Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:54

'Nardaran məhbusu'nun durumunun ağır olduğu deyilir


Həbsxana

«Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvü, Nardaran hadisələrinə görə 12 il 6 ay həbs cəzası almış Fərhad Muradovun durumunun ağır olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları deyir ki, Hepatit C xəstəliyindən əziyyət çəkən F.Muradovun şiddətli ağrıları var.

«Amma saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində ona lazimi tibbi yardım göstərilmir. Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac var, ancaq imkan vermirlər. Hepatit C kifayət qədər ağır xəstəlikdir. Vəziyyətinin ciddi olduğunu özləri də başa düşürlər. Niyəsə əhəmiyyət vermirlər. Anlaya bilmirik ki, niyə belə eləyirlər», – yaxınları belə deyir.

«Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımov da F.Muradovun vəziyyətinin kritik olduğunu bildirib:

«Özümüz də şahidik, cəzaçəkmə müəssisələrində tibbi yardım, demək olar ki, yox həddindədir. Ciddi xroniki xəstəlikdən əziyyət çəkən insan daim həkim nəzarətində olmalıdır. Məsul dövlət qurumlarına səslənirik, şərlənərək günahsız yerə həbs edilmiş Fərhad Muradovun ən azı, Müalicə Müəssisəsinə köçürülməsi təmin edilsin. Əks halda, onun həyatına yaranacaq təhlükəyə görə bütün məsuliyyəti Azərbaycan hökuməti daşıyır».

«Həkim rəy versə...»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, məhkumun Müalicə Müəssisəsinə köçürülməsi həkim rəyindən asılıdır: «Həkim rəy versə ki, həmin məhkum cəzaçəkmə müəssisəsində daxilində müalicə oluna bilər, biz onu saxlayırıq. Yox, rəy versə ki, Müalicə Müəssisəsinə köçürülməlidir, biz dərhal bunu yerinə yetiririk. Bununla əlaqədar heç bir problem ola bilməz».

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov da AzadlıqRadiosuna deyib ki, F.Muradova tibbi yardım göstərilməməsi haqda deyilənlər həqiqətəuyğun deyil. Rəis müavininin sözlərinə görə, aprelin 23-də F.Muradovda böyrək sancısı olub və müəssisənin tibb-sanitar hissəsində ona yardım göstərilib:

«Müayinələr keçirilib, yardım göstərilib, böyrəkdəki xırda kristallar düşüb. Vəziyyəti stabilləşib. Bu gün səhər də maraqlanmışıq. Özü də həkimlərə minnətdarlıq edib, bildirib ki, durumu yaxşıdır».

F.Muradovun Hepatit C-dən əziyyət çəkməsinə gəlincə, İ.Qurbanov bildirib ki, onda bu xəstəlik həbsdən öncə olub. Həbsdə olduğu dövrdə də bununla əlaqədar həmişə nəzarətdə saxlanır: «Qaraciyər sınaqları keçirilir, göstəricilər normadadır. Qaraciyəri ilə bağlı ciddi problem yoxdur».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynova 20 il, onlarla birlikdə mühakimə olunan digər 16 nəfərə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvləri, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayev 13 ildən 16 ilədək həbsə məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Nardaran hadisələrinə görə cəzalandırılanların bir qismi, o cümlədən Elçin Qasımov, Zülfüqar Mikayılzadə prezidentin 16 mart 2019-cü ildə imzaladığı əfv sərəncamıyla azadlığa buraxılıb.

XS
SM
MD
LG