ABŞ Nümayəndələr Palatasının iki komitəsinin demokrat sədrləri Ağ Evi Ukraynaya yardımın saxlanmasına aid sənədlərin açıqlanmasına çağırıblar.
Bu hadisə hazırda prezident Trump-a qarşı impiçment araşdırmasının mərkəzi məsələlərindən biridir.
Nümayəndələr Palatasının Büdcə Ayırmaları Komitəsinin sədri, xanım Nita Lowey və Büdcə Komitəsinin başçısı John Yarmuth sənədlərin açıqlanmasını sentyabrın 27-də yazılmış məktubla tələb ediblər.
Bu məktubda Lowey və Yarmuth bildirirlər ki, onlar prezident Trump-ın Konqresin Ukraynaya verilmək üçün təsdiq etdiyi 400 milyon dollarlıq yardımı müvəqqəti bloklamaqla səlahiyyətlərini aşmasından narahatdırlar.
Trump bu yardımı həftələrlə ləngitdikdən sonra nəhayət bu ay buraxıb.
Millət vəkilləri Trump-ın və İnzibati-Büdcə İdarəsinin bu vəsaiti nə müddətə və niyə saxladıqları ilə maraqlanırlar.
Trump bu vəsaitin verilməsinin dayandırılmasını Ukraynadakı korrupsiya və Avropanın da Ukraynaya maliyyə töhfəsi verməli olması ilə əsaslandırmışdı.
Trump-a qarşı impiçment araşdırmasına başlamış demokratları Trump-ın bu pulu Ukrayna prezidenti Volodymyr Zelenskiy-ə təzyiq göstərmək məqsədilə saxlayıb-saxlamadığı maraqlandırır.
Trump iyulun 25-də Zelenskiy ilə telefon söhbətində ondan keçmiş vise-prezident Joe Biden-in oğlu Hunter-in Ukraynadakı biznes fəaliyyətinin araşdırılmasını istəmişdi.
Joe Biden 2020-ci il prezident seçkisində Donald Trump-ın əsas rəqibi ola bilər.