Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 19:41

Milyonçunun dilənçi qəsəbəsi- [Fotolar]


►“Evlərin əksəriyyəti 1898-ci illərdə tikilib. Onda fəhlələr yaşayırmış. Sonra başqa adamlar da gəlib. Həmin ərazidə yaşamaq xəstəlikdir”

Bakının məşhur neft milyonçularından Murtuza Muxtarovun adını daşıyan Muxtarov qəsəbəsi neft mədənlərinin, buruqların içində itib-batır.

Burada, az qala, hər evin düz qapısında bir buruq işləyir. Mancanaqların, ora-bura şütüyən yük maşınlarının səsi ətrafı başına götürsə də, qəsəbədə adam gözə dəymir. Bəlkə də güclü yağış yağdığından palçıqlı yollara çıxmağa heç kim risk eləmir. Ona görə qapıları biz döyürük.

“Qızılın bir qramını asfalta çevirib...”

“Kasıb adamlarıq, məcburiyyət üzündən gəlib burda yaşayırıq. Bizə qalan burdakı zəhəri udmaqdır. Yəqin xeyrini böyüklər görüb”.

63 yaşlı Xanım 17 ildir bu qəsəbədə yaşayır. Deyir neft baha da, ucuz da olanda xeyrini görməyiblər:

“Küləkli havada neftin iyini lap çox hiss edirik, bütün günü adamın başı ağrayır”.

Kərəm Əliyev isə deyir, kasıb qəsəbə həmişə kasıb olub – 20 il öncə də, indi də:

“Bir- iki il əvvəl qardaşım latviyalı bir dostunu gətirmişdi bizə. Adı, deyəsən, Yanis idi. Qardaşım ona Bakıda belə bir qəsəbə olduğunu deyəndə inanmamşdı. Gəlib öz gözləri ilə görəndə Yanis dəhşətə gəlmişdi ki, bu yoxsul yerdə qızıl necə çıxır? Yəni çıxan qızılın bir qramını niyə qara asfalta döndərib bu yollara çəkməyiblər? O bunu başa düşmürdü. Düşə də bilməzdi. Ancaq biz buna çoxdan öryəşmişik”.

“Burada adam da yaşayır axı”

Adətən yağış yağanda havadakı kiri-pası da təmizləyir. Ancaq bu qəsəbədə yağan yağış neftin iyini sanki biraz da yaxınlaşdırır. Sakinlər deyir, ən dözülməz vəziyyət yaydadır, iydən evdə də oturmaq çətinləşir.

Qəsəbənin asfaltsız və palçıq yollarında addım atmaq olmur. Eyvaz Nəsirov deyir ki, yollar dağılıb-söküldüyündən maşınla da hərəkət etmək mümkün deyil:

“Məcbur olub maşını satdım. Bu yollarda heç nə tab gətirməz. Düzdür, ərazinin böyük hissəsi mədənlərdir. Amma burada adam da yaşayır axı. Gərək yolu da düzəltsinlər”.

“Əlbəttə, biz də faydası olub”

Qəsəbə sakinlərinin çoxu bu qəsəbəyə Azərbaycanın müxtəlif bölgələrindən gəlib. Vaxtilə çoxu tikintidə fəhləlik eləyib. İndi isə əksəriyyət işsizdir. Çoxu son 2-3 ayda işdən çıxarıldıqlarını deyir:

– Manat ki, ucuzlaşdı, işlər dayandı. İndi işsizəm.

– Tikintidə işləyirdim, daha iş yoxdur. Deyəsən, ailəmi də götürüb rayona qayıtmalı olacağam.

Qəsəbədə kiçik dükanı olan İlqar da gileylənit ki, ikinci devalvasiyadan sonra dükanın qapısının gündə bir-iki adam açır:

“Neft bahalananda bizə də faydası dəyib. O mənada ki, burada yaşayanların çoxu tikintidə işləyirdi. Neft ucuzlaşdı, ikinci devalvasiya oldu, işləyənlərin çoxu işdən çıxdı. Əvvəl mağazadan alver edənlər işlərini itirdiklərinə görə daha heç nə almırlar. Alan da kartof-soğan alır, onu da nisyə yazdırır”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Mədəndə adam yaşamaz”

Ekoloq Telman Zeynalovun fikrincə, Muxtarov qəsəbəsi də digər neftli ərazilər kimi sağlamlığa çox ziyanlıdır:

“Ora ekoloji cəhətdən ən zəhərli ərazilərdən biridir. Nə qədər istəsən, rodon qazı var. Rodon qazı da insan sağlamlığına mənfi təsir göstərir, ürək xəstəlikləri, psixoloji xəstəliklər yaradır. Doğulan uşaqlarda əlillik ola bilər”.

Ekoloq deyir ki, buranın əhalisi köçürülməlidir.

Muxtarov qəsəbəsi Sabunçu rayonu ərazisindədir, özünün isə müstəqil icra strukturları yoxdur. Sabunçu rayon icra hakimiyyətindın bildirdilər ki, qəsəbə həm Sabunçu, həm də Ramana qəsəbələrinin arasında yerləşir. Ona görə də hər iki qəsəbəyə aid sayılır. Sabunçu qəsəbə nümayəndəliyindən dedilər ki, Muxtarov qəsəbəsinin onlara aidiyyatı yoxdur. Ramana qəsəbə icra strukturları bildirir ki, burası Ramana ərazisi deyil, mədəndir. Sadəcə, orda yaşayan əhali sənədə görə onlara müraciət edir.

“Yeni məskunlaşmaya icazə verilmir”

Qəsəbənin icra nümayəndəsi Şamil Alıyev də Muxtarov qəsəbəsinin yaşayış üçün əlverişli olmadığını deyir. Ona görə də yaxın vaxtlarda əhalinin köçürülməsi planlaşdırırlır:

“Ordakı evlərin əksəriyyəti 1898-ci illərdə tikilib. Onda fəhlələr yaşayırmış. Sonra başqa adamlar da gəlib. Həmin ərazidə yaşamaq xəstəlikdir. Adamlar çoxdan məskunlaşıblar. Onlara deyə bilmərik ki, “burada yaşamayın”. Ancaq yeni məskunlaşmaya icazə verilmir. Yollara gəldikdə, mədən ərazisində yol asfalt olmayacaq ki... Çünki orda iri traktorlar işləyir. Düzdür, mərkəzi yolda da narahatlıq var. Yağış dayanan kimi əsaslı təmirə başlanılacaq”.

İcra nümayəndəsi əhalinin qəsəbədən köçürüləcəyi vaxtın bilinmədiyini söyləyir.

Hava qaraldıqca mədənlərin arasında sahibsiz itlərin səs-küyü neft mancanaqlarının səsinə qarışır. Sinəsində zəngin neft buruqlarının yerləşdiyi, milyonçu Muxtarovun adını daşıyan qəsəbə qaranlıqda görünməz olur.

Buna da bax:

Bəs Almaniyada vətəndaş polisə necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:14:18 0:00

XS
SM
MD
LG