Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:12

15 nəfərin öldüyü yanğına görə müsadirə olunan əmlaklar geri qaytarıldı


Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

Azadliq prospektində yanan binanın söndürülmə anı

Binəqədirayonu, Azadlıq prospektində 16-mərtəbəli binada 15 nəfərin öldüyü yanğına görə həbs olunanların təxminən 7 milyonluq əmlakı müsadirə olunmuşdu. Məhkəmənin hökmündə yazılmışdı ki, yanğından zərərçəkənlərə dəymiş ziyanın ödənilməsi, binanın təmiri dövlət hesabına həyata keçirilib. Ona görə də həmin əmlaklar hərracda satılıb, əldə olunan vəsait dövlətə ödənilməlidir.

Bir neçə ildir ki, üzərində həbs olan əmlaklar arasında Bakının Mərdəkan, Hökməli qəsəbələrində, Gəncədə, Göygöldə hektarlarla torpaq sahələri, fərdi yaşayış evləri və mənzillər, çoxsaylı minik və yük avtomobilləri vardı.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sözügedən əmlakların hamısı sahiblərinə qaytarılıb. Bu barədə Ali Məhkəmə qərar qəbul edib.

Yanğına görə səkkiz nəfər məhkum edilsə də, onlardan ancaq üçü Ali Məhkəməyə şikayət verib. Bunlar binanı poliuretan materiallarla üzləmiş «Global Construction» və həmin üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, onun bacısı oğlu, «Global Stone»nun baş direktoru Uğur Bəşirov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovdur.

M.Mahmudov və U.Bəşirov həm bəraət, həm də əmlakları ilə bağlı müsadirə qərarının ləğvini istəmişdilər. Q.Novruzov isə şikayətində ancaq əmlak məsələsini qoymuşdu. Onun dördillik cəzası artıq başa çatıb. Ali Məhkəmə təkcə bu üç nəfərin yox, şikayət verməyən, amma əmlakı müsadirə olunanların da məsələsinə öz təşəbbüsü ilə baxıb. Bütün əmlakların üzərindən həbsin götürülməsi və sahiblərinə qaytarılmasına qərar verilib.

Bu işdə müdafiə hüququnu həyata keçirən vəkillərdən biri də xəbəri təsdiqləyib.

Xatırlatma

15 nəfərin öldüyü, 50-yə yaxın adamın xəsarət aldığı yanğına görə adları çəkilən üç nəfərdən əlavə, 2012-2013-cü illərdə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, daha sonra icra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil-İstismar Sahəsinin sabiq rəisi Nizami Quliyev, «Global Stone» şirkətində işləmiş Ələkbər Əsgərov, poliuretan məmulatlarının sınaq yoxlamalarını keçirən «Dərnəgül Boru Zavodu» QSC-nin sınaq laboratoriyasının müdiri işləmiş Ağacavad Məmmədov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq baş direktoru Akif Əlibəyov da cinayət məsuliyyətinə cəlb olunmuşdu.

Bu yaxınlarda M.Mahmudov cəzasının yarısını çəkəndən sonra azadlığa buraxılıb.

Sözügedən yanğından sonra Bakıda poliuretan materiallarla üzlənmiş binaların hamısından üzlüklər sökülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG