Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:48

“Yatmış gözəl” nağılında cinsi təcavüz varmı?


Britaniyada bir ana ibtidai məktəb şagirdlərinə “Yatmış gözəl” nağılının oxunmasının qadağan olunmasını tələb etməklə xəbər başlıqlarına çıxıb və okeanın hər iki tayında geniş debatlara yol açıb.

Sarah Hall adlı qadın təhsil rəsmilərinə göndərdiyi şikayətdə bu nağılın uşaqlara “nalayiq cinsi mesaj” verdiyini bildirirdi.

İngiltərənin Nyukasl şəhərindən olan Sarah xanım yerli Newcastle Chronicle qəzetinə deyib ki, bu nağıl oğlan uşaqlarına yatmış qadını öpməyin “OK” olduğu kimi yanlış bir mesaj verir.

40 yaşlı qadın oğlu Benin oxuduğu məktəbə zəng edərək “Yatmış gözəl” nağılının məktəb kitabxanasından çıxarılmasını tələb edib.

Qadın deyib: “Bu günün cəmiyyətində bu, yolverilməzdir. Mənim oğlumun cəmi altı yaşı var. O yerə nə tökürlərsə, onu da dənləyir. Mən demirəm ki, bu nağıl pis nağıldır. Dediyim odur ki, bu nağılı daha yaşlı uşaqlara oxutmaq daha münasib olardı”.

Sarah Hall-un qaldırdığı məsələ sosial mediada geniş müzakirələrə yol açıb və hətta Atlantik okeanının o tərəfinə də adlayıb.

Bu mübahisəyə qoşulanların bəziləri deyirlər ki, əsl təqsir nağıl kitablarında yox, onları filmə çevirən Disney və ona oxşayan başqa kino studiyalarındadır. Belələrinin fikrincə bu filmlərdə nağıldakı məsum dodaq toxunşları, ehtiraslı öpüş kimi təqdim olunur.

Belə tənqidlərlə razılaşmayanlar deyirlər ki, Disneyin “Yatmış gözəl” filmi nağılın daha qədim versiyalarının yanında toya getməldir.

Məsələn 1634-cü ildə çap edilmiş “Günəş, Ay və Taliya” adlı italyan şeirində “Yatmış gözəl” əhvalatı daha ədəbsiz tərzdə qələmə alınıb.

Bu şeirdə kral, Taliya hələ huşsuz vəziyyətdəykən onunla cinsi əlaqəyə girir və şahzadə ekiz uşaq doğandan sonra yuxudan ayılır.

Telegraph” qəzeti isə elə bu başdan daha hansı nağılların cinsi təcavüz və ya başqa diskriminasiya senzuralarına məruz qala biləcəyi məsələsinə toxunub. Əlbəttə bu təhlildə ədəbi tənqiddən çox istehza var:

Küllücə (Cinderella, rusca Zoluşka)

Küllücə filmindən kadr
Küllücə filmindən kadr

Qəzet yazır ki, Disneyin 1950-ci ildə çəkdiyi “Küllücə” nağılında bu gün köhnəlmiş və müasir dövrə uyğun gəlməyən stereotiplər var. Məsələn, filmdəki şahzadənin bütün problemi ondan qaynaqlanır ki, o ögey övladdır. Qız ögey anaya görə müsibətlərlə üzləşir və nəhayət sevgilisi tərəfindən xilas olunur. Amma müasir dövrdə bir çox ailələrdə ögey valideynlərin ögey uşaqları böyüyür və belə ailələrdə bu kimi filmlərə yaxşı baxmaya da bilərlər.

“Gözəl və bədheybət” (Beauty and the Beast)

“Telegraph” yazır ki, belə getsə, tezliklə Bədheybəti iş yerində cinsi qısnamada ittiham edəcəklər. Çünki burada qoca, eybəcər bir kişi səlahiyyətlərindən istifadə edərək gənc və gözəl işçisinin ürəyini ovlamağa çalışır.

“Balaca su pərisi” (The Little Mermaid)

Ariel öz ayaqlarından şahzadə Erikin qucağına qaçmaq və onunla dərhal evlənmək üçün istifadə edərdi. Amma 2017-ci ildə o yəqin ki, bu ayaqları qaçmaq və Nepalda özünə yoqa sığınacağı tapmaq, rəqəmsal köçəriyə çevrilmək üçün istifadə etməliyidi. Yəni ən salamatı budur.

“Qarca qız və yeddi bambılı” (Snow White and the Seven Dwarves)

"Qarca qız və yeddi bambılı"
"Qarca qız və yeddi bambılı"

Məqalə müəllifinin fikrincə vasvası adamlar bu filmdə yaşlılara nifrət, adamyeyənlik, cinsi ayrıseçkiçilik və icazəsiz öpüş kimi çox sayda əxlaqsızlıq nümunəsi tapa bilərlər.

Müəllif təəccüblənir: Nə əcəb bu qədər kompromatı qoyub “Yatmış gözəl” nağılından başlayıblar?

“Qırmızıpapaq” (Little Red Riding Hood)

“Telegraph” yazır ki, bu qədim nağılın qəhrəmanlarından biri də nənədir. Amma müasir nənələr analar kimi davranırlar. Bu gün qadınların başçılıq etdiyi o qədər ailə var ki, gələcək nəsilləri böyütmək vəzifəsi nənələr ordusunun üzərinə düşür.

Məqalədə oxuyuruq: “Biz uşaqlara belə bir qorxu təlqin edə bilmərik ki, onlar nənələrini tərk etsələr, canavara yem ola bilərlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG