Milli Məclisə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsinin təqdim edildiyi bildirilir.
Bu barədə "Turan" İnformasiya Agentliyinə parlamentdən məlumat verilib.
Milli Məclisdən bildirildiyinə görə, layihədə, əsasən, Respublika Gününün (mayın 28-i) adının dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (oktyabrın 18-i) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunur.
Layihənin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəsi gözlənilir. Əgər layihə bəyənilərsə, daha sonra parlamentin plenar iclasında müzakirəyə çıxarıla bilər.
İndiyə kimi Azərbaycanda mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.
1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. 1991-ci il oktyabrın 18-də isə Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib. Orada yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.
Bu layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını bildiriblər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid ediblər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədiblər.