Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 12:07

Myanma lideri Aung San Suu Kyi dünya ictimaiyyəti tərəfindən getdikcə daha çox tənqid edilir, ondan rohinca müsəlmanlarına zorakılığın dayandırılması tələb olunub. Son 10 gündə 125 minədək rohincanın Banqladeşə keçdiyi bildirilir.

«Reuters» agentliyi yüzlərlə rohincanın Banqladeşin Şamlapur sərhəd kəndinə qayıqla gəlməsindən yazır.

18 MİLYON DOLLAR ÇATIŞMIR

Myanmanın Kyauk Pan Du kəndindən fermer, 28 yaşlı Salim Ullah «Reuters»ə deyib ki, ordu onların evlərini yandırıb. O, anası, arvadı və iki övladıyla birgə Banqladeşə gəlib.

Beynəlxalq Miqrasiya Təşkilatı humanitar yardımın artırılmasının vacibliyini vurğulayıb. Qurumun bildirməsinə görə, ona və tərəfdaş agentliklərə yeni qaçqınların yerləşdirilməsi üçün qarşıdakı üç ayda 18 milyon dollardan çox vəsait lazımdır.

Avqustun 25-də Myanmanın şimal-qərbindəki Rakxayn ştatında rohinca yaraqlıları polis postlarına və hərbi bazaya hücum edib. Bundan sonrakı toqquşmalarda azı 400 nəfərin həlak olduğu bildirilir. Myanma rəsmiləri və rohinca yaraqlıları zorakılığa görə bir-birini ittiham edir.

On minlərlə müsəlman Birmadan qaçır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

«Bu zorakılıq etnik təmizləmə sayıla bilərmi» sualına BMT-nin baş katibi Antonio Guterres belə cavab verib ki, «bu risklə üz-üzəyik, ümid edirəm, iş o yerə çatmaz».

«MYANMAYA TƏZYİQ GÖSTƏRİLMƏLİDİR»

Əhalisinin çoxu buddist olan Myanmanın təxminən 1.1 milyonluq rohinca müsəlmanıyla bu davranışına görə ölkə lideri Suu Kyu tənqid olunur. Qərb tənqidçiləri onu uzun müddət təqibdən gileylənən bu azlığın müdafiəsindən ötrü səsini çıxarmamaqda qınayırlar.

Myanma bildirir ki, təhlükəsizlik qüvvələri «terrorçular»a qarşı qanuni kampaniya aparır.

Banqladeşin baş naziri Sheikh Hasina-nın siyasi müşaviri H.T.Imam deyib ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) digər üzvləri də İndoneziyaya qoşularaq Myanmaya təzyiq göstərməlidirlər. ASEAN üzvü olan Malayziya isə Myanmanın səfirini çağıraraq zorakılığa görə narazılığını bildirir.

Rusiya şəhərlərində Myanma müsəlmanlarına dəstək aksiyaları keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

«Aung San Suu Kyi-nin utancverici susqunluğu». «The Washington Post» qəzetində dərc olunmuş məqalə isə belə adlanır. Nobel Sülh Mükafatı laureatı olan Suu Kyi Myanmanın de-fakto mülki lideridir. Rəsmi prezident olmasına qadağa var, çünki ailə üzvləri xarici vətəndaşlardır.

ORDUYLA İNCƏ XƏTT

Məqalədə hazırda dövlət müşaviri vəzifəsini tutan Kyi-nin rohinca müsəlmanları məsələsində barışıq mövqeyi sərgiləmədiyi vurğulanır.

«De-fakto lider məsələyə müdaxilə etməlidir – öz yurisdiksiyasında olan hər kəsi qorumalı olan hökumətdən bunu gözləyirik», – BMT-nin Myanmada insan haqları üzrə məruzəçisi Yanghee Lee deyib.

O, son bir həftədə mindən çox rohinca müsəlmanının öldürüldüyünü bildirir.

«Ancaq Suu Kyu bu vəhşiliklər barədə şübhəli şəkildə susur, baxmayaq ki, dünya liderləri, beynəlxalq qurumların təmsilçiləri qəzəbli bəyanatlar verməkdədir. Suu Kyi-nin müdafiəçiləri deyirlər ki, o, orduyla arasındakı incə xətti keçməməlidir, axı, bu yaxınlaradək ordu tərəfindən həbsə atılmışdı və ölkənin buddist millətçiləri də ordunun arxasındadır. Ancaq məsələ təkcə susmaqda deyil. Suu Kyi Myanmanın zorakılıqlar baş verən regionlarına humanitar çıxışa dövlətin qoyduğu məhdudiyyətləri də qaldırmayıb. Hakimiyyət müstəqil medianın Rakxayn ştatında baş verənləri araşdırmasına da icazə vermir», – məqalədə deyilir.

Müəllif böhranın regional münaqişəyə çevrilə biləcəyini yazır. Sülh yoluyla həll tapmaqdansa, «Suu Kyi-nin ofisi nəinki bunu önləməyə çalışmır, bəzi hallarda alovu daha da körükləndirir», – Banqladeşdəki «Fortify Rights» insan haqları qrupunun təsisçisi Matthew Smith CNN-ə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG