Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:24

Arif Hacılı yenidən Müsavat başqanı seçilib


Tofiq Yaqublu, Arif Hacılı (ortada) və Yadigar Sadıqlı, 13 oktyabr 2019
Tofiq Yaqublu, Arif Hacılı (ortada) və Yadigar Sadıqlı, 13 oktyabr 2019


Müsavat Partiyasının IX qurultayında səsvermənin nəticələri elan edilib.

Səsvermənin nəticələrinə görə Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçilib. Digər namizədlərdən səslərin sayına görə,Tofiq Yaqublu ikinci,Yadigar Sadıqlı isə üçüncü olub.

***

Qurultayda qarşılıqlı cavablar...

Qurultayda partiyanın keçmiş başqan İsa Qəmbərlə Müsavat başqanlığına hazırkı namizədlərdən Tofiq Yaqublu və Yadigar Sadıqlı arasında mübahisə də düşüb.

Namizədlərin çıxışından sonra İsa Qəmbər fikir bildirib. Bu zaman Yadigar Sadıqlı və Tofiq Yaqublu buna etiraz edib. İsa Qəmbər isə bildirib ki, ona çıxışlarda hücüm olub, ittiham edilib, buna 2 dəqiqə cavab vermək hüququ var.

Tofiq Yaqublu isə deyib ki, o halda onların da cavab vermək hüquqi yaranacaq. İsa Qəmbər onların da bu hüququnun tanınacağını söyləyib.Tofiq Yaqublu isə deyib ki, bu prosesin yarısında qaydaların dəyişməsi olcaq.

Arif Hacılı da müzakirəyə qoşulub. O, qurultay nümayəndələrinin çıxışına qadağa qoyulmasının doğru olmadığını və namizədlərin dediklərində yanlış məqamların yer aldığını söyləyib . Amma buna cavabı internet vasitəsilə verəcəyini qeyd edib.

Daha sonra çıxışların başa çatdığı qeyd edilib və səsvermə prosesi başlayıb.

Müsavat partiyasının 9-cu qurultayında keçmiş başqan İsa Qəmbərlə iki namizəd arasında narazılıq
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

***

Qurultay başlayandan sonra ilk olaraq hazırkı başqan və namizəd Arif Hacılı ötən 5 illik fəaliyyəti haqqında hesabat verib. Daha sonra partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın çıxışı dinlənilib. Bundan sonra partiya başqanlığına namizədlər öz platformaları, başqan seçilərlərsə hansı işləri görəcəklərindən danışıblar. .

“Müsavatın zəifləməsi barədə fikirləri qəti qəbul etmirəm”

Başqanlığa namizəd Arif Hacılı ölkədəki mövcud vəziyyəti SSRİ-nin L.Brejnev hakimiyyətinin son illərinə bənzətdi. O, partiyaya gənclərin və xanımların cəlb olunmasının vacibliyini vurğuladı:

“Biz bu istiqamətdə müxtəlif işlərə başlamışıq və indiki komandayla davam etdirmək niyyətindəyik. Əgər, minimum demokratik şərtlərlə seçkilər keçirilərsə, qalib gələ bilərik. Müsavatın zəifləməsi barədə fikirləri qəti qəbul etmirəm. Hazırda, hakimiyyətin yaratdığı qeyri-bərabər şəraitdə partiyanın strukturlarını və nüfuzumuzu qoruyub saxlamışıq. Mən partiyanın başqanı olaraq üzərimdə olan məsuliyyəti dərk edirəm, Müsavat Partiyası yalnız Azərbaycanda yaşayan azərbaycanlıların yox, dünyada olan 50 milyonluq bütöv bir xalqın partiyasıdır”.

O vurğulayıb ki, növbəti 4 illdə də partiyanın başqanı olmağa özümü güclü və sağlam hesab edir.

“ Bu dəqiqə İlham Əliyevin ən çox qorxduğu...”

Tofiq Yaqublu isə deyib ki, narazı olduğu bəzi məqamlara görə, namidəzliyini irəli sürüb. Onun vurğulamasına görə, partiya bəzi məsələlərdə geriləyib:

“ Partiyanı 1992-ci ildən İsa bəy ( İsa Qəmbər-red) , ardınca Arif bəy ( Arif Hacılı-red) idarə edib, yəni eyni komanda olub, indi yeni idarəetmə üsul və nəfəs gəlməlidir. Çünki biz inqilabi zəminin yetişdiyi ölkədəyik, mən özümü dəyişiklilərə hazır sayıram. Komunist Partiyasından 20 yanvar faciəsindən bir il əvvəldən uzaqlaşmışam, birinci Qarabağ savaşında bölük komandiri olmuşam, o cümlədən, siyasi proseslərin önüdə olmuşam...”

Onun fikrincə, Müsavat Partiyası potensialına görə yerində deyil, geriləyib. Yaqubluya görə, əvvəlki illərdə hökumət bütün resursları İsa Qəmbərə qarşı yönəldib, indi isə həmin ünvan dəyişib:

“ Biz zəifliyimizi görməli və deməliyik.... Partiya real qüvvələrlə əməkdaşlığı üstün tutmalıdır, əks təqdirdə alınmayacaq. Bu dəqiqə İlham Əliyevin ən çox qorxduğu AXCP ilə Müsavatın bir yerdə olmasıdır”.

Müsavat Partiyasının başqanı olarsa, müxalifətin real birliyi yaranacağını deyən Tofiq Yaqublu xaricə gedən partiya üzvlərinə verilən arayışlarla bağlı məsələyə də toxunub. O deyib ki, partiyanın Divan üzvləri xaricə gedənlərin arayışları ilə tanış ola bilmir...

“Namizəd olmağımın əsas səbəbi...”

Digər namizəd Yadigar Sadıqlı da bildirib ki, bu gün Müsavat Partiyasının ən güclü olmadığı etiraf edilməlidir:

“Bunu 5 il əvvəllə, yaxud 2003-cü illə müqayisə etməliyik. Biz diaqnozu qoyub vəziyyətdən çıxmağın yollarını axtarmalıyıq...”

Yadigar Sadıqlının sözlərinə görə, partiyanın aksiyaları kütləviliyi ilə fərqlənmir. O vurğulayıb ki, partiyada dəyərli və fədakar gənclər var, amma sayları azdır:

“ Hörmətli başqan gənclərin cəlb edilməsi haqda tədbirlər planı hazırlayacağı vədini edirdi, bəs indiyə qədər nə mane olurdu bu planı hazırlmağa? Mənim isə belə bir planım var...”

Onun fikrincə, Müsavat Partiyasını dəyişməyin yolu yeni idarəetmədən və rəhbərlikdən keçir:

“... Yeni nəsil, etirazçı nəsil yetişir. Əgər mən başqan olaramsa, həmin gənclərin partiyaya gəlməsi üçün çalışacam. Namizəd olmağımın əsas səbəbi dəyişikliklərin yeganə yol olmasını istəməyimdir. Sizə xeyli dərəcədə yenilənmiş, kollektiv şəkildə idarə olunan Müsavat vəd edirəm...”

***

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda Müsavat Partiyasının IX qurultayı başlayıb.

Qurultayda partiya başqanının seçkisi gözlənir.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya, əsasən, mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.

Hazırda IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoyub. , Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılıdır.

Müsvat başqanlığına namizədlər Tofiq Yaqublu (solda), Arif Hacılı və Yadigar Sadıqlı, 13 oktyabr 2019
Müsvat başqanlığına namizədlər Tofiq Yaqublu (solda), Arif Hacılı və Yadigar Sadıqlı, 13 oktyabr 2019

Müsavat partiyasının 9-cu qurultayı
Müsavat partiyasının 9-cu qurultayı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG