Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Murad Ədilov bildirib ki, saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində incidilir. Bu haqda onun qardaşı, Avropaya mühacirət etmiş Natiq Ədilov məlumat yayıb.
Onun bildirməsinə görə, Murad Ədilov bu gün, noyabrın 2-də evlərinə zəng edib:
“Deyib ki, onu 10 saylı cəzaçəkmə müəssisəsində incidirlər. Müəssisənin böyük nəzarətçisindən şikayətlənib. Həmin şəxsin qısa müddətdə ona 3 dəfə töhmət verdiyini bildirib. Murad deyib ki, “faktiki məni ölüm həddinə çatdırır”.
Qardaşının deməsinə görə, Murad Ədilov yaxınlarından məsələnin ictimailəşdirilməsini, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Ombudsmana müraciət edilməsini istəyib
Natiq Ədilovun sözlərinə görə, bununla bağlı əlaqəli qurumlara rəsmi müraciət də göndərəcək.
Penitensiar Xidmət nə deyir?
Ədliyyə Nazirliyinin Pentiensiar Xidməti isə Murad Ədilovun durumu ilə bağlı hər hansı açıqlama verməyib.
“Turan” agentliyinin xəbərinə görə, onların müraciətlərinə cavab olaraq Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov vurğulayıb ki, hər hansı məhbusun əlaqəli instansiyalara şikayət etmək hüququ var.
Mehman Sadıqovun sözlərinə görə, belə müraciətlər birmənalı olaraq araşdırılır.
Xatırlatma
Murad Ədilov 2014-cü il avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.
O, ittihamları qəbul etmir, həbsini, əsasən, qardaşı Natiq Ədilovun fəaliyyəti ilə bağlayır.
Qardaşı Natiq Ədilov “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir.
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Murad Ədilovu “vicdan məhbusu” elan edib.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.