Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:59

Milli Şura mitinq israrını sürdürür


Bakı meriyası

Milli Şura dünən, aprelin 3-də Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) mitinq istəyi ilə bağlı yenə mənfi cavab aldıqdan sonra növbəti aksiya qərarını verib. Yeni mitinqin vaxtı aprelin 20-nə təyin edib.

Milli Şuradan AzadlıqRadiosuna bildiriblər ki, bununla bağlı müraciət bu günlərdə BŞİH-ə göndəriləcək. Təşkilatçılar vurğulayıb ki, aksiyanın şüarları dəyişməyib. Orada əsasən «Siyasi məhbuslara azadlıq», «Korrupsiya və talana yox» şüarlarını səsləndirib, uşaqlara aylıq müavinətin verilməsi məsələsini gündəmə gətirmək niyyətindədirlər. Qanunvericiliyə görə, BŞİH Milli Şuranın müraciətindən sonra ona cavab verməlidir.

Müsavat və Milli Şuranın aksiyaları yenə 'məqsədəuyğun' sayılmadı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 7-də kütləvi aksiya keçirməklə bağlı müraciətinə bu gün, aprelin 3-də cavab verib. Qurum yenə aksiyaya razılıq verməyib.

Cavabda deyilir ki, təklif edilən marşrutlarda nəqliyyatın sıxlığı müşahidə edilir:

“Həmin gün bu küçələrin bağlanması tələb olunacaq və nəticədə tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxarcaq”.

Eyni zamanda məktubda bildirilir ki, həmin gün Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı təyin edib, üstəlik yürüşdən ötrü müəyyən edilən küçədə əhali sıx hərəkət edir.

BŞİH bildirir ki, “Sərbəst toplaşmaq azadlığl haqqında” qanuna uyğun olaraq yığıncaqların, mitinqlərin keçirilməsindən ötrü açıq və qapalı yerlər müəyyən edilib. Qurum qeyd edilənlər səbəbindən planlaşdırılan aksiyanı məqsədəuygun hesab etmir.

Partiya aksiya ilə bağlı 3 marşrut göstərmişdi. Bunlar metronun “Azadlıq” stansiyasından “Dərnəgül” stansiyasınadək yürüş və mitinq. Habelə, metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionunadək yürüş və mitinq. Ən nəhayət metronun “Gənclik” stansiyasının çıxışı – Tofiq Bəhramov adına stadionun qarşısındakı meydanda mitinq.

Partiya rəhbərliyi deyirdi ki, aksiyanı “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşma azadlığı təmin edilsin!”, “Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!” və başqa şüarlar altında keçirməyi nəzərdə tuturlar.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, aksiyanın keçirilməsinə icazə verilməməsi Azərbaycan hökumətinin növbəti qanunsuz addımı, sərbəst toplaşmaq azadılığı hüququnu tanımaq istəməməsidir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bundan əvvəl, Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqə də razılıq verməmişdi.

BŞİH onda da cavabını yürüş-mitinqdən ötrü seçilən marşrutlarda nəqliyyatın sıx hərəkət etməsi ilə əlaqələndirmişdi.

Milli Şuraya da razılıq verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın isə aprelin 6-na təyin etdiyi aksiyaya müsbət cavab verməyib. Bu barədə Azadlıq Radiosuna quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sıdri Nurədin Məmmədli məlumat verib

O, BŞİH in aksiyaya icazə verməməsi səbəblərinə də aydınlıq gətirib:

“BŞİH yox cavabını “Məhsul” stadionunda keçirmək istədiyimiz aksiyanın sakinlərin “narahatlığına səbəb olması” ilə əsaslandırıb”.

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn isə şəhər rəhbərliyinin cavabını ironiya ilə qarşılayıb. “İslahatlar sürətlə getdiyinə görə, mitinqi məqsədəuyğun hesab etmədilər”, deyə o qeyd edib.

Milli Şuranın aksiyasında da oxşar şüarların səslənəcəyi gözlənirdi.

“Mitinqin başlıca tələbləri siyasi məhbusların azadlığı, korrupsiya yolu ilə ölkədən oğurlanmış vəsaitlərin geri qaytarılması və hazırda əhalinin böyük ehtiyac duyduğu uşaq pullarının verilməsindən ibarətdir”, deyə Milli Şuranın sədri Cəmil Həsənli Azadlıq Radiosuna bildirmişdi.

Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Amma prezidentin bu il martın 16-da imzaladığı əfv sərəncamına siyasi məhbus hesab edilən şəxslərdən də 50-dən çoxu düşüb.

Hazırda, yerli hüquq müdafiəçilərinin açıqlamasına görə, cəzaçəkmə müəssisələrində, hələ də 80 civarında siyasi məhbus qalmaqdadır.

Hakimiyyət rəsmiləri üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Azərbaycanda 2006-cı ildən ünvanlı sosial müavinətlərin verilməyə başlanması ilə uşaqlara aylıq müavinətlərin verilməsi dayandırılıb.

Bundan əvvəl Milli Şuranın 3 aksiya müraciətinə " yox" deyilib.

BŞİH bu il bundan əvvəl Milli Şuranın üç dəfə aksiya istəyinə müsbət cavab verməyib. Qurum bu cavablarını Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da gerçəkləşən aksiyanın kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

Xatırlatma

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da «bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı ilə aksiya keçirmişdi.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.

Yanvarın 22-də Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG