçürülməsi barədə qərardan apellyasiya şikayəti verilib.

«Talehin şəkliylə tutub, adını qoyublar ki, yerini çirkli saxlayır»

Anası Rəhilə Babakişizadə AzadlıqRadiosuna danışır ki, Cahadı müxtəlif bəhanələrlə cərimə kamerasına (kars) salıb incidirdilər. Hətta əsassız cəzalandırıldığına görə 8 gün aclıq aksiyası da keçirib, nəticədə səhhətində problemlər yaranıb: «Bir dəfə əlində Taleh Bağırzadənin şəkli olub, ona görə tutub karsa salıblar. Adını da qoyublar ki, guya yerini çirkli saxlayır, ona görə cəzalandırılıb. Bir dəfə başqa bir dustaq özünü doğrayıb, qan aparıb onu, yaxın duran olmayıb, Cahad da deyib ki, insan insanı bu vəziyyətə salmaz. Ona görə də cəzalandırıblar».

R.Babakişizadə bildirir ki, oğlu karsda saxlandığı, ondan heç bir xəbər ala bilmədikləri günlərdə Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov onlara yardım edib: «Yoldaşım qızmar yay günlərində Mirsaleh müəllimin qəbuluna gedəndən sonra, sağ olsun, nigarançılığımıza son qoydu, Cahadla telefonla danışıb, səsini eşidə bildik. Yenə Penitensiar Xidmətin rəhbərliyindən kömək istəyirik. Yoldaşım yaşlı adamdır, özüm onkoloji xəstə... Balamın Qobustana köçürülməsinə imkan verməsinlər, onun günahı yoxdur».

Anası deyir ki, 2015-ci il noyabrın 26-da polislər Cahadı tutub aparandan sonra uzun müddət onun haqqında heç bir məlumat ala bilməyiblər. Əməliyyat vaxtı yaralandığına görə Nardaranda onun ölüm xəbəri yayılıb: «Bir ana üçün balanın ölüm xəbəriylə keçirdiyi günlərin ağırlığını sözlə demək mümkün deyil».

Xatırlatma

C.Babakişizadə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama, terrora çağırış və s. əməllərdə təqsirli bilinib məhkum edilsə də, özünü günahkar saymır. Bildirir ki, ittihamlar saxtadır. Məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçirilən gün evdə günorta namazına hazırlaşdığı vaxt qonşuluqda yaşayan Əbülfəz Bünyadovun evi tərəfdən səs gəlib. Nə baş verdiyi ilə maraqlanmaq üçün küçəyə çıxıb o tərəfə gedib və orada qaramaskalı polislər tərəfindən sinəsindən güllələnib. Əlində qumbara olması barədə etiraf ifadəsinə gəlincə, bildirir ki, xəstəxanada reanimasiyada olarkən ona imzalatdırıblar.

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov, müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər. Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG