Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:41

'Mütəllibov, əlbəttə, təkzib edəcək, bu, cinayət xarakterli addım idi'


A.Mütəllibov
A.Mütəllibov

Bugünlərdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan 27 il ötür.

Sənədi hazırlayan komissiyanın sədri Hacıbaba Əzimov iddia edir ki, prezident Ayaz Mütəllibov onu imzalamazdan öncə mətndə bır sıra dəyişikliklər edilibmiş və beləliklə, o, «saxta sənəd»ə qol çəkibmiş. Eks-prezident AzadlıqRadiosuna açıqlamasında deyilənləri təkzib edir.

«Nə danışırsız? Oradan nəsə çıxarılmayıb. Mənim istəyim olmasaydı, ona ciddi yanaşmasaydım, heç kim məni bu sənədə, Moskvanin əleyhinə qol çəkməyə vadar edə bilməzdi. Bilmirəm onun məqsədi nədir, ancaq belə şey olmayıb qətiyyən», – A.Mütəllibov bildirir.

H.Əzimov isə bu haqda AzadlıqRadiosuna müsahibəsində bunları söyləyib: ​«Şübhələnirdim ki, hakimiyyət qorxduğu bəzi maddələrlə bağlı nəsə edə bilər. Mənə qabaqcadan şərt qoymuşdular, xəbərdarlıq etmişdilər, axı. Ona görə nəzarət edirdim. Sonra məlum oldu ki, Mütəllibova verilən mətn həqiqətən dəyişdirilib, Moskvanı qəzəbləndirə bilən bir çox maddələr oradan çıxarılıb. Baxın, tarixi sənədi saxtalaşdırıblar.

Mütəllibov da saxtalaşdırılmış sənədə imza atıb. İndi fəxrlə deyir ki, Konstitusiya Aktına o imza atıb. Nəsə, mən bunu bildim və Ali Sovetdə məsələni qaldırdım. Komissiya yaradıldı. Azərbaycanın ağsaqqal kişilərindən biri, deputat Tofiq Bağırov sədr oldu, mən də üzv. Sənədi, stenoqramı ortaya qoyduq. Maddə-maddə səsə çıxarılmış sənədlə qəzetdə çıxan sənədi müqayisə etdik və məlum oldu ki, həqiqətən də dəyişdirilib, fərq çoxdur. AS-in sessiyasında məlumat verdik və qərar verildi ki, əsl sənəd bərpa edilsin. Bərpa etdik. Sonradan çap da edildi».

«Qafarovaya dedim, məqamdır, gəlin bu məsələni müzakirəyə çıxaraq»

«Ümumiyyətlə, prezident olaraq mən bu işlə məşğul deyildim. Ali Sovetin tərkibində komissiya işləyirdi. O da (Hacıbaba Əzimovu nəzərdə tutur – A.R.) komissiyanın üzvü idi, mənə müxalifətdə idi, Xalq Cəbhəsinin fəalı idi. Bu sözləri yaymaqla görünür, nəsə qazanmaq istəyir, bu da kişiyə yaraşan hərəkət deyil», – Mütəllibov deyir.

Moskvadakı çevrilişin Bakıdakı əks-sədası
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00
Direct-ə keçid

Keçmiş prezident o günləri belə xatırlayır: «Mən Moskvadan qayıdandan sonra bununla bağlı rəhmətlik Elmira Qafarovaya tapşırıq vermişdim. O zaman Moskvada «QKÇP» hadisələri baş verəndə vəziyyət dəyişdi. Biz də ehtiyatı əldən verməməliydik. Özüm hadisələri Moskvada izləyirdim. Orda barmağımı dişlədim, hiss etdim ki, yeni mərkəz yaranır, bu bizi qane edə bilməzdi. Bizim də başağrımız vardı – Qarabağ. Ona görə hadisələri diqqətlə izləməyə məcburduq. Amma Bakıya qayıdanda Qafarovaya dedim, məqamdır, gəlin bu məsələni müzakirəyə çıxaraq. Hərdən deyirlər ki, biz o biri 13 respublikadan geri qalmışıq. Biz kimdən geri qalırdıq, hara tələsirdik ki?».

Yada salaq ki, 1991-ci ilin avqustunda Moskvada «QKÇP» - Dövlət Fövqəladə Vəziyyət Komitəsi hakimiyyəti qısa müddətə ələ keçirdi. A.Mütəllibovun adından yeni rəhbərlik dəstəklənir.

Sovetlər Birliyində «QKÇP»yə ilk etirazlardan biri Bakıda olur, Azərbaycan Xalq Cəbhəsinin üzvləri mitinq keçirir. Az sonra milis AXC qərargahına hücum edir, xəsarət alanlar olur. Hərçənd A.Mütəllibov deyir ki, o nə «QKÇP»ni dəstəkləyib, nə də aksiyanın dağıdılmasından xəbəri olub, sadəcə, Bakı Şəhər İcra Hakimiyyətinin ovaxtkı rəhbəri Rüfət Ağayev ona qarşı «təxribat törədib»: «Mən xəbər tutanda onu acıladım, dedim, «sənə belə tapşırıq vermişəm? Məni niyə «podvodit» edirsən?’ Yadımdadır ki, Sabir Rüstəmxanlı da başından yaralanmışdı. Mənim əleyhimə altdan-altdan işlər görürlərmiş. Amma Moskvada baş verənləri görəndən sonra Müstəqillik Aktını qəbul etdik, mən də qol çəkdim. Bununla da məsələ bitdi».

E.Məmmədov
E.Məmmədov

E.Məmmədov: «Bəli, belə bir hadisə olmuşdu»

Ali Sovetin ozamankı deputatı, AXC-nin keçmiş üzvü Etibar Məmmədov isə H.Əzimovun dediklərini təsdiqləyir: «Bəli, belə bir hadisə olmuşdu. Müstəqillik Aktının maddə-maddə səsə qoyulub qəbul edilən mətni sonradan çapa gedərkən Prezident Aparatında ona dəyişiklik edilmişdi. Qanun buna yol verməsə də. Son mətn necə qəbul olunubsa, elə də qalmalıdır. Amma Prezident Aparatında ona dəyişiklik edilmişdi. Üstü açılandan sonra bu, böyük bir narazılığa səbəb oldu. Yenidən əvvəlki vəziyyətinə qaytarıldı».

​Mütəllibovun bu söylənilənləri təkzib etməsinə gəlincə, E.Məmmədov «əlbəttə, təkzib edəcək, bu, cinayət xarakterli bir addım idi və Prezident Aparatı tərəfindən atılmışdı», – deyə bildirir.

O, konkret hansı maddələrin dəyişdirildiyini dəqiq xatırlamasa da, kifayət qədər ciddi dəyişikliklər edildiyini, əsasən də Rusiya ilə, işğal faktoru ilə bağlı maddələrdə dəyişikliklər edildiyini vurğulayır.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

S.Rüstəmxanlı: «Sənədin adında «Dövlət müstəqilliyinin bərpası» ifadəsini qəbul etmək istəmirdilər»

Keçmiş deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının sözlərinə görə, o illərdə buna bənzər çox belə hadisə olub və nəticədə bir çox sənədlərlə bağlı sonradan qarşıdurmalar yaranıb. O, Konstitusiya Aktının adından tutmuş, bir çox müddəalara qədər dəyişikliklər edilməsinə cəhdlərin olduğunu bildirir: «Sənədin adında «Dövlət müstəqilliyinin bərpası» ifadəsini qəbul etmək istəmirdilər. Konstitusiya Aktının daha loyal olmasına, Moskvadan ehtiyat edərək müstəqilliklə bağlı bəzi maddələri yumşaltmağa, sonradan Konstitusiyamızda yer tapmış bəzi formatları dəyişməyə çalışırdılar. Təbii ki, sonradan bu cəhd bəlli oldu və sənəd bərpa edildi».

Bununla bağlı birbaşa göstəriş A.Mütəllibova aid idi? Ya onun iradəsindən kənar belə addım atılması mümkün idi? «Bilmirəm kimin göstərişi idi. Amma rəsmi dairələrin, iqtidarın öz hüquqşünasları vardı, onlara tapşırıq verilirdi, bu işi onlar görürdü», – deyə Rüstəmxanlı AzadlıqRadiosunun sualını cavablandırır.

O zaman Ali Sovetin üzvü olan bəzi siyasilərsə bu məsələyə münasibət bildirmək istəmədilər.

İstiqlalçı deputatlar. 18 oktyabr 1991
İstiqlalçı deputatlar. 18 oktyabr 1991

E.Məmmədov: «Sənədin bir müəllifi var – Azərbaycan xalqı»

27 yaşı tamamlanan Konstitusiya Aktı ətrafındakı dartışmalardan biri də onun müəllifləri ilə bağlıdır. E.Məmmədov hüquqşünas Fuad Ağayevi sənədin müəlliflərindən biri kimi təqdim etsə də, H.Əzimov bununla razılaşmır. O hesab edir ki, F.Ağayev deputat olmadığından qanunvericilik təşəbbüsü ilə çıxış edə bilməzdi. Amma bunu da söyləyir ki, E.Məmmədovun təqdim etdiyi layihədən iki maddə sənədə əlavə olunub.

E.Məmmədov isə hesab edir ki, mübahisənin yeri yoxdur, sözügedən sənəd kollektiv əməyin məhsuludur.

«18 oktyabrda müzakirəyə çıxarılan variantın hazırlanmasında Prezident Aparatının da, Ali Sovetin də hüquqşünasları iştirak etmişdi. Hacıbaba müəllim də həmin komissiyanın sədri idi. Bizim partiyanın adından Fuad Ağayev alternativ layihə hazırlamışdı. Mən də onu öz adımdan Ali Sovetin müzakirəsinə vermişdim. Sonra qərara alındı ki, hər iki variantdan istifadə olunub ortaq layihə hazırlansın. Hacıbaba müəllimin dediyi kimi, bəzi maddələr ora salındı. Fuad Ağayev də o komissiyanın işində iştirak edirdi. Yəni hər kəsin haqqını vermək lazımdır. Hacıbaba müəllimin də əziyyəti var orda, Fuad Ağayevin də, Şahin Əliyevin də, Niyazi Səfərovun da, başqalarının da. Ayrıseçkilik etməyə ehtiyac yoxdur. Sənədin bir müəllifi yoxdur, onun ümumi müəllifi Azərbaycan xalqıdır», – E.Məmmədov söyləyir.

1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsi, 1991-ci ilin 18 oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Bununla da, 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətin varisi olduğunu bəyan edən Azərbaycan dövlət müstəqilliyini bərpa edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG