Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 04:48

Elxan İsgəndərov həbsdən buraxılmadı


Tale Bağırzadə və tərəfdarları

Martın 18-də məhkəmələrin iş günü olmamasına baxmayaraq, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Elxan İsgəndərovun həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayət ilkin istintaq dövrü üçün onun barəsində 3 ay 11 günlük həbs-qətimkan tədbiri seçilməsi haqda martın 16-da Nəsimi Rayon Məhkəməsində çıxarılmış qərardan verilib.

Buna da bax: Taleh Bağırov: 'Məni öldürəydi, toka verəydi...'

“HEÇ YERƏ QAÇIB GİZLƏNMƏYİB”

Bakı Apellyasiya Məhkəməsində şikayətə Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyəti baxıb. Vəkil Fariz Namazlının AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmədə Elxan İsgəndərov özü də iştirak edib. O, heç bir cinayət törətmədiyini, ittihamları qəbul etmədiyini deyib.

Vəkil də həbs qərarının əsassız olduğunu bildirib və İsgəndərovun azadlığa buraxılmasını istəyib.
Amma hakimlər qısa müşavirədən sonra qərarın qüvvədə saxlanıldığını elan edib.

Vəkil Fariz Namazlı
Vəkil Fariz Namazlı

Fariz Namazlı həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcək.

"İşdə belə təqdim olunub ki, 2015-ci il noyabrın 26-da Nardaranda məlum hadisələrdən sonra Elxan İsgəndərov qaçıb gizlənib, onun haqqında axtarış qərarı çıxarılıb. Halbuki, o, Nardaran hadisələri baş verən zaman da, ondan sonra da evində olub, heç yerə qaçıb gizlənməyib. Bu müddətdə onu heç kim axtarmayıb. Bu adam heç bir cinayət törətməyib, Müsəlman Birliyi Hərəkatının sifarişiylə “Vəhdət” futbol turniri təşkil edib", – Fariz Namazlı belə deyib.

Hazırda Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında saxlanılan E. İsgəndərov vəkilinə ona işgəncə verilmədiyini deyib.

Buna da bax: Tale Bağırov məhkəmədə Ənvər Seyidov haqqında danışıb

XATIRLATMA

Elxan İsgəndərov Taleh Bağırovun rəhbəri olduğu Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin azadlıqda olan sonuncu üzvü idi. Martın 14-də gecə saatlarında polislər onu evindən aparıblar. E. İsgəndərova Cinayət Məcəlləsinin 10 maddəsi əsasında ittiham irəli sürülüb. Onların arasında terrora cəhddən tutmuş, silahlı qrup yaratma və hakimiyyəti zorla ələ keçirməyədək ağır maddələr var.

Nardaran əməliyyatından sonra həbs olunan və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən 24 nəfər də eyni maddələrlə suçlanırlar.

Əməliyyat günü həbs olunan Taleh Bağırov və daha 16 nəfərə isə bu maddələrlə yanaşı, qəsdən adam öldürmə ittihamı da verilib. Onların məhkəməsi yanvarın 25-də yekunlaşıb, yaxın vaxtlarda apellyasiya şikayətlərinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG